Milli Teatr Gününüdə “Qızıl balıq” olacaq

Milli Teatr Gününüdə “Qızıl balıq” olacaq
272 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Kukla Teatrı 10 mart- Milli Teatr Günündə Puşkinin yaradıcılığına müraciət edərək “Balıqçı və balıq haqqında nağıl”ını təqdim edəcək.

Axşam.az xəbər verir ki, “Qızıl balıq” adı verilən bu tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur.

Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışacaq.

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev budəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb.

Birhissəli kukla tamaşasının bəstəkarı Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.

Tamaşada obrazları teatrın aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Elgün Həmidov və Günay Əhməd canlandırırlar.

Azərbaycan və rus bölmələri üzrə hazırlanan tamaşa martın ortalarında balaca teatrsevərlərin ixtiyarına veriləcək.