"Yüngül əxlaqlı qadın rolu oynamamışam" - Naibə Allahverdiyeva

"Yüngül əxlaqlı qadın rolu oynamamışam" - Naibə Allahverdiyeva
3221 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Naibə Allahverdiyevanın Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Naibə xanım, yay istirahətiniz necə keçdi?

- Mən bütün yayı Nabrandakı evimdə oldum. Demək olar ki, yay istirahətim yaxşı bitmədi. Çünki mənim itimi oğurladılar. 7 ildir ki, mən o itə sahiblik edirdim.

- Nabrandakı evdir, yoxsa villa?

- Mən uzun zamandır ki, orada torpaq sahəsi almışdım. Torpaq sahəsini alanda ora çox pis vəziyyətdə idi. Villa deyil, yarıtikili evdir. Hələ heç tam hazır da deyil. Nabranın havasını mənə həkimlər məsləhət gördü. Çünki oranın havası mənə düşür.

- Keçən il sizin üçün çox çətin il oldu. Həm ananızı itirdiniz, həm də müəyyən psixoloji sarsıntılar keçirdiniz. Depressiyadan necə çıxdınız?

- Məni həmişə Allah qoruyub, o çətin anlarımda da Allah yanımda oldu.

- Elə bir dostunuz, rəfiqəniz olmadı ki, sizə dəstək olsun?

- Təbii ki, insana ürək-dirək verənlər çox olur. Sağ olsunlar yanıma gəlib-getdilər. Mən qapalı insanam, həmişə həyatda özüm ayaq üstə durmağı bacarmışam. Bircə onu demək istəyirəm ki, kim olursansa ol, əsas can sağlığın olsun. Hər zaman olduğu kimi özüm-özümü ayağa qaldırdım. Bu uşaqlıqda da belə idi, indi də. Mən ana-ata himayəsində böyüyən nazlı-duzlu uşaqlardan olmamışam.

- Gözləriniz doldu...

- Bu, mənim özümdən asılı deyil. Mən uşaqlıq görməmişəm. Ona görə də kövrək qəlbliyəm. Uşaq olmaq istəyirəm, qayğısız olmaq istəyirəm. Uşaqlar hər şeyə mavi gözlə baxır, həyatı sevir, həyatdan zövq alır. İnsan uşaqlığını itirəndə kinli, əsəbi olur.

- Həyatda kimə qarşı kininiz var?

- Mən heç kimə kin saxlamıram. Sadəcə olaraq, mən yaralanıram. Unutmuram, həmişə yaralı qalıram. O insanlara pislik etmək fikrim də yoxdur.

- Deyirsiniz ki, nazlı-duzlu uşaq olmamışam. Ümumiyyətlə, sizə sonradan gözəl həyat yaşadan oldu?

- Xeyr!

- Siz axı sevgi dolu xanımsınız.

- Ola bilsin ki, məni sevən var. Onun dediyinə görə...(gülür). Nə isə... Mən o nazı-duzu heç vaxt yaşamamışam. Hamı mənə deyir ki, nazlı xanımsınız. Bu, mənim içimdədir. Övlad öz anasının yanında naz edir, anası onun başından sığal çəkir, atası öpüb-qucaqlayır. Mən onu görməmişəm.

- Sizin bu dedikləriniz məndə elə təəssürat yaratdı ki, siz şəxsi həyatınızdan gileylənirsiniz.

- Mən, ümumiyyətlə, şəxsi həyatım haqqında danışmaq istəmirəm.

- Qadağa qoyublar?

- Xeyr, sadəcə, istəmirəm danışım. Mənim öz dünyam  var.

- O dünyanıza kimləri daxil etmirsiniz?

- Mənim dünyamda bir təkcə özüm varam.

- Başqa insana orada yer yoxdur?

- Mənim dünyam özümlə danışdığım, dərdləşdiyim bir dünyadır. Məni özüm qədər anlaya biləcək, dərdimə çarə qılacaq ikinci bir insan yoxdur!

- Mən bilirəm ki, siz ananızla rəfiqə olmusunuz. Bəs qızınız Məryəm sizinlə dostdur, yoxsa yox?

- Qızım məni hədsiz dərəcədə çox istəyir. Mənim qızımın öz həyatı var, istəmirəm ki, mənimlə çox maraqlansın. Mən istəmirəm ki, problemlərimlə onu incidim. Qızım məndən çox fərqlidir, realistdir.

- Ailə həyatı qurarkən qızınız narazılıq etdi?

- Xeyr, mənim qızım narazı olmadı. O, həmişə deyirdi ki, mən çıxıb ərə gedəcəyəm, sən özünə ailə həyatı qur.

- Ailədən, sənət yoldaşlarınız tərəfindən qınandınız?

- Niyə qınamalıdırlar ki? Kimin nə ixtiyarı var ki, kimisə qınasın?! Hər kəs öz həyatını yaşayır. Mən bu gün xəstələnib, yatağa düşəndə kimsə bəlkə gəlib mənim qapımı döyəcək? Yoxsa kimsə mənə bir tikə çörək verəcək?! Mən cavan qadınam, niyə də evlənməzdim ki? Mənə hamı deyirdi ki, sən tək qadınsan, evlən. Düzdür, bəzi ağzıgöyçəklər yazıb-pozdular. Onların fikri məni qətiyyən maraqlandırmır!

- Həyat yoldaşınız buna əsəbləşmir?

- Mənim həyat yoldaşım, ümumiyyətlə, sosial şəbəkələrdə yoxdur. O, mənə də tövsiyə edir ki, bu cür söz-söhbətlərə fikir verməyim.

- Əsas odur ki, siz onunla xoşbəxtsiniz?

- Mən bu mövzu barədə danışmaq istəmirəm.

- Həyatda hansı peşmanlığınız var?

- Bəli, var! Amma deməyəcəm ki, nədir.

- Sənətlə bağlıdır?

- Xeyr, mən həyata ikinci dəfə də gəlsəydim, bu sənəti seçərdim. Çünki ən yaxın adamlarım belə məni ağuşuma almayıb, amma bu sənət məni ağuşuna alıb. Bu sənət məni hörmət sahibi edib, insanlara sevdirib.

- Həmkarlarınız deyir ki, bu sənət vəfasız sənətdir. Bəzən sizin kimi illərini sənətə qurban verən aktrisalar kənarda qalır, sizdən sonra gələnlər artıq sizi üstələyir.

- Hər aşiqin bir dövranı var.

- Sizin dövranınız keçib ki?

- Xeyr, mənim dövranım keçməyib. 30 ildir ki, mən bu məşhurluğu qoruyub saxlayıram.

- Gündəm sözünü qəbul edirsiniz?

- Xeyr, mən gündəm sözünü qəbul etmirəm. Təbii ki, məşhur adam gündəmdə olmalıdır, unudulmamalıdır. Amma səviyyəli şəkildə gündəmə gəlməlidir. Mən çox istərdim ki, televiziyalarımızda senzura olsun. Televiziya insanlara mədəniyyət bəxş etməlidir. Bəzən reytinq xətrinə efirdə elə hoqqalardan çıxırlar ki, bu, nə onların müğənniliyinə, nə də aparıcılığına yaraşır. İnsan, ilk növbədə, özünə hörmət etməlidir. Elə bir hərəkət edərəm ki, bütün Azərbaycan məndən danışar. Mən burada tamaşaçılarda da günah görürəm. Əsl sənət adamları qalıb kənarda, tamaşaçı onlara baxır. İndi kimi dindirsən aktyor, müğənnidir.

- Bu sənət asandır ki?

- Bu, asan sənət deyil, sadəcə olaraq, bu sənəti ucuzlaşdırıblar. Yoldan keçən seriala çəkilir, yoldan keçən müğənni olur, rəqqasə olur. O vaxt AzTV-də hər insan efirə çıxa bilməzdi, ona görə də sənətin dəyəri var idi.

- Yeri gəlmişkən, siz elə AzTV-nin çəkdiyi "Yarımştat" tamaşası ilə məşhurlaşmısınız.

- Mən təkcə "Yarımştat"da yox, digər televiziya tamaşalarında da oynamışam. Bəziləri deyir ki, bu, elə "Tomka" oynayıb da. Buna görə bəzən əsəbləşirəm. Mən 30 ildir ki, teatrda işləyirəm. Bu, mənim günahım deyil ki, teatrda mənə gəlib baxmayıblar. Mənim iş yerim teatrdır, televiziya deyil. Əslində, rejissor filmə, seriala aktrisanı dəvət edəndə gəlib əvvəlcə onun tamaşasına baxmalıdır, sonra onu seçməlidir. Amma bizdə mafiyadır, kim kimin dostudur onu seriala çəkirlər. O vaxtları qəbul olunmayan aktyorlar indi baş rollarda çəkilir.

- Özünüzə hansı aktrisanı rəqib görürsünüz?

- Mən heç kimi özümə rəqib görmürəm! Çünki mən başqa tip aktrisayam, onlar tam başqa.

- Yəni fərqlisiniz, sizdən bir dənədir?

- (Gülür). Mən özümü tərifləmək istəmirəm, amma bilirəm ki, fərqliyəm. Çox əfsuslar olsun ki, mənim kimi aktrisadan istifadə edə bilmirlər.

- Bəlkə xasiyyətiniz çətindir, rejissorlarla yola getmirsiz?

- Xeyr, mən ilanla da yola gedərəm (gülür). Bir serialı çəkirlər, sonra başlayırlar həmin aktyor "sostav"ını yenidən başqa seriala çəkməyə. Dedim axı mafiya işidir.

- Siz hansı rejissorların mafiyasına aidsiniz?

- Gənc rejissorlardan dost olduqlarım var, onların da yolu bağlıdır (gülür).

- Caduya-fala inanırsınız?

- Belə də. Nə bilim vallah. Mənim hətta bir falçı obrazım var idi, o rola görə mən bir qaraçının yanına gedib-gəldim. Görün o qaraçı obrazını kim mənim qədər yaxşı oynaya bilərdi? Gəlin insafla danışaq da. Hətta elə aktrisalar var ki, mənim mimikalarımı, hərəkətlərimi götürüblər. Mənə qədər niyə yox idi? Bir dəfə də olsun dillərinə alıb danışmazlar. Bunu axı mən görürəm.

- Çox insan sizi qınayır ki, yüngül əxlaqlı qadın rolları oynayırsınız.

- Mən hansı yüngül əxlaqlı qadın rolu oynamışam ki?

- Götürək elə "Məhəbbətin hökmü" filmindəki Fosforlu Cevriyyə obrazını.

- O bədbəxt qadın obrazıdır. Yüngül əxlaqlı başqa bir şeydir, bədbəxt qadın başqa. Orada açıq-saçıq heç nə yoxdur. O, necə yüngül əxlaqlı qadın olardı ki, sevdiyi insana görə özünü ölümə verir! Bəlkə mən də onun kimi sevgilimin yolunda ölümə gedərdim! Mən bədbəxt qadın obrazları oynamışam, yüngül əxlaqlı qadın mənəvi cəhətdən əxlaqsız olan qadındır!