Rasim Ocaqovun xatirəsi anılıb

Rasim Ocaqovun xatirəsi anılıb
352 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi tamam olur.

Axşam.az xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib, önünə əklil və tər çiçəklər düzüblər.

Anım mərasimində Xalq artisti Eldar Quliyev ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, R.Ocaqovun filmləri həmişə yaşayacaq: “Rasim Ocaqovun ekran əsərləri əbədiyaşardır, onun filmlərinə baxarkən hamı biləcək ki, Azərbaycanda, bu torpaqda belə görkəmli şəxsiyyət yaşayıb. Mərhum sənətkar deyirdi: “Kino işi ağır sənətdir. Əvvəl istəyirsən elə film çəkəsən ki, valideynlərinin qarşısında utanmayasan. Vaxt gəlir elə film çəkmək istəyirsən ki, övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman sevilə-sevilə baxılır”.

Rasim Ocaqovla uzun müddət birgə çalışmış kinooperator Rafiq Qəmbərov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb: “Rasim Ocaqov həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur. O, milli olduğu qədər də bəşəridir. Onun adı dünya kino nəhəngləri ilə bir sırada çəkilməyə layiqdir”.

Həyatında, yaradıcılığında Rasim Ocaqovun xüsusi yerinin olduğunu qeyd edən R.Qəmbərov onunla birgə çalışmasından məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova vurğulayıb ki, kino Rasim Ocaqovun həyatı, varlığı idi. O, özünü kinodan ayrı hiss edə bilmirdi. “Rasim Ocaqov kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək. Nə qədər o ocaq yanacaqsa, o qədər də R.Ocaqov yaşayacaq. Şərəfli və mənalı ömür yaşayan kinorejissor bütün həyatını milli kinomuzun inkişafına həsr etdi. O, kinonun nəbzi idi”.

Sənətkarın dostu, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Rasim Ocaqovu Azərbaycan xalqına başucalığı gətirən şəxsiyyət adlandırıb. “Nə yaxşı ki, Azərbaycan kino mədəniyyətində, kino tarixində, kino salnaməsində Rasim Ocaqov faktoru var və çox xoşbəxtəm ki, bu faktor mənim kinoda olan dövrümə düşüb. Mən o böyük ustadla yoldaşlıq, dostluq eləmişəm, çiyin-çiyinə yaradıcılıq işləri aparmışam, ondan öyrənmişəm, məsləhətlər almışam”, - deyə Şeyx Əbdül qeyd edib.

Natiqlər Rasim Ocaqovun Azərbaycan kinosunun inkişafı naminə gördüyü işlərdən söhbət açaraq, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıblar.