"Mənim üçün həyat yoldaşı tapmaq asandır" - Ayan Babakişiyeva

"Mənim üçün həyat yoldaşı tapmaq asandır" - Ayan Babakişiyeva
27185 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyevanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Artıq 1 aya yaxındır ki, Bakıya gəlmisiniz və yenidən müğənnilik karyerasına başlamısınız. Səbəb nə oldu?

- Hər zaman gəlib-gedirdim. Bu dəfə bir az uzunmüddətli oldu. Amma birdəfəlik gəlməmişəm. Yenə də bir ayağım İstanbuldadır. Vətənimdir, niyə də qayıtmayım ki? İndi isə hər şeyi gözə alıb efirlərə çıxıram.

- Efir qadağalarınız var idi. Onları necə aradan qaldırdınız?

- Heç bir səbəb olmadan qadağalar qoyulmuşdu. Hər şeyin dərmanı zamandır. Mən də bu zamanda səbr etdim və gözlədim. İndi hər şey gözəldir. Bütün kanallarda dostlarım var, dünənki uşaq deyiləm. İllərlə onlarla dostluq edib, bərabər çörək kəsmişəm. Onlar da zamanla çalışıb ki, mənə kömək etsinlər.

Heç kimdən zəng edib, tapşırmasını da istəmədim. Əvvəl də "Xəzər" TV-də efirə çıxırdım. Vətən xaini, xalq düşməni deyildim ki... Yanımda olan dostlarım sağ olsun. İllərlə Toliklə bir-birimizi anlamırdıq. Son illər isə dostluq münasibətimiz yarandı.

- Bəs, həmin qadağaları qoyan indi efirlərə çıxmağınızı görüb, yenidən maneələr yaratmağa çalışmadı?

- Heç bir şey... 30 yaşım var, 5 il vaxt keçdi. İntriqalar mənə lazım deyil. Bu məni yorar, övladımı sağlam böyütməyə imkan verməz.

"ÜRƏYİM İSTƏSƏ, AMERİKADAN DA EV ALACAM"

- Ayan yenidən toy biznesinə qatılmaq istəyir?

- İstanbulda olanda da İsrailə, Moskvaya toya gedirdim. Çox vaxt yəhudilərin toyuna gedirəm. Gələndən Bakıda da toy dəvətləri gəlir.

Türkiyə ikinci vətənimdir. Orada da evlərim, dostlarım var. Bir yerdən həmişəlik köçüb getmək olmur. Allah hər kəsin yolunu açıq etsin, ürəyinə görə versin. Gəncədə də evimiz var. Türkiyə yaşam yerim idi. Hərdən yazırlar ki, orada bir şey edə bilmədi gəldi bura, burada nəsə edə bilmədi, getdi ora. Heç kim kefimin ağası deyil. Ürəyim istəsə, gedib Moskvadan da, Amerikadan da ev alacam.

- Yəqin ki, siz də bu cür suallarla çox qarşılaşmısınız: Niyə ora şou-biznesinə qatılmadınız?

- Heç vaxt ora pul tökmərəm. Sima olaraq Günel Zeynalovadan başqa heç kimi tanımırlar. Amma Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu, Çinarə Məlikzadənin mahnılarını kafedə, parkda, ticarət mərkəzlərində eşidə bilərik. Amma sima olaraq tanınmırlar. Məni belə küçədə heç kim tanımır. Çelik gəldi ki, Azərbaycanda yaşayacam. Biz onu qəbul etmədik. Bizimkiləri niyə onlar qəbul etsin? Orada Aleyna Tilki, Demet Akalın, Ziynet Salidən sonra Ayanı nə etsinlər? Bütün tökülən pullar boşdur. Aranjiman edərəm, Bakıya gətirərəm, təqdim edərəm. Amma orada klip, mahnı, kimə lazımdır? Yalandan nəsə edim ki, gəlib Azərbaycanda toy qiymətimi min manat qaldıracam? Günel orada nələr edib, risklərə gedib.

- Toy qiyməti qalxıb?

- Bir az qalxıb...

- Əvvəl toylara getmirdiniz...

- Selena dünyaya gəlməzdən əvvəl çox toya gedirdim. Amma ondan sonra ara vermişdim. Mən İsrail, dağ yəhudiləri, ivrid dilində mahnılar oxuduğum üçün yəhudi toylarında çox oluram.

"HƏYATIMDA AĞ ZOLAQ OLMADI"

- Ayan hazırda həyatının ağ zolağını yaşayır?

