Fevralın 18-i, saat 15:00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olacaq.

Axşam.az xəbər verir ki, tamaşa Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi ilə “Əngəlləri səhnədən aşaq...” sosial layihəsi çərçivəsində həyata keçirilir.

Yaradıcı heyət bu dəfə teatrın nəzdində yaradılan azyaşlı aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.

Abdulla Şaiqin “Gözəl Bahar” pyesinin motivləri əsasında səhnələşdirilən tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

Birhissəli  musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə,  Aslımaral Umarova, Sofiya Əlizadə,  Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı və başqaları ifa edirlər.

Qeyd edək ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatına üzv fiziki məhdudiyyətli istedadlı balacaların da yer aldığı “Küllücə” teatr-studiyası iki ildir fəaliyyət göstərir və bu müddət ərzində ətrafına xeyli sayda fiziki və əqli məhdudiyyətli balacaları toplaya bilib.



                 

Xəbər lenti