Heydər Əliyevin xatirəsi anıldı

Heydər Əliyevin xatirəsi anıldı
346 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 12-də Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, ümummilli liderin vəfatının 15-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edib. O, Ulu Öndərin şərəfli həyat yolundan, xalqı qarşısında misilsiz xidmətlərindən və mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib.

“Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Heydər Əliyev yazıçıların, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi”,- deyə natiqlər vurğulayıblar.

F. Babayev “Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır” deyərək, sözlərinə əlavə edib.

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər.