"Efirdə 20 dəqiqə ağlasam, mənə 5 maşın verərlər" - Sərxan Kərəmoğlu+ müsahibə

"Efirdə 20 dəqiqə ağlasam, mənə 5 maşın verərlər" -  Sərxan Kərəmoğlu+ müsahibə
18518 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar çəkdiyi və baş rolu ifa etdiyi "Adam ol" filmi ilə gündəmə gəlmişdi. İndi isə Sərxan Kərəmoğlu "Maşın" şoudakı qalmaqalları, çıxışları ilə səs-küy yaratdı. Özü isə bu fikri qəbul etmir və "30 ildir bu sahədə sözümü demişəm. Məni "Maşın"da kəşf etdilər" deyərək etirazını bildirir. Müsahibəyə də elə şoudan başladıq.

Axşam.az aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müsahibəni təqdim edir:

- "Maşın" şoudan sonra necəsiniz? Özünüzə gəlmisiniz?

- Özümə gəlmək çətin oldu. "Maşın şou"dan əvvəl 9 ay idi Moskvada idim, həm müalicə olundum, həm də işlədim. "V & V company" ilə çalışdım. Gözəl tədbirlər keçirdik. Mane olmağa çalışanlar oldu. Mənim üçün həyat boz rəngdə idi. Gəldim, iki gündən sonra oyuna qatıldım. Realiti-şou aparıcısı olmuşam. "Lift" şousunun başlamasına iki gün qalmış məni dəvət etdilər ki, aparıcı sənsən. Şok olmuşdum ki, axı məlumatsızam. Azərbaycana realiti-şounu Murad Dadaşov gətirib. Qorxum o idi ki, deməsinlər özünü Murad Dadaşova bənzədir.

"Maşın"da gözəl anlar yaşandı. Bir gün başqa olursan, sabah başqa. Üzünü çevirirsən arxanca danışırlar, ya sən kiminsə arxasınca danışırsan. Şoudan sonra 3 gün yatdım. Gözləmədiyim insanlardan zərbə aldım. Bunu ciddi qəbul etmirəm. Kimsə çörəyimə bais ola bilər, amma Allah yazdığını heç kim poza bilməz. Heç vaxt dəbdəbəli həyat yaşamamışam. Rüşvət verməmişəm, heç vaxt da almamışam. Efirdə işləyəndə olub ki, müğənni pul verib verilişə qatılıb. Onu da telekanal rəhbərliyinə çatdırmışam. Bizim müğənnilərin çoxu efirə pulla çıxır, amma danırlar.

- Deyirlər, "Maşın" şou insanın psixologiyasına mənfi təsir edir. Sizdə elə oldu?

- Elə bir hal olmadı. Murad Dadaşov verilişlərin birində dedi ki, məni şoka salan üç adam var idi. Onlardan biri kimi mənim adımı çəkdi. Olan şeyi dedi, ona yüz min versən də, yalan deməzdi.



"MAŞINIMI BANK ƏLİMDƏN ALIB"

- Tamaşaçıları çox təəccübləndirən sizə çox səs gəlməsi oldu. 2 ildir bu sahədən uzaqsınız, gündəmdə çox olmursunuz. Çoxları deyir ki, sizə Rusiyadakı iş adamı dostlarınız səs verib.

- Səsvermədə üç dəfə qalib oldum. İnsanları aldatmaq olmur. "M production"dan səsləri alıb baxa bilərsiniz. Bəlli adamlar var ki, onları tanıyıram. 3, 5 minlik, 500 manatlıq səs verənlər var idi. Onlar kiminsə acığına səs göndərib. Amma 60 qəpiklik səs göndərən onlardan on dəfə çox idi. Yeri gəlsə, mənim avtomobilim yoxdur. Bank əlimdən alıb.

- Kredit borcuna görə?

- Öz istəyimlə Yasamal rayon icra nümayəndəsinə maşını təhvil verdim. Maşını alanda bank böyük şərəfsizlik etdi. Biz müqavilə imzalayanda oxumuruq. Bir ton kağız, xırda hərflə yazılar... Yazır dollara keçə bilər, oxumadan imzaladım. Burada artıq bank haqlı idi. Mən biləndə ki, nə qədər borcum qalıb, dəhşətə gəldim. Maşını saxlasaydım, verə bilməyəcəkdim. Moskvada idim, məhkəmə oldu. Zəng vurdum Bakıya banka dedim ki, "ünvan budur, maşın oradadır, gedin götürün". Gedib götürüb satdılar. Şouda dedim ki, maşını Vüqar (Vüqar Vüqarlı jurnalist -  red.) udsun. Mənim prestijim Vüqardan çoxdur. Efirdə çıxıb 20 dəqiqə ağlasam, mənə 5 maşın hədiyyə edərlər. Bunu etmərəm. İnsan özü qazanmalıdır. Çirkli yolla da qazanmaq istəməmişəm. Kiminsə çirkli işini görərdim, biri alıb hədiyyə edərdi. Bu sahədə belələri çoxdur.

