Artıq dekabrın 13-də ATV telekanalında Azərbaycanın ən yüksək reytinqli şousunun yayımı başlayacaq. Ekranda gedən müzakirələr təkcə televizor arxasında davam etmir, eyni zamanda, sosial şəbəkələrə və kütləvi informasiya vasitələrinə sirayət edir.

Axşam.az xəbər verir ki, şounun başlaması ərəfəsində Oxu.Az “Maşın Şou”nun prodüseri və aparıcısı Murad Dadaşovla söhbət edib.

- Biz hər zaman hansısa yenilik gətirməyə çalışırıq. İndiki şou bu baxımdan istisna olmayacaq. Doğrudur, əsas mükafat dəyişilməz olaraq qalır, əvvəlki verilişlərdəki markadan olan avtomobildir. Fikrimcə, şounun qaydaları təkmilləşdirilərək, mükəmməl vəziyyətə çatdırılıb. Halbuki şounun 13 illik tarixi ərzində heç vaxt qaydaları dəyişməmişdik. Bu birinci məqamdır. İkincisi, biz olduqca maraqlı iştirakçıları bir araya gətirmişik. Və ən əsası, bizim şouda birinci yox, sonuncu qalib gəlir.

- Şayiələr gəzir ki, bu şou əvvəlkilərlə müqayisədə daha tez qurtaracaq. Bu, nə dərəcədə doğru məlumatdır?

- Xeyr, bu, belə deyil. Davamiyyət məsələsinə gəlincə, əvvəlki şoulardan heç bir fərqi olmayacaq. Şou 18 gün davam edəcək. Hər gün bir iştirakçının şounu tərk edəcəyini nəzərə alsaq. Əlbəttə ki, bir günə iki iştirakçı şoudan ayrılanda  -  özünüzdə bilirsiniz ki, belə hallar da baş verir – təşkilati baxımdan bir sıra məsələlər ortaya çıxır. Ancaq bu həllini tapan məsələlərdir. Sizi əmin edirəm ki, istənilən halda, tamaşaçılar bu şoudan zövq alacaq.

- İştirakçıların kimliyi ilə bağlı sirri açmaq olmaz, bunu bilirik. Ancaq hər halda, bizə deyin, əvvəlki şouda iştirak etmiş şəxslərdən kimlərsə yeni buraxılışda çıxış edəcək, yoxsa tam başqa şəxslər olacaq?

- Biz əvvəlki şoularda öz çıxışı ilə seçilmiş şəxsləri dəvət etmişik. Bununla belə, yeni simaları da görə biləcəksiniz. Elə insanlar olacaq ki, beş il əvvəl onları az adam tanıyıb, amma indi kifayət qədər tanınıblar. Bizim şounun ulduzlarıdır. Bəlkə də, şoumuzda son sözü məhz onlar deyəcək.

Mənə inanın ki, hər biri kifayət qədər maraqlı iştirakçıdır və tamaşaçılar üçün darıxdırıcı olmayacaq. Sizə eksklüziv olaraq deyirəm və bu xəbəri yaymağınızı istəyirəm. İştirakçıların sayı 18-dir, doqquzu kişi, doqquzu qadındır.

Biz demirik ki, bu kişi-qadın mübarizəsidir. Əvvəlki buraxılışların təcrübəsi göstərir ki, oyunda qruplaşmalar  qarışıq cinslərdən də ola bilər. Ən əsası odur ki, sonda yalnız bir nəfər qalib gəlir. Necə deyərlər, hədəf birdir, o hədəfə nail olmaq metodları müxtəlifdir.

- Xatırlayıram ki, 13 il əvvəl ilk “Maşın Şou”nun iştirakçıları sıravi vətəndaşlar idi. Tamaşaçı nə vaxtsa şounun iştirakçısına çevriləcəyinə ümid edə bilər?

- Həyat bizə öyrədib ki, dünyada adi insan yoxdur. Sizin sadə, adi hesab etdiyiniz şəxs, əksinə, mürəkkəb və heyrətamiz ola bilər. Heç kim adi və ya sadə deyil. Mən “Maşın Şou”nun prodüseri olaraq sizi əmin edə bilərəm ki, marketinq baxımından tanınmış şəxslərə daha çox tamaşaçı baxır.

Sadə vətəndaşların iştirakı haqda soruşan insanlar əksər hallarda özlərini şou iştirakçısı kimi təsəvvür edir. Digər yandan, tamaşaçılar arasında 18 nəfəri seçmək çox çətin olacaq. Məncə, bu ədalətli deyil. Biz artıq bu mərhələni keçmişik. Ancaq bizim “Maşın Şou”dan başqa layihələrimiz də var, istənilən şəxs orada iştirak edib qalib ola bilər. Sonda onu demək istəyirəm ki, tamaşaçılarımız bizə baxmaqda davam etsin. Çox maraqlı olacaq.

- Bəzən sizi, şou iştirakçılarının arasını vurmaqda, bir çox ixtilafların təşəbbüskarı olmaqda ittiham edirlər...

- Mən şounun aparıcısıyam. Tamaşaçılar televizorda məni görür. Məlum məsələdir ki, bəzi tamaşaçılarda yanlış rəy formalaşa bilər ki, kiməsə qarşı ədalətsiz olmuşam və ya şou qaydalarına məhəl qoymamışam. Öz müdafiəmə bunları deyə bilərəm: 13 il ərzində biz 17 şou keçirmişik. İlk iki “Maşın Şou” iştirakçıları sadə insanlar idisə, növbəti şoulara tanınmışlar cəlb olundu.

İkinci, hətta üçüncü dəfə iştirak edənlər də olub. Mən hansısa qaydalar çərçivəsindən çıxsaydım, bu heç diqqətdən kənarda qalardı?! Belə bir şey olsaydı, hamı xəbər tutardı. Belə bir şey olsaydı, insanlar bizim şouya gələrdi? Əlbəttə ki, yox. Hər şey qaydalar çərçivəsində aparılır.

İştirakçı ən yaxın dost və ya qohum olsa belə, qaydaların obyektivliyi hər kəsə eyni səviyyədə şamil olunacaq. Hətta bizim SMS-səsverməni də yoxlaya bilərsiniz. Hər şey maksimum dərəcədə şəffafdır. Bir daha deyirəm, bizim şouya baxın. Peşman olmazsınız.



                 

Digər Xəbərlər