- Həyatımda ağ zolaq olmayıb. Ən önəmli olan anamın sağlamlığı, qızım Selenadır. Ağ zolaq təmiz deyil. Ağ zolaq olur, amma onun üstündə qara nöqtələr də var. Biz o, qara nöqtələri tapdalaya-tapdalaya nələrəsə nail oluruq. Axı ayaq qara nöqtələrə bulaşır, baxırsan ki, çirkaba bata-bata gəlib çatmısan bu yerlərə. Ağ zolaqda olmağım elə də vacib deyil.

"İNSTAQRAM BİZİM BƏDBƏXTÇİLİYİMİZDİR"

- İndiki şou-biznesdə baş çıxarmaq asan idi, yoxsa o vaxt?

- Bərbad, iflic vəziyyətdədir. Şou-biznesimiz yoxdur, tanınmış simalarımız var. Bir də günlük ifaçılar çıxır. Elə bil karaokedir, gedib oxuyurlar və vəssalam bunlar oldu bir həftə məşhur. Vaynerlər çıxıb, toylara gedirlər. Biz də sənətimizi dəyişək? Dinləyicilərin zövqləri dəyişib. İnstaqram müğənniləri var. Bilirəm ki, toya gedib, toyu yola verə bilərəm. Amma düşünürəm ki, o, İnstaqram müğənnilərini əylənmək üçün çağırırlar.

- Axı, efirdə onları daha çox görürük...

- Efirlərdə də onları istəyirlər. Hamısı yazırlar ki, filankəsi çağır. Məsləhətlə edilmir. Hərə bir-birinə söz atır. Estrada cəmləşsin, bir ordu olsun. Efirə çağırırlar, desinlər ki, filankəslə gəlmirəm. Məni başqa adamla çağır. Şərti müğənni qoysun. Mövzu gözəl, söhbət maraqlı olanda reytinq də yüksək olur.

- Son günlər sosial şəbəkədə qeyri-etik videolar yayılıb. Bütün bu biabırçılıqların çoxu isə şou-bizneslə bağlıdır...

- Bizim özəlimiz qalmayıb. Elə bil ki, xəstəlikdir. Otururum, yemək yeyirəm, avtomobildə gedirəm ancaq çəkib İnstaqrama atıram. Ortaya yemək gəlir, soyuyanda yeyirik. İnstaqram bzim bədbəxtçiliyimizdir. Yeməyə əl vurmağa qoymuruq ki, dayan şəkil çəkək. Yer üzündən internet kəsilsə, inanıram ki, insanlar bir-birini öldürər. 

"KİŞİLİKDƏN DANIŞIR, AMMA KİŞİLİYİ YOXDUR"

- Axı, daha çox özəl videolar yayıldı...

- Hər insanın həyat tərzi və özəli var. Heç bir məşhurun arxivi təmiz deyil. "Google"da vur, hamının nələri var çıxacaq. Kim çox namusdan danışırsa, onun namusu, kişilikdən danışırsa, onun kişiliyi, analıqdan, xanımlıqdan danışırsa, onların analıq statusu yoxdur. İntim videoları çəkən günahkardır, orada olan yox. Həmin adamın vicdanı yoxdur, xaraktersizdir, insanlıqdan çıxmış məxluqdur. Hər kəsin bir işi var: hamı müəllim, həkim deyil ki... Müəllimin də, həkimin də, əxlaqsızlıq edəni var. Xaricdə belələri maaş da alır. Düşünürəm ki, gündəmdə olanların düşməni çoxdur. Texnika o qədər inkişaf edib ki, hətta hərdən deyirəm mənim fizyonomiyamı yaradarlar. Dondurmanı da üfürə-üfürə yeyirik ki, isti yeri olar.

"BİR DƏFƏ SEVDİM..."

- Hər zaman sevgidən danışan Ayan, son günlər nədənsə qəlbinin boş olmasından gileylənir. Necə oldu o böyük sevgi?

- Öz-özümə sevə, elə yaşaya bilərəm də. Bir neçə ildir özəl həyatımda sakitlikdir. Ya kərək övladımı çəkim kənara, özəl həyat üçün yaşayım. Ya da gərək əsl ailəm olsun. Bu da çətindir. Fikirləşirəm ki, necə edim? Sevgi etirafı edən də, evlilik təklifi yazan da çox olur. Sevgi heç istəmirəm də...

- Ayanın ünvanına hər zaman "ağıllı qadındır" ifadəsini işlədirlər. Amma bu faktı da unutmayaq ki, kişilər ağıllı qadınları sevmirlər.

- Ona görə də sevilmirəm... Hər şeyə nail olan kişinin arxasında ağıllı qadın durur. Bəs, ağıllı qadının arxasında nə durur? Xəyanət... Qadın xəyanət görə-görə ağıllanır. Həyatımda bir dəfə sevgi yaşadım. Xoşbəxtəm ki, qızım var. Hər şey yaxşıdır. Önəmli olan bilirsiz nədir? Bu yaxınlarda bərk xəstələndim, gözümə heç nə görünmürdü. Yataqdan başımı qaldıra bilmirdim. Dedim ki, hər şey boşdur: nə maşın, nə ev, nə çanta. Canım sağ olsun.

