Prezident Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub - Fotolar

Prezident Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub -  Fotolar
469 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün lazımi şərait yaradılıb. Bu komplekslərin rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməyə imkan verir. Digər tərəfdən, koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına geniş imkanlar açır.

Bildirildi ki, sahəsi 3 min kvadratmetr olan üç korpuslu bu xəstəxana 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşüb. 

Bir daha xatırladaq ki, modul tipli yardımçı xəstəxana korpusları qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılıb və zərurət olmadıqda onların digər sahələrə köçürülməsi və başqa məqsədlər üçün istifadə edilməsi mümkündür.