Azərbaycanda koronavirusa yoluxanların vəziyyəti necədir?

Azərbaycanda koronavirusa yoluxanların vəziyyəti necədir?
3937 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hazırda koronavirus olan 3 xəstəmiz var. Onların vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar”.

Axşam.az aztv.az-a istinadla xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva “Əsas məsələ” verilişində deyib.

Şöbə müdiri bildirib ki, hələ yanvarın 30-dan etibarən koronavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər planı olub:

“Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi. Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən də TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan qabaq infeksiya sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi”.

TƏBİB rəsmisi söyləyib ki, hələ yanvarda Azərbaycanın Çindəki səfirliyi tərəfindən rəsmi sənəd göndərilib:

“O sənəddə Çin Xalq Respublikasında bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu. Çünki bu, yeni bir virusdur. Oradakı həkimlər virusun patogenizi, klinik xüsusiyyətləri və müalicədə istifadə olunan dərman preparatları haqqında məlumat vermişdilər. Onun əsasında da biz o vaxt artıq plan tərtib etmişdik.

Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki infeksiyanın hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin resperator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur”.