Nazir Tovuzda vətəndaşlarla görüşüb

Nazir Tovuzda vətəndaşlarla görüşüb
327 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Axşam.az-ın məlumatına görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbuldan sonra mətbuata açıqlama verən nazir yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. Vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu zaman birinci növbədə insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir.