Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Sabina Selcanın “Bu gün” adlı klipinin təqdimat mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, ekran işini türkiyəli rejissor Tamer Aydoğdu ərsəyə gətirib. S.Selcanın mətbuat katibi bildirib ki, ifaçı ekran işinə 70 min lirə (təxminən 22 min manat) ödəyib.
Sabina çəkiliş zamanı həyat yoldaşının ona kömək etdiyini söyləyib:
“Klip "Ağ köşk" adlanan yerdə çəkilib. Orada klip çəkdirmək üçün dövlət orqanlarından icazə almaq və 20 min dollar pul ödəmək lazım idi. Ancaq həyat yoldaşımın yaxşı əlaqələri var deyə, pul ödəmək məcburiyyətində qalmadıq”.
Təqdimata qatılan prodüser Tarix Əliyev (Tolik) isə müğənninin səhhəti haqda sirr açıb. Məlum olub ki, Sabina beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir:
“Bunu deməyim Sabinaya pis təsir etsə də, deyəcəyəm. Bu gün bəzi məşhurlar xərçəng xəstəliyi adı ilə pul yığıb, mal-mülk alırlarsa, Sabinada bu, tərsinədir. O, beş ildir bu xəstəlikdən əziyyət çəkir. İstərdim ki, onun kimi xəstəliyini gizlədən xanımlar hər kəsə örnək olsun”.
Tolikin sözlərinə Sabina kövrəlib. Paytaxtımızda qonaq olan rejissor Tamer Sabina ilə işbirliyindən razı qaldığını bildirib:
“İndiyənə kimi Sibel Can, Gülşən, Demet Akalın, Petek Dinçöz kimi məşhurlara çoxsayda klip çəkmişəm. Sabina ilə işləmək də xoş oldu”.
Mahnının sözləri və musiqisi Fərid Fətullayevə, aranjimanı Cüneyt Yalmaza məxsusdur. Tədbir zamanı həyat yoldaşı Selcana 500 qırmızı, 1 ədəd isə ağ gül göndərib.