"Eyni dodaq, burun, göz istəyirlər" - Məşhurların kosmetoloqu

"Eyni dodaq, burun, göz istəyirlər" - Məşhurların kosmetoloqu
2611 dəfə oxunub
  • A-
  • A
  • A+

Həkim-kosmetoloq Sevinc Abdullayevanın Axşam.az-a müsahibəsi:

- Daha çox məşhurlarla çalışırsınız. Onların da kaprizləri çox olur. Bundan yorulmursunuz?

- Özümü ulduz həkim hesab etmirəm. Çalışıram işimi yüksək səviyyədə görüm. Mənim üçün məşhur simaların digər pasientlərdən fərqi yoxdur. Hər kəsə eyni xidmət göstərilir. Düzdür, kaprizlidirlər, amma damarlarını tutmuşam.

Üz qadınların ən həssas yeridir. Onlar da çalışırlar ən yaxşı mütəxəssisə müraciət etsinlər. Onların etimadını doğrultmuşam. 15 ildir bu sahədəyəm, tələbələrim var. Amma yenə də öz üzərimdə çalışıram. Bir nöqtədə qalmıram, inkişaf etməyə, yeniliklər öyrənməyə çalışıram.

- Bir müddət əvvələ nəzər salsaq, indi kosmetoloq peşəsi daha çox yayılıb. Sizcə, gəlirli sahə olduğu üçündür?

- Hər bir sahədə peşəkar olsan, yetərincə qazanc əldə edə bilərsən. Əgər sən işini düzgün, təmiz etsən, təbii ki, yanına gələn çox olacaq. Hazırda kosmetoloq sahəsinə maraq çoxdur. Təkcə xanımlar yox, bəylər də kosmetoloq olmaq istəyir. Amma hər kəs uğur əldə etmir. Çox pul qazanmaq üçün bu sahəni seçmədim, işimi xoşlayıram. Xanımlarımızı, hərdən bəylərimizi də gözəlləşdirirəm. Bundan yaxşı nə ola bilər?

 

- Kosmetoloqların işləri çox tənqid edilir. Xanımların get-gedə bir-birinə bənzədildikləri qınanılır.

- Bu, bizim günahımız deyil. Kimsə İnstaqramda bir məşhura baxır, gəlir ki, mənə də bu dodaqdan, qaşdan, gözdən et. Lüks həyat tərzi yaşayan xanımlar kimi olmaq istəyirlər. Bütün qadınlar individualdır. Hər kəs fərqlidir və eyni olmaq istəyi sırf psixolojidir. Hamısı eyni dodaq, burun, göz istəyir. Buna kompleks də deyə bilərik və ya özünə əminsizlik... Cərrah deyiləm və çalışıram xanımların simasında minimum dəyişikliklər edim, təbii halı korlamamaq şərti ilə.

- Sizcə hansı məşhur heç vaxt üzünə kosmetoloji müdaxilə etməyib?

- Açıq deyəcəm, elə biri yoxdur. Hər kəsdə cüzi də olsa dəyişiklik var. Ən azı sırf baxımlı görünmək üçün bəzi inyeksion prosedurlar ediblər. Hətta çoxu da bunu gizlətmir. Bir neçə gün əvvəl Rusiya kanallarının birində Anna Semenoviçin müsahibəsinə baxdım. O açıq aydın etiraf etdi ki, hər həftə kosmetoloq yanına gedirəm. O qədər bəyəndim ki...

 

- Hazırda hansı prosedur xanımlar tərəfindən daha çox istənilir?

- Ən məşhur və sevilən prosedur botulotoksin (botoks) prosedurudur. Xanımların vaz keçilməzi olub. Bu prosedurun əvəzi yoxdur. Yəni mimik qırışların qarşısını alan ən gözəl prosedurdur.

- Yerlı məşhurlardan özünüzə sima kimi aparıcı Afaq Gəncəlini seçmisiz. Deyə bilərsiniz Afaq Gəncəli hansı prosedurları etdirib?

- Bunu açıqlaya bilmərəm. Tək Afaq Gəncəlidə yox, pasientlərimin hamısının etdirdikləri prosedurlar gizli saxlanılır. Afaq xanım üz baxımına çox üstünlük verir. Daim təravətli və gümrah görsənməyə çalışır. Bunun üçün lazımlı prosedurlar edirik, başqa müdaxilələr olunmur.

Hərdən eşidirəm, deyirlər ki, Afaq yanağına dolğu etdirib. Yox, onun öz təbii yanaqlarıdır.

 

- Bir həkim-kosmetoloq kimi xanımlara nə məsləhət görürsünüz?

- İndividuallıqlarını itirməsinlər. Çox vaxt fikir verirəm, xanımlar dodaq, burun, yanaq prosedurlarına üstünlük verirlər. Məsləhət görərdim ilk dərilərinə diqqət yetirsinlər. Dəri təmizliyi və gözəlliyi hamısından vacibdir. Çünki xanımların yaşını dərilərindən bilmək mümkündür. 

- Kosmetoloqa müraciət edə bilməyən xanımlar üzlərinə necə qulluq etsinlər?

- Keçmiş dövrdə analarımız necə üzünə qulluq edirdi? O dövrdə kosmetoloq inkişaf etməmişdi. Ev şəraitində maskalar edərək... İnternetdə hər cür məlumat var. Bütün növ maskaları siz tapa bilərsiniz. Sadəcə dəri tipini bilməlisiniz. Bir də ən əsası gündə iki dəfə - səhər və axşam düzgün vasitələrlə təmizləmək, makiajla yatmamaq və dərini nəmləndirmək vacibdir.

 

Mən də kosmetoloqa müraciət edirəm. Klinikamda olan kosmetoloqların qəbuluna yazılıram. Tələbələrimdir, onlara güvənirəm. Öz üzümdə də çalışıram təbiiliyi qoruyum.

25 yaşdan sonra hər bir xanım kosmetoloqa getməlidir. Bu yaşda əsasən üzdə akne ləkələri olur. Onlara qarşı pilinqlər, iynəli prosedurlar mövcuddur.

İnstaqram: dr.sevinj_abdullayeva