Uşaqları oğurladığı iddia olunan qadınla bağlı rəsmi açıqlama

Uşaqları oğurladığı iddia olunan qadınla bağlı rəsmi açıqlama
3970 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı iki valideynin "whatsapp" sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb:

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”.

***

13:32 

"Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bu barədə Axşam.az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, BŞBPİ və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq polis idarəsinə gətirilib:

"Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".