Aktyorların karantin günləri necə keçir? - “Təzə adətlər öyrənirik”

Aktyorların karantin günləri necə keçir? -  “Təzə adətlər öyrənirik”
3040 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus infeksiyasının pandemiya halını aldığı bu zamanda digər mədəniyyət müəssisələri kimi teatrlar da artıq bir aya yaxındır ki, fəaliyyətini dayandırıb. Film və serial çəkilişləri də müvəqqəti olaraq təxirə salınıb. Belə bir zamanda aktyorlarımız, teatr xadimlərimiz nələrlə məşğuldurlar, sosial izolyasiya günlərini necə keçirirlər, teatr və tamaşaçıları üçün darıxırlarmı?

Axşam.az xəbər verir ki, 525.az bir sıra aktyorlarımıza bu suallarla müraciət edib: 

Xalq artisti İlham Namiq Kamal bu günləri Şamaxıdakı evində ailəsiylə birgə keçirir:

“Dövlətimizin sosial izolyasiya tədbirlərinə ürəkdən dəstək veririk. Bu, elə bir bəladır ki, təkcə bizim başımızda deyil, bütün dünyanı bürüyüb. Ona görə də dünya olaraq bu mübarizənin içərisindəyik. Biz də dövlətimizin gördüyü tədbirlərə evdə qalaraq, yoluxma riskini azaldaraq dəstək verə bilirik.

Şamaxıdakı evimizdə balaca həyətimiz var, ağaclara, bitkilərə qulluq edirəm. Kitabxanam çox zəngindir, mütaliə və televiziya, filmlərlə günümüzü keçiririk. Sosial şəbəkədə də varam. Facebookda dostları izləyirəm. Hərdən görürəm ki, orda cəmiyyətdə panikaya səbəb ola biləcək paylaşımlar edənlər, yalan-yanlış məlumatları yayanlar olur. Onların bu hərəkətini heç yaxşı qəbul eləmirəm, pisləyirəm. Çünki onsuz da çətin dövrlərdən keçirik, insanları daha da təlaşlandırmağa nə ehtiyac var ki?

Yaxşını dediyimiz kimi, çatışmazlıqları da deməliyik. Şamaxıda işıqlar tez-tez sönür, internet kəsilir. Bu sosial izolyasiya zamanında, insanların evdən çıxa bilmədiyi bir vaxtda bu cür hal heç də xoş deyil. Cənab Prezidentimiz hər zaman xalqa dəstək olur, xalqın həyatını asanlaşdırmaq üçün çalışır, qanunlar qəbul edir, islahatlar aparır. Amma bəzi məmurlar buna tabe olmurlar. İşığın koronavirusa heç bir aidiyyatı yoxdur axı. Eləcə də digər problemlər inanıram ki, tez zamanda öz həllini tapacaq.

Bir aktyor teatrdan uzaqda necə ola bilər ki, Sudan çıxarılmış balıq kimi (gülür). Biz də eləyik. Tamaşalarımız və tamaşaçılarımız üçün çox darıxırıq. Amma səbrlə gözləməkdən və qaydalara əməl etməkdən başqa əlacımız yoxdur. Hər kəsə dözüm və can sağlığı arzulayıram. Səhnədə görüşərik”.

Xalq artisti Vidadi Həsənov da vaxtını əsasən yaradıcılıqla məşğul olaraq dəyərləndirir:

“Günlərimizi hamı kimi evdə oturaraq keçiririk. Həyətimizlə ev-eşiklə, yazı-pozuyla məşğuluq. Mən vaxtaşırı müxtəlif pyesləri Azərbaycan dilinə tərcümə edirdim. Onların hamısı əlyazma variantındadır. İndi fürsətdən istifadə edib həm komputerdə yazmaq öyrənirəm, həm də elə onları komputerə köçürürəm. Xeyli tərcümə işlərim, yazılarım var.

Bundan başqa, yaz qabağıdır, ağacları budamışam, həyəti belləmişəm, meynələrə qulluq edirəm. Deyirlər, evdə qal, biz də qanun, dövlət nə deyirsə, ona əməl edirik. Köhnə adətlərimizi tərgidib, təzə adətlər öyrənirik. Fürsətdir, bir az da evdə olaq, evdəkilərin yanında qalaq.

