Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib

Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib
218 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli tar ifaçısı, əməkdar incəsənət xadimi, konservatoriyanın professoru Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib.

Konservatoriyadan Axşam.az-a bildirilib ki, tədbir Məmmədağa Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumatın təqdimatı ilə başlayıb.

Yubiley gecəsində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli tar ifaçısı Məmmədağa Kərimovun pedaqoji fəaliyyətindən və tar ifaçılığı sənətinin inkişafındakı xidmətlərindən danışıb.

Qeyd edilib ki, AMK-nın xalq çalğı alətləri kafedrasına 13 il rəhbərlik etmiş, yüksək ifaçılıq mədəniyyətinə malik Məmmədağa Kərimov milli musiqimizin təbliğində, sevilməsində və yeni tar ifaçılarının yetişdirilməsində böyük xidmətlər göstərib.

Daha sonra yubilyarı təbrik edən rektor Məmmədağa Kərimova AMK-nın fəxri medalını təqdim edib.

Tədbirdə həmçinin xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim Ramiz Əzizov çıxış edərək kafedranın təbrik ünvanını professora təqdim edib.

Vurğulanıb ki, milli musiqimizin, xalq mahnı və muğamlarımızın mahir ifaçısı, professor Məmmədağa Kərimov pedaqoji təcrübəsi ilə milli mədəniyyətimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətini bu gün də davam etdirir.

Yubiley mərasimi konsert proqramı ilə davam edib. Professorun yetirmələrinin ifasında xalq mahnıları və muğamlar səsləndirilib.