- Əlinizi çəkməyinizə peşman oldunuz?

- O qədər... Nadir Qafarzadə dostumdur, onun arxasınca danışmaram. Nadirə dedim ki, axmaq, mənim adımı çəkmə. Onu oyuna saldılar ki, Sərxanın adını çək, başqasını çıxart. Düzgün oyun deyildi. Mən Nadirə nə deyim? Moskvaya ad günümə də gəlib. Ona, xanımına, övladlarına hörmətim var. Orada qalsaydım, Nadirə elə "taktika" edərdim ki, ruhu da inciməzdi. Gözləməzdim ki, Nadir məğlub olub, məni çıxarmasın. Nadir elə bildi ki, üçüncü dəfə səsverməyə çıxsam, uduzacağam. Düşünmədi ki, 30 ildir insanlar məni tanıyır axı.

"TƏRANƏ DEDİ Kİ, 32 MİN PUL VERİB SƏS GÖNDƏRMİŞƏM"

- Oksana Rəsulova açıqlamasında dedi ki, bu şouda dostum mənə düşmən oldu. Bəs sizi kimlər məyus etdi?

- Heç kimi qazanmamışdım ki, orada da itirəm. Söz savaşına çıxdığım Təranə Qumral... Sıx dostluğumuz olmasa da, münasibətimiz var idi. İki ildir efirdə yoxam. Təranəyə kimsə deyib ki, Vüqar ATV-nin adamıdır, Sərxan gedir, ona qarşı çıx. Demirlər ki, ATV işçisindən, Murad Dadaşov dostundan ötrü illərdi qazandığı hörməti yerə vurmazdı. Mən uduzanda gedib səslərə baxmaq istəyəcəm. Mənim savadım var, cahil deyiləm ki... Görsəm ki, insanlar səs verib, amma mən çıxarılmışam, haqqımı istəyəcəm.

Təranə deyirdi, 32 min pul verib özümə səs göndərmişəm. 180 min əhalinin qarşısında sənin 32 minin nə edəcək? Murad Dadaşovla aramızda "salam-sağ ol" var idi. Şoudan sonra incidi məndən. Əlimi götürdüyümə əsəbiləşdi. Dedi ki, "Böyük səhvə yol verdin. Nəyinə lazımdı kim var? Kişisən, adamsan". Aramızda yaş fərqi var. O sözləri ona dedizdirməməliydim. Orada Nadir ağzını səhv açdı. Qayıtdı ki, Sərxanın Təranə ilə davasını bəyənmədim. Bu söhbət davam etsəydi, Nadirlə aramdakı sərhədi saxlaya bilməzdim. Dava etsəm, Nadirin mənim üçün Təranədən fərqi olmayacaqdı. Axı mən ona "qardaş" deyirəm, necə Təranəyə tay qoyardım? Bütün bunlara görə əlimi maşından çəkdim və getdim. Əlimi çəkdim, dayanıb düşünürəm ki, deyim zarafat etdim, davam edim. Bəlkə yaxşı oyunçu olduğum üçün Murad Dadaşov qəbul edərdi (gülür).  

 

"ONUN TAYLARI NƏVƏ SAXLAYIR, O İSƏ BƏZƏNİB..."

- Bildiyimiz qədəriylə Toliklə küsülüsünüz. Buna nə səbəb olub?

- Biz küsülü deyilik, danışırıq da... Bizim aramızı vurmaq istədilər. O, şoudan gedəndən sonra Təranə qayıtdı ki, səni burda mən qoruyurdum, Tolik çıxarırdı. Dedim, "yekə arvadsan get işinlə məşğul ol. Sənin tayların gedib nəvəyə baxır, gəlib bəzənib durmusan burada". Açılış günü söhbət getdi. Tolik dedi ki, Sərxan Moskvadan iki gündü gəlib, biz dalaşırıq, hamı elə bilir düşmənik. Mən buradan gedənə, ad günümə qədər ona toxunmayın. Ad günümdə Sərxanı özümə hədiyyə edəcəyəm. Sabahı da gedib onunla öz ad günümü keçirəcəyəm. Bizim aramızı başladılar vurmağa. Dedilər ki, guya mən demişəm, Tolikin fotosunu atın, getsin. Elə bir şey olmayıb. Sonra onun məni söydüyü video yayıldı. Çıxanda Pərvin Abıyevaya da, Tolikə də yalan deyiblər. Tolik mənə yığdı ki, hər yerdən görüntünü sildirmişəm. Dedim, nəyimə lazımdır? Heç ona baxmamışam. Mənim üçün Tolikin nəsə deməyi önəmsizdir. O məni, mən onu gözəl tanıyıram. Tolik əsəbiləşir deyir, havaya gedir.

