Kəmalə İbrahimovanın moda nümayişindən fotoreportaj

Kəmalə İbrahimovanın moda nümayişindən fotoreportaj
4927 dəfə oxunub
  • A-
  • A
  • A+

DECAMIE brendinin əsasını Kəmalə İbrahimova qoyub. Moda sənayesinin incəliklərinə bələd olan Kəmalə 3 il öncə yeni və gənc istedadların inkişaf etməsi məqsədilə Paparazzi butikini açıb. Butikdə Türkiyədən, Rusiyadan, İngiltərədən, Gürcüstandan və əlbəttə ki, Azərbaycandan olan dizaynerlərə üstünlük verilir. Onun öz geyim brendini yaratmaq arzusu isə çoxdan var.

Martın 6-da IBRA kreativ agentliyinin təşkilatçılığı ilə ilk DECAMIE kolleksiyasının təqdimatı keçirilib. Kolleksiya 15 ziyafət geyimindən ibarətdir. Niyə məhz ziyafət geyimləri sualına isə Kəmalə özünəməxsus tərzdə cavab verir: "Doğru" ziyafət geyimlərini tapmaq elə də asan deyil".

Haute Couture kolleksiyasının hər bir geyimi gözəldir. Bantla bəzədilmiş uzun tafta geyim sahibəsinə zəriflik bəxş edəcək. Qara gipür geyim isə minimalizmi ilə seçilir. Kolleksiyada kokteyl geyimləri də var. Bütün libaslar əl işidir və Azərbaycanda hazırlanıb.

Kolleksiya əsasən, qara rəng qammasındadır. Bu rəng bütün zamanların klassikası hesab olunur və Kəmalənin sevimli rəngidir. Lakin hər bir müştəriyə geyimin rəng çalarını seçmək imkanı verilir.

DECAMIE brendinin yaradıcısının əsas hədəfi Azərbaycan modasının xaricdə inkişafıdır. Brendin apardığı işlərə nəzər saldıqda, markanın nəinki Azərbaycanda, eləcə də xaricdə uğur qazanacağına əminlik hissi yaranır.

Mənbə: buro247.az