Fateh bu zarafata görə üzr istədi - Video

Fateh bu zarafata görə üzr istədi -  Video
2991 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-də yayımlanan “Fatehin divanı” proqramında “Youtube”da yayımlanan “Zarafat +” verilişinin heyəti qonaq olub.

Axşam.az xəbər verir ki, onlar veriliş zamanı aparıcı DJ Fatehlə Hz.Adəm və Həvva haqda zarafat ediblər. Fateh komandanın üzvü, aktyor Kənan Yusifova “Adəmlə Həvva cənnətdən hansı mahnının sədaları altda qovulublar” deyə, sual ünvanlayıb. Kənan isə “Ay canıyanmış” sözləri ilə studiyadakıları güldürüb. Daha sonra aparıcı doğru cavabın “Almanı dərdin daha bağda qalma” mahnısı olduğunu bildirib. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. İstifadəçilər aparıcını tənqid atəşinə tutublar.

Daha sonra həmin görüntülər İTV-nin rəsmi “Facebook” hesabından silinib, aparıcı isə üzr istəyib:

“Dostlar! Etiraf edirəm, “Fatehin divanı” verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözü gedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm”.

Aktyor Kənan Yusifov da sosial şəbəkədə paylaşım edərək üzr istəyib.

“Xoşgəlməz bir situasiyanın içindəyəm. Olmadığım bir adam kimi tanınıram. Nə həddimizədir ki, dini məsxərəyə qoyaq. Bu, ehtiyatsızlıqdan, ani düşüncəsizlikdən yaranan bir şeydir. Bir şey deməsəm də, iştirakım və gülüşüm var. Hər birinizdən üzr istəyirəm”.