Hiyləgər xəstəlik - Osteoporoz

Hiyləgər xəstəlik -  Osteoporoz
4200 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaş 30-u keçdikdən sonra onurğada qəribə ağrılar başlayır. Səbəbi bilinməyən bu narahatçılıq hərdən yox olur, hərdən də artır. Eyni zamanda özünüzü əzgin, narahat hiss edirsiniz.

Axşam.az xəbər verir ki,  bəzən sümüklərdə səbəbi məlum olmayan daxili sınıqlar əmələ gəlir. İnsanlar belə sınıqlara çox da önəm vermirlər. Elə düşünürlər ki, bu, soyuqdəymənin əlamətidir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazlıq pozularsa, osteoporoz xəstəliyi yaranar. 30 yaşından sonra isə sümüklər öz çəkisini itirməyə başlayır.

Osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar əmələ gəlir. Bu sınıqlar əsasən mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Xəstəliyin ilk iki-üç ayında sümüklər öz çəkisini 4 faiz itirir.

Az hərəkətlilik, kalsium və D vitamini çatışmazlığı, stress, vaxtlı-vaxtında qidalanmamaq osteoporoz əlamətlərinin erkən başlamasına səbəb olur.

Əgər insanda kürək ağrıları, boyun artmaması, donqarlaşma halları baş verirsə, demək o osteoporozun əsiridir.

 

Dəhşətli fəsadlar:
Osteoporoz xəstəlik kimi çox da qorxulu deyil. Amma onun törətdiyi fəsadlar daha dəhşətlidir. Bud sümüyünün sınıqlığı çox vaxt əlilliyə gətirib çıxarır. Osteoporoz zamanı orqanizmdə funksiya pozğunluğu baş verir. Bu halda olan hər beşinci xəstə dünyasını dəyişir. Xəstəliyin başlamasından 6 ay sonra qan dövranı pozulur, damarlarda tromb əmələ gəlir, orqanizmin müqaviməti azalır və infeksion xəstəliklər başlayır. Belə xəstələr müalicəsiz qaldıqda yataq rejiminə düçar olurlar.

Əlinizə düşən dərmanı qəbul etməyin:
Osteoporozu müalicəsiz qoymaq olmaz və onun ağrılarını dərmanlarla aradan qaldırmaq təhlükəlidir.
Müalicənin əsas hissəsi sümüyün qırılmasının, burada gedən dağılma prosesinin qarşısını alan dərmanlar qəbul etməkdən ibarətdir.

Qədim dövrlərdə osteoporoz 40 yaşdan yuxarı insanların xəstəliyi hesab edilirdisə, indi onun yaş həddi daha da cavanlaşıb. Getdikcə cavanlaşan xəstəliyə indi hətta 27 yaşında olan qadınlarda da rast gəlmək mümkündür. Erkən osteoporoz əsasən, yetkinlik çağına gec girən qızlarda aşkarlanır.

Risk altındasan. Əgər sən...
· Yaşın 40-dan yuxarıdırsa
· Əgər yaxınların osteoporozdan əziyyət çəkibsə
· Aylıq tsikldə pozğunluqlar varsa
· Uşaqlıq və ya yumurtalıqların çıxarılıbsa
· Böyrək çatışmazlığından, revmatoid artritdən əziyyət çəkirsənsə
· Yerli-yersiz pəhriz saxlayırsansa
· İşin oturaqdırsa
· Vaxtlı-vaxtında qidalanmırsansa

Osteoporoza qarşı qəbul edilən dərmanlar təzyiqi qaldırır. Buna görə də belə xəstələr daim həkim nəzarətində olmalıdırlar. Müalicədən əvvəl xəstənin oynaqlarında duz olub-olmadığını yoxlamaq vacibdir. Əgər oynaqlarda duz varsa, onu mütləq təmizləmək lazımdır.

Osteoporoz zamanı masaj qətiyyən qadağandır. Sümüklər incəldiyi üçün onların sınma riski böyükdür.

Profilaktik tədbir:
Doğru qidalanma, süd və süd məhsulları, brokkoli və ispanaq, digər tünd yaşıl rəngli yarpaqları olan tərəvəzlər, yağlı balıq yemək risqi azaldır. Tez-tez idman etmək məsləhətdir. Gündə bir dəstə cəfəri yemək orqanizmi kalsiumla, fosfor və kükürdlə təmin edir. Bu da osteoporoz riskini azaldacaq ən yaxşı vasitələrdəndir. Oturaq işdə çalışanlar tez-tez gəzintiyə çıxmalıdırlar. Yay mövsümündə bolluca günəş vannası qəbul etmək lazımdır.
Təhlükəlidir: osteoporoz zamanı spirtli içkilər koka-kola içmək, siqaret çəkmək, çox arıqlamaq.