Şah İsmayıl Xətaiyə aid əsərin nadir nüsxəsi tapılıb

Şah İsmayıl Xətaiyə aid əsərin nadir nüsxəsi tapılıb
814 dəfə oxunub
  • A-
  • A
  • A+

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

Axşam.az xəbər verir ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. kimi tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkarlanaraq ilkin tədqiqata cəlb edilib. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də yer alır.

Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan əlyazma Azərbaycanın böyük dövlət və hərb xadimi, eyni zamanda da anadilli şerimizin ən gözəl nümunələrini yaratmış Şah İsmayıl Xətainin türkcə “Divan”ının ən unikal nüsxəsidir. Xətainin anadilli “Divan”ının bundan başqa Britaniya Muzeyində və İran İslam Respublikasında da nüsxələri qorunmaqdadır.

Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə edilib.

Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi isə h. 942-ci il (m.1535) kimi qeyd edilib. Katibi Mahmud Nişaburidir. Əlyazma incə nəstəliq xətti ilə Şərq kağızına yazılıb. Əlyazma mətni iki hissədən ibarətdir və ənənəvi olaraq bəsmələ ilə başlayır (2b). Ümumilikdə mətn iç-içə olan iki çərçivədə yerləşdirilib. Əlyazmanın 14b səhifəsindən isə mavi mürəkkəblə verilmiş “fil-qəzəliyyat” qeydindən sonra Xətainin qəzəlləri başlayır. Qəzəllər əlyazmanın 14a-83b səhifələrini əhatə edir. Burada Xətainin ümumilikdə 239 qəzəli və 10 tuyuğu yer alır.

Onu da bildirək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın bir zamanda transfoneliterasiya edilərək fotokafsimileli nəşr ediləcək və rəsmi surətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcək.