Pərvinin tamaşasının premyerası olacaq

Pərvinin tamaşasının premyerası olacaq
12030 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc Tamaşaçılar Teatrında yeni mono-tamaşa hazırlanıb.

Axşam.az xəbər verir ki, yazıçı-dramaturq Pərvinin “Mən öləndə, ağlama” pyesi əsasında rejissor Ayla Osmanovanın quruluş verdiyi səhnə əsərində Leyla obrazını gənc və istedadlı aktrisa Səbinə Məmmədova canlandırır. Gənc, gözəl, mehriban bir xanımın, Leylanın taleyindən bəhs edən əsər tamaşaçını həyat, sevgi və ölüm haqqında düşünməyə çağırır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir.

Pyesin müəllifi Pərvin “Mən öləndə, ağlama”nın yaranma ideyasını və ümumiyyətlə tamaşanın araya-ərsəyə gəlməsini belə şərh edib:

“Bəzən mənə elə gəlir ki, “Mən öləndə, ağlama” hansısa özümün də anlamadığım qüvvənin təsiri ilə yazılıb. Yəni nəyisə bilərəkdən qurub-quraşdırmaq, hansısa sənət kriterilərini düşünmək demək olar ki olmayıb, içimdən necə gəlibsə, elə də yazmışam. Ötən ilin yay aylarında rejissor Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsi üçün mono-dramların yazılmasının vacibliyini söyləmişdi. Onda heç teatrda çalışmırdım, amma biz görüşüb gənc nəsilə maraqlı ola biləcək mövzuları müzakirə edirdik. Bir neçə ideya ortaya çıxdı. Mən də öz fikirlərimi dedim. Amma mənim üçün ən əlamətdar məqam o idi ki, səhəri gün Bəhram müəllim mənə zəng edib “bütün danışdıqlarımızı unut və öz bildiyin, anladığın kimi yaz” – söylədi. Məncə, bu, ən düzgün yanaşmadı və Bəhram müəllim illərlə müxtəlif dramaturqlarla işləyən adam kimi bu üsulu yaxşı bilir. Pyes birnəfəsə yazıldı... Amma mono qurmaq və təkadamın danışığı ilə tamaşaçını təsirləndirmək, diqqətini daim özünə çəkmək sadə məsələ deyil. Teatrın rəhbərliyi bu əsəri gənc rejissor Ayla Osmanovaya həvalə edəndə sevindim. Çünki mətnimin yeni ovqatda, fərqli havada həll olunmasını istəyirdim. Həm də Ayla ilə daha öncələr də birgə işlərimiz olmuşdu. Həmçinin canlandırdığı obrazdan ürəyini əsirgəməyən Səbinə Məmmədovanın da ifasını bəyənəcəyimə əmin idim. Maraqlıdır ki, yaradıcı heyət hamımız gənclərik və bircə Ceyhun Dadaşovdan savayı hamı xanımlardı. Tamaşaçının bu əsəri necə qəbul edəcəyi mənim üçün çox maraqlıdır. Ona görə səbrsizliklə premyeranı gözləyirəm...”.

Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova “Mən öləndə, ağlama”nı yaradıcılığında yeni mərhələ kimi dəyərləndirib:

“Əsəri oxumağa başlayanda çox təsirlənirdim. Leylanın həyatının hər anı, danışdığı hər hadisə, dediyi hər cümlə saatlarla düşünmək üçün mövzudur. Son dərəcə kövrək, təsirli əsəri daha sakit, hay-küysüz qurmaq istəyirdim. Yəni adətən mono-tamaşalarda istifadə olunan köməkçi vasitələrdən imtina etmək niyyətim vardı. Həm də pyesin dinamikası, monoloqun gah artan, gah azalan xətt üzrə söylənilməsi buna imkan verirdi. Leylanın taleyini qısaca şərh etsəm, məncə hər şey ailədən başlayır, əgər insan uşaqlığından sevgi içərisində böyümürsə, bu sevgini başqa yerdə axtarır.

Pyesdə də hər şey mənə o qədər real görünürdü ki, Pərvin xanımdan dəfələrlə bu haqda soruşurdum. Söhbətlərimiz əsnasında əmin oldum ki, burda müxtəlif insanların həyatlarından real faktlar da az deyil. Ona görə bir daha qətiləşdirdim ki, quruluş sadə, eyni zamanda mürəkkəb olmalıdır. Əsas sözü şübhəsiz ki, tamaşaçı deyəcək...”.

Leylanı canlandıran, daha öncə Leyli, Gövhərtac, Kema kimi obrazlarla tamaşaçıların rəğbətini qazanmış Səbinə Məmmədova monotamaşanın qurulduğu müddətdə sanki yaşa dolduğunu söyləyib:

“Pyesi oxuyanda özümə yer tapmırdım. Leyla uşaqlıqdan üzübəri yaşadıqlarını danışır və adama elə gəlir ki, bu gənc xanımın xoşbəxt günü heç zaman olmayıb. Və o xoşbəxtliyin də qısamüddətli olması, yarıda qırılması məni çox sarsıtmışdı. Doğrudanmı xoşbəxtlik yoxdu? Ölüm varsa, insan heç zaman rahat ola bilməz?! Bilmirəm! Amma əsərin adı elə bu sualların cavabıdır.

Leylaya minnətdarlığım sonsuzdu. Çünki onun sayəsində xeyli böyüdüm, ayrı cür baxmağa başladım həyata. Hətta bunu valideynlərim də söyləyirlər ki, dəyişmişəm. Sənət insanı daim dəyişməlidir, yeniləməlidir. Ümidvaram ki, tamaşaçılar da bizimlə birgə düşünəcəklər, yeni qənaətlərə gələcəklər həyat və ölüm haqqında. Zaman-zaman işlədiyim rejissor Ayla Osmanova ilə bir-birimizi yaxşı anlayırıq, onun işə yanaşmasını çox bəyənirəm. Ona görə tamaşaçıların da bu işi sevəcəyinə inamım sonsuzdur. Tamaşa “18+”-dur. Yetkinlik yaşına çatmamış tamaşaçılar zala buraxılmayacaq. Dünən məşq edirdim və düşünürdüm axı burda heç bir dəhşətli açıq-saçıqlıq yoxdur, amma sonra anladım ki, bütün açılan mətləblər, deyilən sözlər yetkinlik yaşına çatmış tamaşaçı üçündür. Leylaya inamım və ümidlərim çoxdur”.

Qeyd edək ki, tamaşanın premyeraları 29 mart və 04 aprel saat 19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində olacaq.