Bütün dünyaya yayılaraq pandemiya elan edilməsinə səbəb olan Koronavirus (COVİD 19) infeksiyasının arealı getdikcə genişlənir. Baxmayaraq ki, bir neçə aydır, bu xəstəlik davam edir,  hələ də pandemiyaya qarşı nə peyvənd, nə də birbaşa müalicə üsulu tapılıb.

Koronavirusa yoluxanların və ölənlərin sayının sürətlə artması, bütün dünyada karantin rejiminin tətbiqi, “nə etsəm də, xəstəliyə yoluxacam” qorxusu insanların əsəb-sinir sisteminə təsirsiz ötüşmür. Bu məqamda özünü ələ almaq, sakitləşmək, əsəbləri qorumaq üçün mütəxəssis tövsiyələrinə ciddi ehtiyac duyulur.

Axşam.az tanınmış həkim-nevroloq İlham Cavadovun "525-ci qəzet"ə müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyasının bəşəriyyəti qorxu altında saxladığı bu günləri bəzən “səssiz müharibə” dövrü kimi səciyyələndirirlər. İnsanlara çox ciddi əsəb gərginliyi verən, sinir sistemini hədsiz yükləyən indiki vəziyyəti siz necə xarakterizə edərdiniz?

- Məlumdur ki, Koronavirus bugün pandemiya şəklindədir, yəni hazırda dünya ölkələrinin tam əksəriyyətində müşahidə olunur. Təəssüf ki, bu virus artıq Azərbaycanda da yayılıb. Koronavirus çox ağır fəsadlar verən bir qrip formasıdır. Virus ağız və ya burundan keçib ağciyərə qədər gedir, orada hüceyrənin daxilinə yol tapıb çoxalmağa başlayır. Xəstəliyə yoluxduqdan sonra 2-14 gün ərzində qoxu və dad duyğusunun itməsi, nəfəs darlığı, öskürək, qızdırma kimi simptomlar müşahidə olunur. Ağırlaşma dərəcəsi insana görə dəyişir. Sağlam insanlarda, cavanlarda bu xəstəlik daha yüngül formada keçir. İmmun sistemi zəif olan yaşlılar, şəkərli diabeti, xroniki böyrək çatışmazlığı, xroniki ürək xəstəliyi olan insanlarda, onkoloji, revmatoloji xəstəlik səbəbindən dərman istifadə edənlərdə xəstəlik daha ağır keçə bilir. Hətta ölümlə nəticələnmə halları üstünlük təşkil edir. Virusun ortalama yaşam müddəti 28 gündür. Ola bilsin, bəzi insanlarda bunun müddəti bir neçə gün az, bir qismində isə çox çəkir.  Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. Qeyd edim ki, aylardır davam edən Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruh sağlığı üçün zərərli amildir. Xüsusilə nevrozun müxtəlif növləri olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.

- Sizə həm əvvəlki xəstələrinizdən həm də yeni insanlardan bu günlərdə müraciətlər artıbmı?

- Həkim-nevroloq kimi mən koronavirusdan əziyyət çəkən xəstələrlə birbaşa təmasda olmuram. Mənə insanlar hələ xəstəlik Çində yayılmağa başladığı vaxtlardan müraciət edirdi. Bəzi insanlar hələ o vaxtdan panikaya düşür, əsəbi gərginlik yaşayırdı. Mən onlara təmkinli olmağı, sakitləşməyi və panikaya düşməməyi tövsiyə edirdim. İndi də mənə bununla əlaqədar müraciət edənlər az deyil. İnsanlar cüzi bir narahatçılıq hiss etdikdə dərhal psixoloji olaraq virus daşıyıcısı olduğunu düşünür. Mənə müraciət edənlərə xəstəliyin simptomlarını sadalayıram və onlarda bu əlamətlərin heç biri olmur, müəyyən bir rahatlıq yaranır. Bəzi insanlar var ki, mövcud vəziyyətlə bağlı digərlərindən daha artıq həyəcan və gərginlik keçirir. Adi mövsümi qripdən əziyyət çəkirsə, yenə də qorxu və həyəcana qapılır, koronavirusa yoluxduğunu düşünür. Hər bir insan evdə özünü stress-test edib xəstəliyin əlamətlərinin onda olub-olmadığını müəyyənləşdirə bilər. Sadalanan əlamətlərin heç biri yoxdursa, demək narahatlığa və stress keçirməyə də əsas qalmır.

