Qahirədə 20 Yanvar faciəsindən bəhs edən kitabın təqdimatı olub - Fotolar

Qahirədə 20 Yanvar faciəsindən bəhs edən kitabın təqdimatı olub -  Fotolar
625 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Misirdəki səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, bu gün səfirlikdə Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, nüfuzlu tədqiqatçı və jurnalist Məhəmməd Sələmənin faciənin ildönümünə həsr olunmuş “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Misirin nüfuzlu ictimai-siyasi xadimləri, qəzet redaktorları və media mərkəzlərinin nümayəndələri, jurnalistlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfir Tural Rzayev 20 Yanvar hadisələri barədə məlumat verərək, həmin tarixin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib.

Kitabın müəllifi M.Sələmə “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın arxiv sənədləri əsasında yazıldığını deyərək həmin dövrdə Misir parlamentində bəzi deputatların Bakıda baş verən hadisələri kəskin pislədiyini və buna ciddi etiraz etdiyini, Misir qəzetlərinin bu barədə yazılarının əks olunduğunu qeyd edib.

Müəllif kitabında 1990-cı ildə sovet qoşunlarının 147 nəfərin qətlinə, 700-dən çox insanın yaralanmasına səbəb olan əməlini pisləyib, Bakıda törədilən qırğına şəxsən qol çəkmiş M.Qorbaçovun həmin il Nobel Sülh Mükafatına layiq görülməsinin böyük təəssüf hissi doğurduğunu qeyd edib. O, bununla bağlı həmin il Misir mətbuatında məqalə dərc etdirdiyini xatırladaraq, Misirin dost Azərbaycanın yanında olduğunu, sözügedən kitabın yazılmasının əsas məqsədinin isə həmin hadisələrin təfərrüatını Misir ictimaiyyətinin diqqətinə çatdırmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən kitab səfirliyin maliyyə dəstəyi ilə Misirin Yaxın Şərq Media mətbəəsində çap edilib.

Tədbir Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Tədbir zamanı səfirlikdə 20 Yanvar faciəsini əks etdirən videokadrlar nümayiş etdirilib və fotostendlər quraşdırılıb. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səfirlik tərəfindən çap olunmuş kitabların sərgisi təşkil edilib.