Əməkdar artist Manana Caparidze Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Manana xanım, Azərbaycana bu qədər sevgi sizdə hardan yaranıb?

- Mən artıq 23 ildir ki, Azərbaycandayam. 23 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim.  Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

- Deməli, Azərbaycana gəlişiniz sırf təsadüf olub?

- Həqiqətən də oxşar cəhətlərimiz çoxdur. Amma onu deyim ki, bağlılığımız var. Belə ki, ana nənəm Azərbaycanlı olub, babamın adı isə Telman idi.

- Azərbaycana gəlişinizi necə xatırlayırsınız?

- Mən artıq yeniyetmə idim, müğənni kimi fəaliyyət göstərirdim. Valideynlərimə təklif gəlmişdi ki, Manana 1-2 günlük Azərbaycana qastrol səfərinə gəlsin. Onlar bu təklifə sevə-sevə razılaşmışdılar. İş elə gətirdi ki, 2 gün yox, uzun müddət burada qalası oldum. Hara gedirdimsə məni gözəl, isti qarşılayırdılar. Amma onu da deyim ki, dili bilmirdim, mənim üçün çox çətin idi. Valideynlərim həmişə mənə deyirdi ki, həyat çətin olsa da öz yolunla get. Amma o yolu elə get ki, arxaya baxanda utanmayasan.

- Sizi ilk dəfə tamaşaçılarımız "Kinoklub" verilişindən tanıdılar. Həmin verilişə necə dəvət almışdınız?

- Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm (gülür). Artıq qonaq yox, ev yiyəsiyəm. Hələ də gözəl xatirələrlə yaşayıram. Amin adında bir qardaşım var idi, həmişə mənə deyirdi ki, Manana sevimli insan olanda, müğənni olmaq daha asan olacaq. Həqiqətən də insanların mənə qarşı olan sevgisini görürəm və bu məni çox sevindirir.

- Dilimizi çətinliklə öyrəndiniz yoxsa asanlıqla?

- Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, azəri dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum.

- Səmimi xanımsınız, yoxsa özünüzü səmimi göstərirsiz?

- Mən həyatda necəyəmsə, efirdə də eləyəm. Düzdü, şou-biznes elə bir yerdir ki, çox səmimi olmaq olmur. Amma çalışıram ki, mən səmimi olum.

- Şou-biznesdə kiminlə qalmaqal yaşamısınız?

- Mən indiyə qədər heç kimlə qalmaqal yaşamamışam. Çünki buna ehtiyacım yoxdur. Zaman-zaman məni də qalmaqala sürükləyiblər, amma heç vaxt kiməsə cavab verməmişəm.

- Bakıda ev almısınız?

- Bəli, evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını azəri dilində salamlayıb, bu dildə mahnı oxuyuram.

- Ən çox işlədiyiniz bəstəkarlar kimlərdir?

- Zamanında mənim səsimə böyük bəstəkarımız Tofiq Quliyev də qulaq asmışdı. Buna görə həqiqətən də xoşbəxtəm. Bundan başqa Nailə və Hikmət Mirməmmədlilərlə, Vaqif Gərayzadə, Eldar Mansurovla çalışmışam. Hal-hazırda da bir neçə mahnı üzərində çalışıram. Yeni ilə qədər tamaşaçılara təqdim edəcəyəm.



                 

Digər Xəbərlər