Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” filminin premyerası olub - Fotolar

Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” filminin premyerası olub -  Fotolar
279 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, bu, “Salnamə” kinostudiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerasıdır.

Filmin premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Cəlil yaradıcılığı ilə bağlı məlumat verib, böyük ədib haqqında filmin çəkilməsini onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin Mirzə Cəlilin anadan olmasının 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamını diqqətə çatdırıb. Dövlətimizin başçısının bu cür sərəncamlarını görkəmli ədiblərimizin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.

Sonra ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınıb.

Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.

Sonra film nümayiş edilib.