Avropa Oyunlarının məşəli Lerik və Astarada - fotolar

Avropa Oyunlarının məşəli Lerik və Astarada - fotolar
1604 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" Avropa Oyunlarının alovu Azərbaycanın Cənub bölgəsinə səyahəti çərçivəsində möhtəşəm Lənkəran festivalından sonra uzunömürlülər diyarı, paytaxtdan 325 km aralıda yerləşən Lerikə gətirilib.

Axşam.az-ın məlumatına görə, tədbirin əsas hissəsində, ağırlıqqaldıran Rafiq Əliyevin yürüşü ilə başlayan məşəl estafetində, idman hakimi Natiq İsaqov, məşqçilər Zaur Səfərov (taekvondo) və Cavid Seyfullayev (yunan-Roma güləşi), veteran idmançı, arxeoloq Baləli Rzayev, ictimai fəallar Samir Salayev və Zamiq Əhədov, Mübariz Muradov, bədən tərbiyəsi və idman mütəxəssisləri Elşən Ağayev və İlham Zülfiyev iştirak edibər.

Estafetin birinci yürüşçüsü olmuş Rafiq Əliyev Oyunların alovunun bölgələrə səyahəti ilə bağlı ürək sözlərini bölüşüb:

"Birinci Avropa Oyunlarının həyacanı Lerikdə də yaşandığı üçün çox sevinirəm. "Bakı-2015"in məşəlini daşıdığım üçün xüsusi qurur hissi keçirirəm. Axı bu, hər kəsə nəsib olmur və mən artıq bu nəhəng idman tədbirinin iştirakısıyam. Əlbəttə, əsas həyəcanlı günlər hələ qarşıdadır: səbirsizliklə bu möhtəşəm idman bayramımın açılışını və komandamızın yarışlarda çıxışını gözləyirəm".

Rayon mərkəzindəki Heydər Əliyev meydanında qonaqların və yerli sakinlərin iştirakı ilə qarşılanma mərasimi keçirilib. Tədbirə toplaşanlar Avropanın ilk çoxnövlü kütləvi idman tədbirinə Azərbaycanın ev sahibliyi etməsindən duyduqları qürur hissini paylaşıblar.

Estafet iştirakçıları daha sonra 2010-cu ildə açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Uzunömürlülər muzeyində Lerikin fəxrlərinə həsr olunmuş stendlər, şəxsi arxivlərdən materiallar, eksponatlar və müxtəlif dövrələrə aid əmək və məişət əşyaları ilə tanış olublar, adət-ənənəyə uyğun olaraq, rayonun qocaman sakinlərinin xeyir-dualarını alıblar. Yeri gəlmişkən, 1973-cü ildə 168 yaşında vəfat etmiş yerli çoban Şirəli Müslimov bu rayonun fəxri sakinlərindən olub. Hazırda rayonda yaşı 100-ü ötmüş, lakin əmək qabiliyyətini saxlamış onlarla insan yaşayır.

Lerikin zəngin təbiətinin seyri ilə yanaşı, rayonda geniş inkişaf etdirilən arıçılıq sahələri ilə tanışlıqdan sonra, günün ikinci yarısında, məşəl zəngin meşəli Talış dağları ilə Xəzər dənizi arasında yerləşən Astaraya çatdırılıb.

Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoryuanların müşayiəti ilə keçirilən məşəl yürüşündə atletika üzrə Azərbaycan çempionları İlham Sadıqzadə, Mərziyə Məmmədova və Arif Qeybiyev, sərbəst güləş məşqçiləri Məhərrəm Ağayev və Qəhraman Əhmədov, həndbolçu Bəsirə Əliyeva, boksçu Ülvin Qənbərov, voleybolçu Anar Qulamov, gənc fəal Aytac Tağızadə iştirak etdilər və beynəlxalq dərəcəli hakim, məşqçi Fikrət Qafarov səhnədə alov çırağını yandırıb.

Astara görkəmli şərqşünas, II Dünya müharibəsində ağır, lakin örnək ola biləcək döyüş yolu keçərək, Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Ziya Bünyadovun və bəstəkar Oqtay Kazımovun doğulduğu məkan kimi tanınsa da, idmançıları ilə də qürur duyur. Atletikanın uzunluğa tullanma proqramı üzrə SSRİ rekordçusu, 1952-ci il olimpiya oyunlarının iştirakçısı Xandadaş Mədətov, hərbçilərin dünya çempionu, ikiqat Avropa çempionu, Azərbaycanın Əməkdar məşqçisi, sərbəst güləşçi Aslan Ağayev və dünya çempionatının gümüş mükafatçısı Nadir Həmidov, sərbəst güləş üzrə ikiqat Avropa çempionu, "Qızıl qran-pri"nin ikiqat qalibi, gənclərin dünya çempionu, ustalar arasında dünya çempionatının bürünc medalçısı, 2012 ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Cəbrayıl Həsənov və Avropa çempionu, dünya çempionatının gümüş və bürünc medalçısı, "Qızıl qran-pri" qalibi olan güləşçi Sona Əhmədli Azərbaycan idmanının tanınmış simalarıdır.

Məşəl estafetinin iştirakçısı olmuş sərbəst güləş məşqçisi Məhərrəm Ağayev təəssüratlarını paylaşıb: "Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz sevindirir. Vaxtında atılmış gözəl addımdır. Belə bir təşəbbüs irəli sürüb Azərbaycanı belə tarixi hadisənin ilk məkanına çevirənlərə təşəkkürümü bildirirəm. Axı, bu, təkcə bizə bəxş edilmiş bayram sevinci deyil?! Azərbaycan Prezidenti İlham Əliyev idmanımız üçün çox işlər görür. Bir idman mütəxəssisi, bu yeniliklərin şahidi kimi, ona dərin təşəkkürümü bildirirəm".

İdman ənənələri olan Astaranın dəniz kənarı boyunca salınmış parkında keçirilən qarşılanma mərasimində rayon sakinləri ilə səmimi söhbət edən estafet iştirakçıları astaralıların da bu hərəkata qoşulmasından məmnunluqlarını ifadə ediblər.

Qədim Astarada estafet iştirakçıları alovqoruyanların müşayiəti ilə Ərçivan kəndində yerləşən möcüzəli "Yanar bulaq" kükürdlü su qaynağına gətirilib və burada xatirə şəkilləri çəkdirilib.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl Cənub zonasına səyahətini mayın 2-də davam etdirərək, Yardımlı və Masallı rayonlarına gətiriləcək.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.