Düzdür, 40 ildir teatrda işləyən insan teatrdan uzaqda darıxmasa, yalan olar. Amma şəraitə uyğun davranmaq məcburiyyətindəyik. Cəfər Cabbarlının “Aydın” pyesi belə bir cümlə ilə başlayır: “Bu, həyat və mühit şərtlərinin mənə verdiyi tərbiyədir”. İndi həyat və müht şərtləri bizdən evdə qalmaq tələb edir. Bunu da özümüz üçün yox, sevdiklərimiz, ailəmiz və xalqımız üçün edirik. Yoxsa evdə qalmaq qorxaqlıq, acizlik əlaməti deyil ki. Bu, o deməkdir ki, sən yaxınların, doğmaların qarşısında məsuliyyət hiss edirsən.

Tamaşaçılarımıza da deyirəm ki, evdən bacardıqca çıxmayın, səbrli olun. Teatrla da olacaq, filmlər də olacaq”.

Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan deyir ki, teatr bağlansa da, onların işi davam edir:

“Əvvəlcə, onu deyim ki, işlədiyim bu illər ərzində demək olar , mənim istirahət günüm olmayıb. Olsa belə, xatırlamıram...

Ona görə şəxsən mənim özüm üçün bu qədər evdən çölə çıxmamaq izaholunmaz dərəcədə çətindir.

Digər tərəfdən də, dünyanın sivil yolla inkişafını istəyən hər kəs belə anlarda ağır da olsa cari qaydalara mütləq riayət etməlidir. Xüsusilə əgər sənin hansısa hərəkətin kimlər üçünsə örnək ola bilərsə, o zaman o qaydalara da ciddi əməl etmək lazımdır.

Məsələ ondadır ki, teatr adamları üçün bu qaydalara əməl etmək daha əzablıdır. Çünki teatrda yalnız onu (teatrı) sevənlər çalışır... Öz sevgilisindən ayrı salınan azından, obrazlı desəm, "Məcnun stresi" keçirə bilər..

Nəhayət, gələk tamaşaçılarımızla ünsiyyət məsələsinə. Təbii ki, biz onlarsız darıxırıq. Çünki bizi var olmağımıza onları inandırıb.

Amma bu dediklərim lirik notlardan başqa bir şey olmasa da, bu sevgi fonunda hər bir teatrın öz missiyası da var. Və heç bir özünə hörmət edən, xalqına, dövlətinə gərəkli olduğunu düşünən, insanlığa biganə qalmayan ziyalı, xüsusilə də teatr adamı günün, zamanın çətinliyinin fərqinə varmadan həmin missiyanın həyata keçirilməsinə fasilə verməməlidir.

Ələlxüsus texnikanın bunca inkişaf etdiyi bir vaxtda.

Qısası, biz Bakı Uşaq Və Gənclər Teatrı olaraq fəaliyyətimizi imkan daxilində onlayn davam etdirməklə həm "EvdəQal" siyasətini davam etdirir həm də azyaşlı tamaşaçıları darıxmağa qoymamağa çalışırıq. Bir də axı biz də öz üzərimizdə işləməliyik".

May ayının 5-nə kimi repertuar planımız var, (təbii ki, özümüz hazırlamışdıq) ona uyğun işimizi qurmuşuq...

Facebook, Whatsapp, YouTube (YouTube kanalımız mövcuddur) vasitəsilə hər gün yeni yaradıcılıq məhsulları ilə tamaşaçılarımızı bizsiz qoymuruq...”

Aktyor Mehman Piriyev hətta səhnənin qoxusu üçün belə darıxdığını deyir:

Sosial izolyasiya günləri təbii ki, darıxdırıcıdır. Amma hər birimiz buna riayət etməliyik. Çünki söhbət tək özümüzdən deyil, bütöv millətimizin sağlamlığından gedir. Evdə qalmaqla hamıya kömək etmiş oluruq. Mən bu günlər ərzində daha çox filmlər izləyirəm. Ən önəmli olansa biz kollektiv olaraq evdə qalsaq da, tamaşaçılarımıza, xüsusilə azyaşlı tamaşaçılarımıza xidmət göstəririk. Sosial şəbəkələr vasitəsilə onları darıxmağa qoymuruq. Şeirlər, nağıllar səsləndiririk. Həmçinin, YouTube kanalımızda tamaşalarımızı təqdim edirik. Təbii ki, bütün bunlarla yanaşı teatrsız qalmaq olmur. Səhnənin qoxusu üçün çox darıxmışam. Tamaşaçılarımıza sözüm odur ki, bayaq dediyim kimi, biz yenə onlarlayıq. Bizi izləsinlər, tezliklə teatrda görüşmək ümidilə”.

