Həsən Məmmədovun xatirəsi yad edilib

Həsən Məmmədovun xatirəsi yad edilib
505 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 22-də ikinci Fəxri xiyabanda kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 80 illiyinə həsr olunub.

Axşam.az xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Həsən Məmmədovun məzarı önünə gül dəstələri düzüblər.

Anım mərasimində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.

Böyük sənətkarın çəkildiyi filmləri, teatr səhnəsində canlandırdığı rolları xatırladan Müşfiq Hətəmov bildirib ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmləri və teatr səhnəsində canlandırdığı surətlər ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Qeyd edilib ki, Həsən Məmmədov 1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun “Gülüstanda qətl” dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım” və digər filmlərdə əsas rolları ifa edib.

Vurğulanıb ki, sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. Həsən Məmmədov həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.