- İndi çox vacib olan karantin, izolyasiya, sosial məsafə saxlamaq halları insanların ovqatına, əsəb sisteminə ilk növbədə necə təsir göstərir? Sizcə müasir insanın, indiyə qədər rahatlığa alışmış adamların əsəb sistemi buna nə dərəcədə dözümlüdür?

- Təbii ki, hər gün evdən çıxıb işə gedən, günün böyük hissəsini cəmiyyət arasında keçirən insan üçün uzun zaman evdə oturmaq heç də asan deyil. Lakin belə bir vəziyyətdə bunun səbəblərinə diqqət yetirməli və özümüzü evdə qalmağa motivasiya etməliyik. Hazırkı dövrdə koronavirusdan qorunmağın yeganə yolu evdə qalmaqdır. Təhlükə sovuşana qədər evdə qalmaq məsləhətdir. Bu, həm insanın özü, həm doğmaları, həm də bütövlükdə cəmiyyət üçün çox vacibdir. İnsanlar özlərinə təlqin etməlidirlər ki, evdə qalmaq heç də çətin və darıxdırıcı deyil. Bunun üçün müəyyən qaydalara əməl etmək lazımdır. İlk növbədə gündəlik rejimi pozmamağa çalışmalıyıq. Normal qidalanmaq, bol meyvə, tərəvəz yemək, çoxlu maye qəbul etmək məsləhətdir. Yuxu rejiminə əməl etmək vacibdir. İnsanlar dərk etməlidirlər ki, bu vəziyyət müvəqqətidir. Bir müddət sonra həyat öz axarına düşəcək. Əslində, evdə qalmaq ailə ilə birlikdə gözəl vaxt keçirməyə əla fürsət yaradıb. Bundan səmərəli istifadə etmək lazımdır.

- Əlavə gərginlik, stres yaşamamaq üçün nələrə meyillənməyi, nələrdən isə uzaq olmağı məsləhət görürsünüz? Kimisi bunun üçün film izləməyi, kimisi kitab oxumağı, kimisi başqa hansısa fərdi məşğuliyyətləri önə çəkir. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Pandemiya dövründə ilk növbədə ruhi sakitliyi qorumaq çox vacibdir. Mümkün qədər bir işlə məşğul olmaq, keçmişi, xatirələri yada salmaq, gözəl günləri xatırlamaq, fotoşəkillərə baxmaq məsləhətdir. Müxtəlif məşğuliyyətlər tapmaq, mütaliəyə baş vurmaq da yaxşıdır. Bacardıqca fikrini bu vəziyyətdən yayındırmaq, pandemiyanın yaratdığı gərginlikdən qurtulmaq lazımdır. Zəruri tələb və qaydalara əməl etməklə bərabər, koronavirus mövzusunu mümkün qədər zehnimizdən uzaqlaşdırmalıyıq.

- Ancaq bu günlər istər-istəməz hamı televiziyadan, sosial mediyadan və saytlardan davamlı olaraq virus haqqında xəbərləri izləyir. Xəstəlik barədə, ölüm halları haqqında foto və videolara baxır. Bu da bir yandan əsəb gərginliyi, əlavə depressiya mənbəyi deyilmi və immunitetə bunların da mənfi təsiri varmı?