Əməkdar artist Rəhman Rəhmanov da teatr üçün çox darıxdığını vurğuladı:

“Əlbəttə, əgər belə bir xəstəlik varsa, karantin rejimi lazımdır. Təbii ki, dövlətimiz belə məsləhət bilirsə ki, evdə oturmalıyıq, bu bəladan bu yolla qurtula bilərik, deməli, bunu da eləməliyik. Xalqımızın sağlamlığını qorumaq naminə biz bunu etməliyik. Bir aktyor olaraq, deyə bilərəm ki, kaş bir gün evdə oturaydım, bir gün teatrda olaydım, bax, belə-belə bu günləri başa vuraydıq. Teatr üçün bu qədər çox darıxıram. Amma mənim bir sənət adamı kimi xalqımıza sözüm odur ki, “evdə qal” şüarına əməl edək, küçələrə çıxmayaq. Boş-boş gəzmək, parkalara getmək lazım deyil, ehtiyac yoxdur. Əgər özümüzə hörmətimiz varsa, sağlam qalmaq istəyiriksə, dövlətin qanunlarına, cənab prezidentimizin tövsiyəsinə əməl etməliyik, evdə qalmalıyıq, özümüzü, ailəmizi və xalqımızı bu bəladan qorumalıyıq”.

Əməkdar artist Ülviyyə Əliyeva isə günlərini ev işləriylə keçirtdiyini deyir:

“Bu izolyasiya günlərində əsas vaxtımı ailəmlə keçirirəm, ev işləriylə məşğulam. Çox yeməklər bişiririk, internetdən fərqli reseptlər öyrənib, bişirirəm. Filmlərə baxıram, mütaliələr edirəm. Çoxdandır bu qədər evdə qalmamışdım. Qəşəng günəşli havalarda eyvanda süfrə açıb, çay içirik, söhbət edirik. Vatsapp və digər sosial şəbəkələr vasitəsilə qohumlarımızla, doğmalarımızla ya səsli, ya görüntülü danışırıq.

Tamaşaçılarımıza isə sözüm odur ki, doğmalarını, ailələrini, əzizlərini düşünüb, onlar da bizim kimi evdə otursunlar, ailələriylə vaxt keçirtsinlər. İnşallah, bu çətin günləri sağlıqla arxada qoyandan sonra yenidən səhnədə, efirdə görüşəcəyik”.

Aktyor Niyaz İlyasoğlu da bu günləri səmərəli şəkildə dəyərləndirir:

“Günümü daha çox qızımla keçirirəm. Sevdiyim filmlərə baxıram. Çoxdandır fars dilini öyrənmək istəyirdim, vaxt tapa bilmirdim. İndi öyrənirəm.

Evdə də işləyirik. Balaca tamaşaçılarımız üçün bugün gecə saat 4-ə kimi nağıl yazmışıq.

Serial çəkilişləri dayanıb. Təkrar seriallar gedir efirdə. İnşallah bu bəla keçib gedəndən sonra davam edəcəyik çəkilişlərə. Tamaşaçılarımız üçün çox darıxmışıq”.

Əməkdar artist Nadir Xasıyev təəssüflə deyir ki, izolyasiya prosesi teatrın işlərinin ən çox olduğu zamana təsadüf edib:

“Bu izolyasiya prosesi bizim teatrda yaradıcılığın vüsət aldığı, işimizin qızğın çağında, “Beş manatlıq gəlin” tamaşamızın təhvil verilməsi zamanında baş verdi. Təbii ki, bud a bizim işimizə öz mənfi təsirini göstərdi. İllərlə səhnədə olan, səhnəylə nəfəs alan yaradıcı insanlar üçün əlbəttə, birdən birə belə bir halın baş verməsi olduqca çətin bir işdir. Amma nə edək ki, tarixdə belə bir hallar olub və olsa bilsin ki, bu da bir tarixin təkrarıdır. Tələb olunur ki, biz özünütəcrid etmə qaydalarına əməl edək. Eyni zamanda çox təşvişə düşməmək, hadisələri soyuqqalı qarşılamaq və vacib bilinən əməllərə riayət etmək lazımdır ki, bu cür böyük bəladan müəyyən dərəcədə tez və həm ruhi vəziyyət, həm insane, həm də maddiyyat baxımından az itkiylə xilas ola bilək.

