Çantanı tut, xarakterini deyim…

Çantanı tut, xarakterini deyim…
3496 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadının ən vacib aksessuarlarından biri də çanta hesab olunur. Çanta müasir moda dünyasında qadın obrazının tamamlanmasında zəruri amil kimi qiymətləndirilir. Məsələn, qırmızı çanta romantizmi, qara, yaxud ağ çanta isə sakitliyi ehtiva edir.

Kişilər daşıdığı çantaya əsasən qadınların xarakterini asanlıqla müəyyən edə bilərlər. Əgər qadın çantanı düz tutursa, əmin ola bilərsiniz, o, hər şeyi nəzarət altında saxlayır. Qadının çantasını qoltuğunda götürməsi onun işgüzarlığından xəbər verir. Çarpaz qaytanlı, məktəbli çantasına bənzər çantaların bir çiyinə götürülməsi qadının ciddi münasibətlərə hazır olmadığını göstərir. Qadın çantanı qoluna götürürsə və yumulmuş ovcu yuxarı istiqamətlənirsə, onun evdarlığına, aşağı istiqamətlənirsə, ərköyünlüyünə, şıltaqlığına işarədir. 

Evdar qadınlar adətən çantanı çiyinlərinə götürürlər, amma qadın çantanı özünə sıxırsa, bu, xəsisliyin göstəricisidir. Ancaq çanta çiyinlərə atılırsa və əllər sərbəst şəkildə yanlarda sallanırsa, bu, qadının şən və əhlikef olması anlamındadır.

Müasir formalı qadın çantaları ötən əsrin ortalarında meydana çıxıb. Buna qədər isə çantanı başlanğıcını XVII əsrdə – XIV Lüdovikin zamanından götürən cibi xatırladan xırda kisəciklər əvəz edirdi. Bu kisəciklərdə  pullar saxlanılırdı. Bu kisələr kişilərin kəmərindən asılırdı, qadınların isə ətəyinin altında saxlanılırdı. XVII əsrdən başlayaraq qadınlar bu çantacıqları ətək altında gizlətməkdən vaz keçdilər. Ötən əsrin iyirminci illərində bir məşhur ledi individual çanta sifariş etdi. Həmin vaxtdan etibarən çanta indiyədək əhəmiyyətini və aktuallığını itirməyən aksessuara çevrildi.

İyirminci əsrin otuzuncu illərində incə və ciddi siluetli çantaları əllinci illərdə tədricən daha böyük xələfləri əvəz elədi. Səksəninci illərdə çantalar nə isə daşımaqdan daha çox,  libasları tamamlayan miniatür element rolunu oynayırdı.

Lakin müasir qadın hazırda öz basırıq çantasında evin açarını güclə tapır. Hazırkı dövrdə qadın çantaları müxtəlifdir və biz onlarda keçən onilliklərin bütün dəb elementlərini görə bilərik. Bu gün pulqabını xatırladan miniatür klatçdan tutmuş böyük ölçülü çanta götürən heç bir qadını dəbdən kənar hesab etmirlər. Hər kəs üslubuna uyğun gəlini seçə bilər - işgüzar ledi, ziyafət çantası, gənclərin üstünlük verdiyi çantalar. 

Çanta alarkən yadda saxlayın, bu aksessuar sizin obrazınızı tamamlamaqla yanaşı, ona yeniliklər əlavə edir.

Firəngiz AĞALAR