Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

Axşam.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərarda deyilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 301, № 7, maddə 477; 2000, № 5, maddə 369, № 7, maddə 560; 2008, № 5, maddələr 432, 443, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2011, № 8, maddə 785; 2015, № 11, maddə 1418; 2016, № 10, maddə 1696) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt-lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.”.

2. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 877) 1-ci hissəsinə “miqdarında” sözündən sonra “(paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır)” sözləri əlavə edilsin.

3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1189; 2008, № 6, maddə 586, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2013,

№ 11, maddə 1461; 2014, № 10, maddə 1309) ilə təsdiq edilmiş “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin 3-cü hissəsinə “şəxslərin” sözündən sonra “(paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır)” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etsin;

4.2. bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələri ilə edilən güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.



Xəbər lenti