DTX-nin həbs etdiyi sabiq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanovun obyektinin əlavə tikilisi sökülüb.

Axşam.az musavat.com-a istinadən xəbər verir ki, Zakir Sultanova məxsus Nizami küçəsi, 62C ünvanında yerləşən “Casual Brasserie” kafesinin əlavə tikilisinin söküntüsünə mayın 12-də başlanıb.

Söküntüdən sonra maraqlı mənzərə ortaya çıxıb. Məlum olub ki, kafenin əlavə tikilisi 3 kanalizasiya lyukunun üzərində tikilib.

İlkin məlumata görə, Zakir Sultanovun bu obyekti məhkəmə qərarı ilə üzərinə həbs qoyulan mülkləri arasındadır.

Xatırladaq ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Onun mənzilinə və ofisinə baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmədə təqsirləndirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z.Sultanovun restoranının artırmasının yerləşdiyi ərazi “Bakı Abadlıq Xidməti”nin balansında olub. Bundan bir neçə ay əvvəl “Tarqovı”da bütün kafe və restoranların küçə ərazisində xidmət göstərməsi qadağan olunmuş və bütün obyektlərin artırmaları ləğv olunmuşdu. Lakin Z.Sultanovun restoranı bu prosesdən yayına bilmişdi. Artıq bununla bağlı göstəriş verilib və dünən Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları restoranın “artıq” hissəsini söküblər.

“Casual Brasserie” kafesinin söküntüdən əvvəl və indiki fotolarını təqdim edirik:

 
 
 
 


                 

Xəbər lenti