“İstehkam” təqdim olunacaq

“İstehkam” təqdim olunacaq
353 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 27-də Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində  görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı tamaşaçılara təqdim edəcək.

Axşam.az xəbər verir ki, Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdiriləcək.

Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ümüd Abbas,quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanan tamaşada rolları aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas canlandırır.

1 saat 15 dəqiqəlik tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır. Tamaşa hər kəsin öz istehkamında müdafiə olunmağına baxmayaraq, hamının günahkar olduğundan bəhs edir.