- İmmun sistemimiz viruslar və zərərli bakteriyaların səbəb olduğu infeksiyalara və xəstəliklərə qarşı bədənimizin təbii qoruyucusudur.  İmmunitet zəif olduqda sağlam və yoluxmuş toxumaları ayırd edə bilmir, buna görə də fəaliyyəti zəifləyir.  Koronavirus da məhz immuniteti zəif olan insanlarda daha çox rast gəlinib və artıq minlərlə insanın həyatına son qoyub. Bu kimi virus və xəstəliklərdən qorumaq üçün immuniteti təbii şəkildə gücləndirmək lazımdır. İmmun sistemini qorumaq və gücləndirməyin mühüm bir yolu da hər cür stress verən, əsəbi gərginlik yaradan informasiyalardan yayınmaq, belə hallardan uzaq olmaqdır. Koronavirus təhlükəsi insanları stress və gərginliyə salıb. Stress hormonları immun sistemi üçün dağıdıcı xassəyə malikdir. Bunu nəzərə alaraq, stressə düşmək deyil, bundan yaxa qurtarmağın yollarını axtarmaq vacibdir.

- Sırf peşəkar yöndə məsləhətləriniz, təcrübəli həkim kimi tövsiyələriniz ilk növbədə nələrdir? Yəni bir qədər sakitləşmək, mənəvi müvazinətini qorumaq üçün əksəriyyətin istifadə edə biləcəyi həblər, yaxud başqa tibbi vasitələr, müəyyən hərəkətlər olsun, bu cəhətdən nələri məsləhət görərdiniz?

- Əgər kimsə bu vəziyyətdən panikaya düşüb hədsiz həyəcanlanırsa, təşviş, qorxu içindədirsə, ona mütləq ixtisaslı həkim köməyi, nevroloji yardım lazımdır. Əsasən köhnədən “panik atak”ı olan insanlarda gərginlik, qorxu, stress kimi hallar özünü büruzə verir. Belə insanlara həkim yardımı mütləqdir. Əks təqdirdə, keçirdiyi gərginlik və stresdən onların sinir sitemi daha çox zərər görə bilər. Həkimə qədər onlar ev şəraitində də nələrsə edə, müəyyən dərman preparatları ilə vəziyyətdən çıxa bilərlər. Belə insanlar sakitləşmək üçün uyğun dərman preparatları, məsələn, “Ekstrakt valerian”, “Korvalol”, “Validol” qəbul  etsələr, yaxşı olar. Sakitləşmək üçün müxtəlif tənəffüs hərəkətləri yerinə yetirə bilərlər. Məsələn, qısa nəfəs alma və uzun nəfəs vermə hərəkətini təkrarlamaları məsləhətdir. Digər bir köməkci variant isə salafan torbanı başa keçirib bir qədər bu şəkildə nəfəs almaqdır. Bu zaman oksigen azalır, karbon çoxalır. Karbonun çoxalması nəticəsində “panik atak” spazması azalır və insan sakitləşir. Əgər bu tədbirlər də nəticə vermirsə, mütləq həkimə müraciət edilməlidir.

- Şəxsən siz özünüz bu günlərdə necə davranırsınız? Yəni ki, özünüzün əsəbi gərginliyinizi necə aradan qaldırır, mənəvi tarazlığınızı qorumaq üçün nə edirsiniz?

- Koronavirus təhlükəsi ilə əlaqədar mənim həyat tərzimdə də müəyyən dəyişikliklər baş verib. Əvvəllər müntəzəm qaydada çıxıb parkda gəzirdim. Ancaq mövcud vəziyyətlə əlaqədar evdə qalmağa üstünlük verirəm. Daxili sakitliyimi qorumağa çalışıram. Mənəvi tarazlığımın pozulmaması üçün insanlara tövsiyyə etdiyim bütün vasitələrdən özüm də yararlanıram. İşə gedib-gələn zaman isə sanitar-gigiyena qaydalarına ciddi əməl edirəm. Bilirəm ki, bu vəziyyət müvəqqətidir, tədricən hər şey öz əvvəlki ahənginə düşəcək və bu fikir məni sakitləşdirir.



                 

Xəbər lenti