"HƏYAT YOLDAŞI TAPMAQ ASANDIR"

- Bəs, yenidən ailə qurma qorxusu qalıb?

- Mənim üçün həyat yoldaşı tapmaq asandır. Həyatımda qızım var. Birinci, ərdən əlavə qızımı düşünürəm. Bu da çətin məsələdir. Rəsmi nikah heç nə ifadə etmir. Dünyada o qədər rəsmi nikahı olan gördük ki... Normal, anormal boşananlar da oldu. Dünyada belə vətəndaş nikahında yaşayanlar var ki, xoşbəxtdirlər. Xoşbəxt olmasan, deməyəcəksən ki, uşaqlarıma görə dözüm. Qürurun alçalır axı, nə vaxta qədər dözəcəksən? Olmur, otur qarşılıqlı denən, bir-birimizi incitməkdənsə, ayrılaq, özəl həyatın olsun. İnsanlar çox aqresivləşir, hamı qan-qan deyir, dava-dava deyir. Gedirəm, maşını saxlayıram piyadaya yol verirəm, əlini uzadıb, qışqırır . Kiminsə həyatında nəsə səhv gedirsə, məşhurları təhqirə qaçırlar.

Məni bir dəfə təhqir etmişdilər, aidiyyəti orqanlar qadını tapıb, gətirdi. Məndən üzr istədi. Qayıdıb ki, işdən qovulmuşdum, əsəbi idim, girdim Ayana hər şey yazdım, hirsimi tökdüm. Fikirləşirlər ki, efir adamları tərbiyəsizdir. Vallah, bəzi müğənnilərimiz var ki, onlar çox sakit həyat yaşayır.

"QƏHVƏ FALINA BAXIRAM"

- Ayanın bir az sirli dünyasından danışaq. Falçı, fal ilə aranız necədir? Bir dəfə qəhvə falıma baxımışdınız...

- Dostlarım çoxdur, amma inanmıram. Xəyalpərəstəm, amma gedib nəsə etdirmərəm. Dostlarım stilist Rəşad, Həsən Həsrətli... Heç vaxt deməmişəm ki, mənə fala baxın. Altıncı hissim güclüdür. Qəhvə ilə fala baxıram. 3 ildən çox onun işarələrini öyrəndim. Sonuncu dəfə qəhvə içdim, fırlatdım. Açdım ki, görüm nə olacaq. Baxdım ki, fırtına var. Həmin gün Bodrumda idik, zəlzələ oldu. Dedim, bir də qəhvə falına baxmaram.

- Bir də bilirik ki, Yəhudilərin xüsusi inancları, ritualları olur. Nələr edirsiniz?

- Bu haqda o qədər mənə sual verilir ki... Bizim ənənə var ki, ana haralıdırsa, övlad oralı sayılır. Ana tərəfim yəhudidir. Yəhudilərdə cadu, magiya inamı yoxdur. Sadəcə, burada Ramazan, Qurban bayramı olur. Bizdə də Pesax, Küpür var. Adətlərimiz var ki, onları edirik. İnanın ki, mən heç o caduları bilmirəm. Sinaqoq deyilir, Allahın evidir. Ora gəlib Tanrı ilə ünsiyyətə girirsən, hisslərini ora tökürsən. Yerusəlimdə ağlayan divar var... Ora müsəlmanlar da, xristianlarda gəlir. Orada dinini dəyişmirsən ki...
 
- Son günlər İnstaqram məşhurların həyatında önəmli bir amilə çevrilib. Ən çox da reklamlar edir, pul qazanırlar...

- Qızım Selenanın səhifəsində reklam götürürəm. İşlədiyim bəzi şirkətlər var, gec-gec paylaşıram. İstəmirəm bəzilərinin səhifəsi kimi bazar olsun. Əsəbiləşirəm, yığırlar ki, filan açılışımız var, filan kanallar olacaq. Deyirəm ki, qonorarsız gəlmirəm. Həmin adını çəkdiyiniz kanallara onsuz çıxıram. Selenanın səhifəsi çox izlənir. Heç bir milyon izləyicisi olan elə izlənmir. 85 min izləyicisi olan balaca qız o qədər baxış verir. Bir şeyi başa düşmürəm ki, girirsən, 1 milyondan çox izləyicisi var, paylaşımları ən çox 20-50 min izlənir. Bununla kimi aldadırlar axı... İnstaqramda rəqəm çox görünsün deyə, heç vaxt yalançı izləyici almaram.

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV