Qəbələ Festivalının açılış mərasimindən fotolar

Qəbələ Festivalının açılış mərasimindən fotolar
1632 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 30-da rəsmi açılış mərasimi olub.

Axşam.az xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşayiət edib. Xorun təqdim etdiyi əsər Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin süzgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan “Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.

Musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcəklər. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestrinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin, “Femusa” Kamera Orkestrinin, “Clarte” klarnet kvartetinin, “Furioso” kvartetinin konsertləri olacaq.