Əlbəttə, teatr üçün çox darıxıram. Hətta bəzən evdə oturmaq insane əzab kimi gəlir. Sən demə, uzun illərdən bəri bizi formalaşdıran, daxili aləmimizi bütünlükdə zəngin saxlayan yaradıcılıqdır, teatr səhnəsidir. Biz bunu indi daha çox hiss edirik. Düşünürəm ki, yaman günü az olar və biz yenidən səhnəyə qayıdar, qarşımıza qoyduğumuz məqsədlərə İnşallah çatarıq.

Evdə şeirlər deyərək, mütaliə edərək, evdə kiçik səhnəciklər edib sosial şəbəkələrdə yerləşdirməklə vaxt keçiririk.

Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Səfiyev bu günləri övladlarıyla birgə keçirir:

“Bu günlərdə kitab oxuyuruq, oğlum Uğurla birgə bəzi kiçik videolar çəkib sosial şəbəkələrdə paylaşırıq, televiziyaya, filmlərə baxırıq. Teatr üçün çox darıxıram. Həm aktyor yoldaşlarım, həm də tamaşaçılarımız üçün darıxmışam. Tamaşaçılarımıza sözüm odur ki, darıxmasınlar, özlərini qorusunlar, dövlətimizin sosial izolyasiya qaydalarına əməl etsinlər. İnanıram ki, bu bəla tezliklə keçib gedəcək və biz yenidən teatrda, səhnədə onlarla görüşəcəyik”.

Aktrisa İlhamə Əhmədova koronavirusa qarşı bütün qaydalara əməl etdiyini bildirir:

“Sosial izolyasiya günlərini evdə otururam. Təmizliklə məşğul oluram və eyni zamanda koronavirusa qarşı bütün qaydalara əməl edirəm.

Əlbəttə, teatr üçün çox darıxıram. Yeni tamaşa işləyəcəkdim. Çox təssüflər olsun ki, belə oldu. Təki bu problemin sonu yaxşı bitsin. Evdə qalmağımıza baxmayaraq, teatrımızın kollektivi yenə də boş qalmır, internet üzərindən işləyirik, nağıllar, şeirlər səsləndiririk. Tamaşaçılarımız üçün də çox darıxmışıq. Onlara sözümüz budur ki, darıxmasınlar, evdə qalsınlar, sağlam olsunlar. İnşallah görüşəcəyik”.

Kukla Teatrının aktyoru Rəhim Rəhimov balacaları darıxmamağa və səbrli olmağa səsləyir:

“Sosial izolyasiya günlərini hamı kimi biz də ev şəraitində keçiririk. Məktəblər də, teatr da karantin rejimindədir. Ona görə biz də “evdə qal, sağlam ol” şüarı ilə hərəkət edirik. İnanıram ki, hər kəs bu deyilənlərə riayət edəcək. Özümüzü, yaxınlarımızı və əzizlərimizi qorumaq üçün mütləq və mütləq bunlara əməl eləsək, inanıram ki, Azərbaycanımız da bu bəladan xilas olacaq və biz pandemiyaya qalib gələcəyik.

Bir aktyor üçün teatrsız yaşamaq yaşamaq deyil. Nəinki darıxmaq, hətta burnumuzun ucu göynəyir. Demək olar ki, mart, aprel ayları teatrda ən qızğın, tamaşaçılarla ən sıx görüşdüyümüz aylar olardı. Bizim milli Bayramımız olan Novruz bayramında tamaşaçılarla, öz balaca dostlarımızla daha çox ünsiyyətdə olurduq. Belə bir şeyə öyrəşməmişdik. Amma nə edə bilərik ki?! Bir olmalı və bu virusa qalib gəlmək üçün bütün deyilənlərə əməl etməliyik. Əgər əməl etsək deməli, biz daim tamaşaçılarımızla görüşəcəyik, amma əməl etməsək, təəssüf ki, qalib gələ bilmərik.

Bizim tamaşaçılarımız ən çox balacalardır. Onlara sözüm budur ki, əziz balaca dostlarımız, çox xahiş edirik, evdə qalın. Başa düşürəm, uşaqlar üçün bu, daha çətindir. Bir az səbr edin, mütləq bu yaxın zamanlarda biz yenidən gözəl tamaşalarımızla görüşünüzə gələcəyik”.

Aktyor Rauf Hüseynli kiçik tamaşaçılar üçün işini evdən davam etdirir:

“İzolasiya günlərimizi belə keçiririk ki, evdə qalan balaca dostlarımıza internet üzərindən sosial şəbəkələr üçün nağıllar hazırlayırıq.

