Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb

Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb
685 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan, Stalin repressiyasının qurbanı olan və 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar prezident İlham Əliyevin diqqətini cəlb edib.

Ölkə başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir.

Axşam.az-ın məlumatına görə, bu haqda AzərTac-a prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov onu da qeyd edib ki, ölkə başçısı həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Ə.Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlət başçısının nəzarətindədir. Məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcəkdir.