İstedadlı gənc müğənni, “Qaya” qrupunun solisti Nigar Cəlilova “525-ci qəzet”ə müsahibə verib.

Axşam.az xəbər verir ki, Nigar Cəlilova nəsildaşları arasında özünün fərqli səs tembri, müxtəlif janrlara müraciəti ilə seçilir. Onun əsas məqsədi milli musiqimizi peşəkar səviyyədə təmsil etməkdir. İfaçı söhbət zamanı sənəti, yaradıcığı və bir çox digər mətləblər haqqında fikirlərini bildirib. Həmin müsahibəni təqdim edirik:

"Bu istedad ailədən gəlir"

- Nigar xanım, musiqiylə tanışlığınız necə başladı?

- Musiqiylə tanışlığım uşaq yaşlarımdan başlayıb. Bu istedad ailədən gəlir.  Mən rəhmətlik sənətkarımız Elçin Cəlilovun qardaşı qızıyam. Ailədə artıq bu sənətlə məşğul olan var idi. Bildiyiniz kimi, ailənin də çox böyük təsiri var. Qardaşım da, mən də musiqiçiyik. Kiçik yaşlarımızdan muğamı, klassik mahnıları, hər bir musiqini dinləyirdik. Sonra ailəmiz gördü ki, biz onların yolunu davam etdirəcəyik, bizi Bülbül adına orta ixtisas məktəbinə qoydu. Mən muğam ixtisasında idim, qardaşım isə musiqişünaslıq. İkimiz də orda oxumağa başladıq. Təhsil müddətində artıq bir sıra dövlət tədbirlərində, konsertlərdə çıxışlarımız olurdu. Bülbül adına musiqi müsabiqəsinə qatıldım, birinci yeri tutdum. Sonra Xalq artisti, gözəl bəstəkarımız Aygün Səmədzadə ilə tanış olduq, onunla işləməyə başladıq. Bu günə kimi də işləyirik. Bizi ilk böyük səhnəyə o çıxartdı. Həmin vaxt mənim 16 yaşım var idi. Heydər Əliyev Sarayında onun yaradıcılıq gecəsində "Dəniz" adlı əsərini səsləndirmişdim. Aygün xanımın bizim hər ikimizin üstündə çox böyük əməyi var. Bülbül adına məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul oldum. Hazırda oranın magistr tələbəsiyəm. Orada bakalavrda muğam ifaçılığında idim, magistrda isə klassik estradanı seçdim. Çünki muğamı öyrənsəm də, tərzim daha çox estradaya yaxındır. Tələbə ikən rektorumuz, Xalq artisti Siyavuş Kərimi məni "Qaya" vokal ansamblına göndərdi. Rəhbərimiz Rauf Babayevdir. Onun sayəsində hazırda tamam başqa tərzi-cazı öyrənirəm, qrup şəklində ifalarımız olur.

-  "Qaya" bizim üçün nostaljidir. Siz oraya getmədən öncə bu qrupun keçmişiylə bağlı məlumatınız vardımı, uşaqlıqda dinləmişdinizmi?

- Əlbəttə, məlumatım vardı, dinləyirdim. "Bəri bax" ansamblı, sonra da "Qaya" uşaqlığımızdan eşitdiyimiz, bildiyimiz qrup idi. Klassik "Qaya"nın ifaları indiyə qədər yadımdadır. Rauf müəllim də vaxtıyla bu qrupun solisti olub. Onu həmin vaxtlardan tanıyırdıq. Amma düzünü deyim ki, nə zamansa özümün orda ifa edəcəyimi heç vaxt düşünməmişdim. Elə bir fikrim də yox idi. Siyavuş müəllim məni göndərəndə dedi ki, sən ordan çox şey öyrənə biləcəksən. Həqiqətən də elə oldu. O zamana kimi muğamı, klassik estradanı öyrənmişdim, "Qaya" ilə isə daha fərqli və özümçün orijinal tərzləri öyrənirəm. "Qaya" Mədəniyyət Nazirliyinin nəzdindədir, oranın bütün dövlət tədbirlərində iştirak edirik. Ondan öncə isə Azərbaycan Televiziyasının solisti idim, amma indi çıxmışam, ehtiyac olsa, yenidən qayıda bilərəm.

 

- Elçin Cəlilovun qohumusunuz. Onu necə xatırlayırsınız?

- O, rəhmətə gedəndə uşaq idim, cəmi səkkiz yaşım var idi. Amma onu mehriban, dəyərli insan, əmi kimi xatırlayıram. Müğənni olaraq da çox dəyərli sənətkar idi. İndi özüm bu mühitin içərisinə gələndən sonra həmişə onun haqqında xoş sözlər eşidirəm, onunla fəxr edirəm. Həmişə onun ifalarını dinləyirəm və hər dəfə yeni nələrsə öyrənirəm. Hər tərzdə, hər janrda oxumağı bacaran sənətçi idi. İndi gənclər var ki, onlar da ondan öyrənirlər. Elçin Cəlilov Azərbaycan musiqi sənətində məktəb idi.

- Dediniz ki, qardaşınız da bu sənətlə məşğuldur. Birgə ifa etdiyiniz olurmu, ya da planınız varmı?

- O, məndən bir yaş böyükdür. Mənim kimi Bülbül məktəbini bitirdi, musiqişünasdır. Bakı Musiqi Akademiyasında oxudu, bitirdi. Hazırda Avstriyanın Viyana şəhərində Konservatoriyaya daxil olub, təhsilini orada davam etdirəcək. İkimiz də ifaçıyıq, tərzlərimiz də hardasa eynidir. Amma o, əsasən, klassik ifaçıdır, vokal, opera oxuyur. Səsimizin tembri uyğun gəlmədiyi üçün birgə iş görə bilmirik. Ancaq Aygün xanımın sayəsində olub ki, bir neçə əsər birgə ifa etmişik.

"Muğamı bilmək ifaçı üçün avantajdır"

- Sizcə, müğənni üçün əsas istedaddır, yoxsa musiqi təhsili də şərtdir?

- Əlbəttə, şərtdir. Əgər özünü musiqiçi adlandırırsansa, ali təhsilin olmalıdır. Tək ali təhsil deyil, not bilmək, ifa etdiyin janrı tanımaq vacib şərtlərdəndir. Bu zaman bir pillə öndə olursan. Doğrudur, indi elə ifaçılarımız var ki, musiqi təhsili yoxdur, ancaq çox gözəl oxuyurlar. Ancaq musiqi təhsili, məncə, vacibdir, olmalıdır.

- Janr fərqliliyi sizə necə təsir edir? Özünüzü əsasən hansı janrda tapırsınız?

- Janr fərqliliyinin çox təsiri var, bu, xoşuma gəlir. Hazırda hansı janrı ifa edirəmsə, elə özümü də o janrda tapıram. Muğamı öyrənmək çox gözəldir, lazımdır, amma özümü muğamda tapmadım. Sadəcə bu, ifaçı üçün avantajdır, lazımdır deyə onu öyrəndim, heç də peşman deyiləm. Tədbirlərdə, konsertlərdə sırf öz tərzimdə ifa etmişəm. Klassik estrada, retro mahnıları, bəstəkar mahnıları və sair.

 

- Gələcəkdə hansısa layihə çərçivəsində oxuduğunuz bütün janrları birləşdirməyi düşünürsünüzmü?

- Bəli, mənim istiqamətim belədir ki, bu cür fərqli janrlarda oxuyan ifaçılar azdır. Mən də bunu özümdə genişləndirmək və gələcəkdə konsertimdə özümü hər sahədə göstərmək istəyirəm. Bu yaxınlarda gözəl sənətçimiz Sərxan Sərxanla "Qaya" qrupunun birgə konserti oldu. O konsertdə bütün janrlarda ifa etdim. Hələ ki, öyrənməyə davam edirəm. Gələcəkdə fərqli layihələr, fərqli ifalar olacaq.

- Hansı ifaçıları dinləyirsiz?

- Çalışıram yaxşı olan bütün ifaçıları dinləyim. Əsasən caz, klassik estrada, muğam, xarici musiqilər dinləyirəm. Öyrənmək üçün isə klassik estrada, retroya üstünlük verirəm. Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev və başqalarını dinləyirəm. Müasirlərdən də dinlədiklərim olur. Gənclər arasında çox sevdiyim ifaçılar var. Ümumiyyətlə, gənclər arasında tanınan, tanınmayan çox istedadlı müğənnilər var.

- İlk uğurunuz nəyi hesab edirsiniz?

- İlk uğurum elə məktəb zamanlarımdan başladı. Müsabiqədə birinci yeri tutmağım, Aygün xanımla dövlət tədbirlərində iştirakım, Konservatoriyaya qəbul olmağım, magistratura təhsilim-bunların hamısını uğurlarım hesab edirəm. Tələbə ikən 2018-ci ildə Latviyada Beynəlxalq Musiqi Festivalına qatıldım və ikinci yeri tutdum. Məncə, yaşıma görə uğurlarım çoxdur. Bundan sonra da çalışacam daha çox olsun.

- Bu yolda qarşınıza nə cür çətinliklər çıxır?

- Mən ta uşaqlığımdan qarşıma qoyduğum məqsədlərlə yaşamış və onlara doğru getmişəm. Heç vaxt harasa baxıb "kaş ki, mən də orda olaydım" deməmişəm, "mən də orda olacağam" demişəm və olmuşam da. Məncə, uğurun birinci sirri elə məqsəddir. Məqsəd olandan sonra çətinliklər elə bir önəm daşımır, bir yolla öhdəsindən gəlirsən. Çox da populyar müğənni olmaq istəmirəm. Hazırda əsas məqsədim magistraturanı bitirib Azərbaycan musiqisini professional şəkildə təmsil etməkdir. Doğrudur, maddiyyat baxımından bunlar kifayət etmir, bunlar üçün də maddi dəstək lazımdır. Müğənninin də gəlir yeri toylar, restoranlardır. Mənsə, bunu istəmirəm. Dövlət tədbirləri, qastrollar mənimçün əsasdır. İstəyim klassik musiqimizi dünyada təmsil etmək və gələcək nəsillərə ötürməkdir. 

 

- Muğam Müsabiqəsi keçirilirdi, qatılmaq fikriniz olubmu?

- Bir ara istədim mən də qatılım, hətta hazırlaşırdım da. Sonra fikrimdən daşındım, ehtiyac görmədim. Axı mən muğamı davam etdirmək istəmirdim. O müsabiqə ilə özümü məhdudlaşdırmış olacaqdım, sonra hamı məni trio ilə dəvət edəcəkdi. Müsabiqələr istərdim ki, çox olsun. Bizdə çox keçirilmir. Əsas Beynəlxalq müsabiqələri nəzərdə tuturam, amma yenə də əvvəl daha çox idi. Məsələn, "Yeni ulduz", "Xalq ulduzu" vardı. Uşaq vaxtı baxıb, "Xalq ulduzu"na gedəcəm deyirdim, amma mən böyüyənə qədər müsabiqə bitdi (gülürük).

"Çox istərdim ki, gələcəkdə həyatımda olacaq insan mənim sənətimə qadağa qoymasın"

- Bir xanım olaraq bu sənətdə irəliləyərkən narahatlıq yaradacaq durumlarla qarşılaşırsınızmı?

- Bəzən olur elə şeylər. Mən pozitiv insanam, deyib-gülənəm. Hərdən bunlar yanlış anlaşılır, bundan çox məyus oluram, yoruluram. Amma deyim ki, bu da insanın özündən asılıdır. Yanlış anlaşılmaya da bilərik. İnsanlar fərqlidir, düşüncələr fərqlidir. Bunların qarşısını ala bilmərik ki. Bəzən olur, deyirəm daha belə davranmayacam, kimsəylə səmimi olmayacam, amma bir müddətdən sonra yenidən eyni vəziyyətə qayıdıram. Görünür, bu, artıq xasiyyətdir, dəyişə bilməz. Bir tərəfdən xoşdur, səmimiyyət, gülərüzlülük hər zaman yaxşıdır, amma həqiqətən yorulduğum, çox enerji sərf etdiyim də olur.

- Bir insan kimi Nigar Cəlilova kimdir?

- Nigar Cəlilova Azərbaycan musiqisini professional şəkildə təmsil edə biləcək biridir. Bir insan olaraq çox güclüyəm. Məyusluğumu, ruh düşkünlüyümü heç kimə göstərməməyə çalışıram. İnsanlığa böyük önəm verirəm. Hər mühitə uyğunlaşmağı bacarıram. Oxuduğum tərzlər fərqli olduğu kimi, bu tərzdəki ifaçıların da hər biri fərqli xüsusiyyətə sahibdir. Çalışıram ki, hamısıyla dil tapa bilim, uyğunlaşım, problem yaşamayım. Çox şükür ki, yaşamamışam da.

- Mahnıların sözləri daha çox sevgidən, məhəbbətdəndir, sizinçün sevgi nədir?

- Buna cavab vermək çətindir. Çünki indiyə qədər o dərin hissi yaşamamışam. Yəqin ki, gələcəkdə yaşayaram. Bilirəm ki, onda daha çox hiss edərək ifa edəcəm mahnıları. Siyavuş müəllimin "Gecikmiş məhəbbət" mahnısını ifa edirdim. O, dedi ki, sən bunu yaşamamısan deyə o duyğunu verə bilmirsən. Bunu oxumaq üçün o hissləri yaşamaq, hiss eləmək lazımdır. Mən onu ifa etdim, amma Siyavuş müəllim dedi ki, mən bir bəstəkar kimi o duyğunu almadım, sən bunu 40 yaşından sonra daha yaxşı ifa edə bilərsən. Amma mən bu cür sevgi yaşamaq istəmirəm.

- Bəs nə cür sevgi istəyirsiniz?

- Problemsiz, əziyyətsiz (gülür). Mənimçün sevgi qarşılıqlı anlayışdan və hörmətdən başlayır. Əgər o hörmət varsa, sonradan sevgi də yaranar. Sevgi zaman istəyir. İnsan necə davranırsa, qarşılığında onu da görür. Bu sənətdə evlilik, məncə lazımdır. Xüsusən, qadın üçün. Çünki 25 yaşdan sonra qadın sərbəstləşir, sənətinə daha çox bağlanır, sərbəstliyini məhdudlaşdırmaq istəmir. Amma fikrimcə, hər şeyin zamanı var. Çox istərdim ki, gələcəkdə həyatımda olacaq insan mənim sənətimə qadağa qoymasın.

"Mənə "ruskoyazıçnaya" xanəndə" deyirdilər"

- Ədəbiyyatla aranız necədir?

- Bədii ədəbiyyatı sevirəm, vaxt tapdıqca oxuyuram. Daha çox rus dilində oxuyuram. Xüsusən, işimiz şeirlər olduğuna görə poeziya, muğam üçün isə qəzəllərə daha çox diqqət ayırmalı oluram. Füzuli, Seyid Əzim, Vahid və sair kimi şairlərin qəzəllərini oxuyuruq, öyrənirik. Yeni qəzəllər öyrənmək çox gözəl bir şeydir, amma etiraf edim ki, mən çox da yeni qəzəllər öyrənməmişəm. Bildiklərim və oxuduqlarım əvvəlkilərdir.

- Rusdilli olmağınız danışarkən çox da bilinmir, amma orta məktəb təhsiliniz rus dilində olub. Bu, qəzəlləri əzbərləyərkən sizə mane olmur ki?

