Milli Dram Teatrının onlayn tamaşaları ingilis dilində

Milli Dram Teatrının onlayn tamaşaları ingilis dilində
352 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrı onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, mayın 2-də ilk tamaşa kimi “Cəhənnəm sakinləri” səhnə əsəri təqdim olunub. Növbəti günlərdə tamaşaların subtitrlə rus dilində nümayişi də nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da facebook sosial şəbəkəsində, eyni zamanda teatrın rəsmi internet saytı və “YouTube” kanalında təqdim olunur. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.

Teatrın may repertuarında 28 tamaşanın nümayişi planlaşdırılır. Virtual repertuarda müxtəlif illərdə premyerası keçirilən, lakin hazırda cari repertuarda olmayan “Mesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.

Milli Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.