Teatr üçün, səhnə çox darıxmışıq. Balaca dostlarımız isə darıxmasınlar, valideynlərinin sözlərinə baxsınlar. Yaxın zamanda yenə teatra dönəcəyik. Bütün balaca dostlarımız, evdə qalın, sağlam qidalanın, sağlam qalın”.

Kukla Teatrının aktyoru Cavid Telman da hər kəsi evdə qalmağa səsləyir:

“Bir çoxları kimi biz də “evdə qal” çağırışına əməl edirik. Çalışırıq çox çölə çıxmayaq. Demək olar ki, günümüzün çox hissəsini evdə oluruq. Evdə qalaq, sağlam qalaq.

Teatr üçün darıxıram. Təsəvvür edin hər gün teatrda olan, hər gün tamaşaların məşqlərində olan, hər həftə sonu tamaşalar oynayan bir insan indi evdə oturub, doğma teatrına gedə bilmir. Həqiqətən, çox çətindir. Amma hər kəsin sağlamlığı naminə bunu etməliyik.

Tamaşaçılarımıza sözüm odur ki, bir müddə evdən çıxmasınlar, sağlamlıqları üçün deyilənlərə əməl etsinlər, özlərini və yaxınlarını qorusunlar. İnşallah, inanıram ki, axın vaxtlarda ölkəmiz bu virusdan xilas olacaq və biz yenidən tamaşaçılarımızın görüşünə gələcəyik. Bir ay evdə oturaq ki, sonra yenidən rahat və sağlam gəzə, işimizin başına dönə, sevdiklərimizlə görüşə bilək”.

Aktrisa Günay Əhməd insanları pessimizmdən uzaq olmağa çağırır:

"Sosial izolyasiya günləri ilk vaxtlarda çətin idi. Çünki alışmamışıq evdə oturmağa. Biz də bu vaxtdan səmərəli istifadə etdik. Həyət evində yaşadığımız üçün kartof, göyərti əkdik. Qızımla bərabər ev tapşırıqlarını səhnələşdiririk. Sadəcə mənfi auraya qapanmaq lazım deyil deyə düşünürəm, çünki o da immun sistemini aşağı salır. Teatr üçün çox darıxıram.

Bildiyiniz kimi, mən Kukla Teatrına təzə işə qəbul olmuşdum. Anar Məmmədovun quruluşunda "Qızıl balıq" tamaşasını yenicə təhvil verdik və ikinci premyerası belə olmadı. Mənimçün Kukla Teatrının səhnəsi çox maraqlıdır. Bəlkə də hamıdan çox mən darıxıram. Çünki tamaşadan sonra uşaqların reaksiyasını görmək, Kukla Teatrı aktyorunun paklonda yaşadığı hissi yaşamaq istəyirəm.

Tamaşaçılara sözüm odur ki, mənfi auradan uzaq olsunlar, pessimist olmasınlar. Vecsiz yanaşmasınlar, qorunsunlar, amma ruhdan düşməsinlər, həyat yoxmuş kimi yaşamasınlar, panikaya qapanmasınlar. Deyir, həmişə üçüncü variant var. Mən buna inanıram. Sadəcə axtarmaq lazımdır. Vaxtlarını daha səmərəli keçirməyin yollarını əslində, özləri çox yaxşı bilirlər, sadəcə bir az düşünsünlər və tapsınlar".

Əməkdar artist Sonaxanım Mikayılova bu günlərdə də dərs deməkdən qalmır:

"İzolyasiya günlərini onlayn dərslərlə keçirirəm. Aktyor sənətindən dərs deyirəm. Teatr üçün çox darıxıram. Tamaşaçılara isə sözüm odur ki, İnşallah, hər şey sağlıqla bitəndən sonra görüşərik".

Aktrisa Ləman Mərrih vaxtını kitab və filmlə keçirtdiyini deyir:

"Evdə vaxtımı səmərəli keçirmək üçün kitab oxuyur, musiqi dinləyirəm. Çoxdandır izləmək istədiyim filmləri, tamaşaları izləyirəm.

Teatr üçün darıxmamaq mümkün deyil, bu, bizim işimiz yox həyat tərzimizdir, həyatımızın parçasıdır. Amma bu günlərdə hər bir vətəndaşın borcudur ki, diqqətli və ehtiyatlı olsun, özünü və yaxınlarını qorusun.

Tamaşaçılardan xahiş edirəm ki, bu günlərdə duyarlı davransınlar və ehtiyac olmadıqca evdən çıxmasınlar".