- Yox, elə də çox əziyyət çəkmirəm. Mənim ana dilim Azərbaycan dilidir, dilimi də gözəl bilirəm. Rus dilində təhsil almağımın, kitab oxumağımın ona bir maneəsi olmur. Bəzən mənə "ruskoyazıçnaya xanəndə" deyirdilər (gülürük). Deyirdilər ki, sən necə olur ki, rusdilli ola-ola muğam da oxuyursan. Deyirdim, orda nə var ki, dil mənim dilimdir də.

- Yəqin ona görə deyirlər ki, qəzəldə elə sözlər var, onu anlamaq çətinlik yaradır.

- Onlar da ərəb-fars mənşəlli sözlərdir ki, o sözləri Azərbaycan dillilər özləri də başa düşmürlər. Əsas odur, mən o qəzəlin mahiyyətini, mənasını və ruhunu anlaya bilirəm, öz ifamda da bunu göstərirəm. Çoxu onu hiss eləmir.

- Bu yaxınlarda hansı çıxışlarınız, layihələriniz gözlənilir?

- Türkiyədə konsertimiz olmalıdır. Əhməd Cavadın nəvəsi hər il orda Əhməd Cavadın sözlərinə yazılmış mahnılardan ibarət konsert keçirir. Ötən il keçirilən konsertdə Üzeyir Hacıbəyov, Vasif Adıgözəlov və bir sıra bəstəkarlarla yanaşı Aygün Səmədzadənin də mahnıları vardı. Aygün xanıma özləri demişdilər mahnı bəstələməsini. O da "Bismillah" və "Türk ordusuna" mahnılarını yazmışdı. Mən "Türk ordusuna" əsərini ifa etdim. Həmin konsertdə Azər Zeynalov "Şükriyyə", Azərin "Çırpınırdı Qara dəniz" mahnılarını oxudular. Onlar çox vətənpərvərdilər, "Türk ordusuna" mahnısını da böyük sevgiylə, alqışlarla qarşıladılar. Türkiyənin Simfonik orkestr, xoru və biz çıxış edirdik, "Trt Avaz"da nümayiş edildi. Həmin tədbir Bakıda Filarmoniyada da keçirildi və bu tədbirlər davamlı oldu. Aygün xanım Əhməd Cavadın sözlərinə deyəsən, 15-ə yaxın mahnı yazdı. Onlardan biri də Əhməd Cavadın Şükriyyə xanıma yazdığı, son şeirlərindən biri "Qurban olduğum" idi ki, onu da Pərviz Abdullayevlə birgə duet oxuduq.

- Opera teatrında rol almaq istərdinizmi?

- Əlbəttə, çox istəyərəm. Təklif olsa dəyərləndirərəm. "Ərəbzəngi"də çox zil notlar var, amma məncə, öhdəsindən gələrəm. "Əsli və Kərəm"i çox sevirəm, onu istəyərəm, "Leyli və Məcnun" da həmçinin. Mənsum İbrahimov məni "Leyli və Məcnun"a dəvət etmişdi. Deyir, səndə Leyli ruhu var, bacararsan. Görək, qismət olsa, gedərəm.

- Təhsilinizi tamamladıqdan sonra müəllim kimi fəaliyyət göstərmək istərdinizmi?

- Çox istəyərəm. Uşaqları çox sevirəm, onlarla işləmək və öyrətmək səbrim də var. Hələ ki, özümü hazır hiss etmirəm, amma gələcəkdə mütləq istəyərəm. Yeni nəslə və bizdən sonrakı nəslə çox ümidliyəm. Görsəniz, Bülbül adına məktəbdə, Konservatoriyada o qədər istedadlı uşaqlar varki. Onların çoxu da xaricə üz tuturlar.

- Bəs sizin xaricə getmək fikriniz var?

- Əslində, var elə bir fikrim, amma mənim tərzim sırf millidir, Avropa ölkələrinə getməyin bir mənası olmaz. Türkiyəyə getmək istəyərəm. Çünki orada konsert sektoru inkişaf edib. İnanıram ki, burda da qalsam, istedadım və tərzimlə özüməməxsus yer tuta biləcəm.



Xəbər lenti