"Bostandan çıxıb toya gedirdim" - Elnarə

"Bostandan çıxıb toya gedirdim" - Elnarə
2186 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kənd qızı şəhər həyatına alışmayıb. Necə var idi, elə də qalıb. Yaşadığım həyətdə kənd ab-havası yaratmışam".

Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva Milli.Az-a müsahibəsi zamanı deyib. Müsahibəni sizə təqdim edirik:

- Məşhurların əksəriyyəti hündürmərtəbəli binalarda yaşayır. Həyət evində yaşamaq öz istəyiniz idi, yoxsa buna məcbur oldunuz?

- Mən bina evində yaşaya bilmərəm. Bir dəfə getdik bina evi almağa, yarıyoldan qayıtdıq. Mərtəbələri çıxanda başım gicəlləndi.

- Keçmişi tez-tez düşünürsünüz?

- Hər insan keçmişinə rahat baxa bilmir. Oğul axtarıram ki, keçmişinə baxıb, səhvlərini görməsin. Mən keçmişə rahat baxıram.

- Heç səhviniz olmayıb?

- Xeyr, heç vaxt!

- Axı səhvsiz insan olmur...

- Həyatımda məni utandıran səhvlər olmayıb. Mən doğulandan elə qoca olmuşam, cavan olmamışam.

- Bəzən deyirlər ki, Elnarə xanım kişi kimi qadındır. Bu söz sizə pis təsir etmir ki?

- Hər bir qadın kişi kimi görünə bilər, amma o hər şeydən öncə zərif qadındır, anadır. Mən kişi işini də görərəm, qadın işini də. O vaxt olsaydı, yəqin ki, Həcər kimi at belində olardım.

- Müsahibələrinizin birində demisiniz ki, bir geyimi dəfələrlə geyinirəm.

- Bəli, yeri gələndə 50 dəfə geyinirəm. Niyə də geyinməyim ki? Gedim kimdən alım paltar? Mən geyimdən utanan insan deyiləm.

- Hansı illəriniz üçün daha çox darıxırsınız?

- Məktəb illərim, müəllimlərim üçün çox darıxıram. 9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram.

- Əksər müğənnilərin toydan əlavə biznesləri də olur. Bəs sizin necə, biznesiniz var?

- İstəyərdim, amma buna vaxtım yoxdur. Biznesim olsaydı, yaxşı təsərrüfatçı olardım. Əlimə götürdüyüm hər bir işi yarıdıram. Əgər sənətim olmasaydı, mən ticarətlə də məşğul ola bilərdim.

- Ailədə sizdən başqa kimin yanıqlı səsi var?

- Bizdə bütün ailənin yanıqlı səsi var. Həm atamın, həm anamın, bacılarımın, qardaşlarımın. İndi də bir-birimizin evinə yığışanda bacılarımla səs-səsə verib oxuyuruq. Görünür, müğənni olmaq mənim qismətimdə var imiş. Allah məni çox istədi ki, sənətimlə onların üzünü ağ etdim.

- Məşhurlaşmağınızda bəstəkar Asif Kərimovun də rolu olub. Neçə ildir ki, birgə çalışırsınız?

- Biz 15 ildir ki, birgə çalışırıq. İlk konsertimiz də 2015-ci ildə olub. Daha sonra 3 il ard-arda böyük saraylarda konsertlər verdik. 1995-1996-cı illərdə mən artıq məşhur idim. Sadəcə olaraq, ailə həyatımla bağlı sənətimə fasilə verdim, bir az unuduldum. Sənətə qayıdandan sonra yenidən Asif Kərimovla çalışdım və məşhurlaşdım.

- Çox əsəbi xanımsınız. Daha çox nəyə əsəbləşirsiniz?

- Mən, ümumiyyətlə, heç kimin qəlbinə dəyən insan deyiləm. Əsəbiləşəndə hisslərimi cilovlaya bilirəm. Elə vaxt olur ki, çılğınlaşıram. Baxır da nəyə əsəbiləşirəm. Haqsızlığa, saymamazlıqa, sözünün üstündə durmayan insanlara əsəbiləşirəm.