Azərbaycanda peşəkar milli teatrın yaranmasının 147 ili tamam olur.

Axşam.az xəbər verir ki, 1873-cü ilin 10 mart tarixində Bakıda böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib.

Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycanın ədib və ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərlərində, eləcə də Tiflisdə və İrəvanda teatr tamaşaları təşkil edib və bununla da onu kütləvi sənət növünə çevirməyə nail olublar.

10 martın “Milli Teatr Günü” kimi qeyd olunması həm teatra, həm də onu yaradan və yaşadanlara sevgi və ehtiram deməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixdə imzaladığı “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncam dövlətin bu zəngin tarixə, ümumilikdə teatr sənətinə diqqətinin bariz nümunəsidir.

Azərbaycan teatrları hər il öz repertuarlarını milli və xarici dramaturgiyanın maraqlı nümunələri ilə zənginləşdirir, yeni sənət meyarları nümayiş etdirərək tamaşaçıların zövqünü oxşayırlar.



                 

Xəbər lenti