Əliqismət Lalayev İrana gedir

Əliqismət Lalayev İrana gedir
1325 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının təşkilatçıları tərəfindən bu tədbirin bir qolu olan V İran Teatr Sərgisinə rəsmi dəvət alıb.

Axşam.az xəbər verir ki, rejissor sərgidə iştirak etmək məqsədi ilə 1-7 fevral 2020-ci il tarixlərində qonşu ölkədə səfərdə olacaq.

Ə.Lalayev dəvətin Beynəlxalq “Fəcr” Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmət kimi qiymətləndirib:

“Bundan öncə də həm ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Budəfəki sərginin proqramından da hiss etmək olur ki, İranda keçiriləcək festival möhtəşəm mədəniyyət hadisəsinə çevriləcək. Proqram çərçivəsində dünyanın bir çox ölkələrindən dəvət olunan məşhur rejissorların əsərləri oynanılacaq, görkəmli teatr xadimlərinə öz layihələri barədə məlumat vermək fürsəti yaradılacaq.

“Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, görüşlər, müzakilər aparılacaq, müxtəlif janrlarda olan tamaşalara baxış keçiriləcək. Mən də təkcə Akademik Musiqili Teatr barədə deyil, bütövlükdə, Azərbaycanda teatr sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivləri, həmçinin qarşıda duran planlar barədə məlumat verəcəyəm. Əminəm ki, belə görüşlər və təcrübə mübadiləsi ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”.