Əməkdar artist Şövqi Hüseynov və həyat yoldaşı aktrisa Şəbnəm Hüseynova isə günlərini yaradıcılıqla məşğul olaraq, yeni şeylər öyrənərək keçirirlər:

"Bəzən sosial şəbəkələrdəki paylaşımlardan belə başa düşürəm ki, bu günlərdə darıxanlar, özünə iş tapmayanlar var. Mən həqiqətən buna təəccüblənirəm. Çünki mənə hələ bu zamanda belə gün çatmır. İşsizlik, darıxmaq nə olduğunu bilmirəm, işimiz bitmir. Ev işi, yeni ideyalar, oxumaq, təzə nəsə öyrənmək, kəşf etmək istəyi heç bitmir. Ona görə mən də həmkarlarımızı buna səsləyirəm. Hər ziyan işdə bir xeyir var deyirlər. Xalqımız üçün çox çətin günlərdir, amma biz bunu sağ-salamat başa vuracağıq. Nə qədər evdə qalsaq, çölə çıxmasaq, o qədər tez qurtularıq. Ona görə də ciddi şəkildə bu qaydalara biz də əməl edirik. Çoxdandır görə bilmədiyimiz işlərimizi görürük. Mütaliə edir, filmlər izləyir, internet vasitəsilə başqa ölkələrin tamaşalarına baxırıq. Mən oğlumun onlayn dərslərinə nəzarət edirəm, bu, özü də böyük vaxt tələb edir.

Şövqi müəllim yaradıcılıqla məşğuldur. Bəzi ədəbi materiallar üzərində çalışır. Üstəlik onlayn praktikalar vasitəsilə tələbələri ilə görüşür, dərslərinə davam edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs musiqili teatr aktyorlarıdır tələbələri, virtual şəkildə işləyəcəkləri tamaşaya hazırlaşırlar, məsləhətlərini verir.

Bəzən evdə roliklər çəkirik, hansısa ədəbi parçanı səsləndiririk və beləcə günləri başa vururuq. Bu günlərdən səmərəli istifadə etməyə çalışırıq.

Əlbəttə, teatr üçün darıxırıq. Həmişə tamaşalarımız olan günlərdə həyəcanlı olmuşuq, işlərimizi daha tez yekunlaşdırmağa, orqanizmimizi ona kökləməyə çalışmışıq. Ona görə əsasən şənbə və bazar günləri hər ikimiz qəribə hisslər keçiririk, işlərimizi tez yekunlaşdırırıq, sanki axşama tamaşamız var. Amma sonra məlum olur ki, tamaşa yoxdur. Ümid edirik ki, tezliklə hər şey yaxşı olacaq. Hər zaman bizi tək qoymayan tamaşaçılarımızı da bu günləri arxada qoyandan sonra yenidən teatra dəvət edəcəyik. Onları yenidən teatr səhnəsində salamlayacağımıza ümid edirik. Hələ ki, bütün dostlarımızı, həmkarlarımızı və xalqımızı sosial izolyasiya tədbirlərinə qatılmağa səsləyirik. Öz təhlükəsizliyimiz naminə buna əməl etməliyik. İnşallah, həmrəyliyimiz sayəsində çox az itkiylə bu bəladan qurtularıq".

Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca evdə "şeir oxu" kompaniyasını davam etdirir:

"Sosial izolyasiya günlərində #evdəqal kompaniyasına #həyatevdədir #şeiroxu şüarlarını da əlavə edərək, evimizdə gənc şairlərin şeir kitablarını vərəqləyib, diqqətimizi çəkən şeirləri səsləndiririk. Eyni zamanda, bədii əsərlər oxuyuram, çoxdan izləməyə vaxt tapa bilmədiyim filmlər və verilişlər izləyirəm.

Teatr üçün darıxmamaq qaçılmazdır. Aktyor və rejissor heyyəti ilə virtual danışırıq, müzakirələr aparırıq və teatrımızın facebook səhifəsində #evdəqal #evdəotur #tamaşaizlə haştaqı ilə repertuarımızda olan tamaşaları paylaşırıq. Artıq Qazax Dövlət Dram Teatrının virtual repertuarı müəyyənləşib, repertuara uyğun olaraq tamaşalar virtual şəkildə təqdim edilir.

Tamaşaçılara #evdəqal deyirik. Teatrsız günlər müvəqqətidir. Çox keçməz yenidən tamaşa zallarında görüşərik. Ən vacibi özlərini və doğmalarını qorsunlar. Karonavirusa birlikdə qalib gələk və birlikdə teatrlara üz tutaq".