- Belə xəbər eşitdik ki, Tolikin bir vaxtlar dost olduğu "V&V company" ilə arası dəyib. Buna da səbəb sizin orada çalışmağa başlamanızdır.

- Onun incikliyi əkizlərə (Sevil və Sevinc Səfərova bacıları - red.) görə olmuşdu. Tolikin günahı deyildi. Bir qadın var, əvvəl bilet satanım idi, indi guya təşkilatçı olub. Aranı qatan o idi. Toliklə şirkətin arasını vurdu.

- Təranə Qumralla münasibəiniz necədir?

- Pis... Onun "qatıqlama", "səni maşının təkərinə bağlayıb sürüyərəm" deməsi, butulka atmasını unutmaram. O şüşəni atanda heç bir şey olmamışdı, yersiz yerə özündən coşdu. Onu aldadıblar ki, belə bir şey et, gündəmə gəl. Xala da mənlə qalmaqal edib, gündəmə gəlmək istədi.

- İnsan bilə-bilə özünə necə "qara piar" edər?

- Siz heç onun "ağ piarını" görmüsünüz? Bunların həmişə gündəmə gəlməyi "qara piar"la olub da. Mən Nəsibə Zeynalova Teatrı açan adamam. Haqqımda prezidentə belə danışıblar. Təranə mənə deyir ki, sənə reklam verdim. Sən hansı layihəni etmisən? Sərxanın etdiyi layihələrdən xəbərin var? Leyla Əliyevanın "Amor" təşkilatının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Moskvada Gənclər Günündə tədbir etdim. Azərbaycandan 46 nəfər ora gəldi. Siz bunu ömrünüz boyu edə bilməyəcəksiniz. Toyxana ilə sənəti səhv salmayın. Orada oxumaq Azərbaycan Mədəniyyəti üçün nəsə etmək demək deyil. Efirdən səni hamı izləyə bilər. Bu, sənət deyil.

- Musa Musayevlə bağlı dediniz ki, dostumdur. Amma o sizinlə heç bir dostluq münasibətinin olmadığını söylədi.

- Kim kimlə dostluq edir ki? Musa yaxşı oğlandır...

- Təranə Qumrala şoudan sonra üz-üzə gəlmisiniz?

- Xoşqədəm Hidayətqızının proqramında olduq. Dedi ki, barışın. Cavab verdim ki, heç kim bu məsələyə qarışmasın. Elə şeylər var ki, danışmaq olmaz, pul xatirinə də keçmək olmur. Düşmən deyiləm, ola bilmərəm. Təranə mənim düşmənim olacaq adam deyil. Bizim bir düşmənimiz var, Zəhra balanı öldürənlər. Sadəcə olaraq münasibət yoxdur. Bu son yaxın uzaq gələcəkdə görmürəm. İnsan qəlbi büllurdur. Onu bilərəkdən sındırsan, birləşməz. 



"MUSANIN ELƏ VİDEOLARINI ÇƏKDİLƏR Kİ..." 

- Heç hədələr alırdınız?

- Musa mən oyundan çıxan gün iki nəfərlə otelə gəlmişdi. Bundan medianın xəbəri olmadı. Başa düşmür ki, o boyda "M production" davaya imkan yaratmaz. Musa da dava salmaq istəyirdi. Məni aparanda yanımda nə qədər cangüdən var idi. Eyni zamanda da mənim özümün 4 maşın adamlarım kənarda gizlin dayanmışdı. Onlar Musanın elə videolarını çəkiblər ki... Onun dediyi sözləri, etdiyi hərəkətləri bilsəniz, dəhşət. Heç o boyda kişiyə onu yaraşdırmıram. Onu otelin içərisindən götürüb atıblar bayıra. Dayanmayıb, oradanda aparıb başqa yerə atıblar. Biabırçılıq olmuşdu.

"MURAD DADAŞOVA BORCUM VAR..."

- Dedilər ki, "Maşın" şou çoxlarını piar etdi. Sizə nə piarı oldu?

- Heç bir piar olmadı. Kimsə gətirib cibimə pul qoymayıb, toylarım yazılmayıb. Murad Dadaşovun qarşısında baş əyirəm. Bu çətin ərəfədə yüz ailəyə çörək verir. Qapıları döyüb sponsor axtaran adamdır. "Maşın" şouda yüz adam çalışır. Hamı oradan evinə pul aparır. Kim varlıdır? Yüz minlik maşını olan da orada dayanırdı. Onun da haqqı idi. 18 nəfər maşınsızı ora yığmaq olardı, amma maraqsız alınardı.

Mənim Murada borcum var. Onu ödəyəcəyəm, özünün də xəbəri olmadan edəcəyəm. Mənə gələn səslərə baxdım, xalq məni sevir. Xalqın bu sevgisini bilməkdə mənə Murad Dadaşov kömək etdi. Bundan gözəl şey yoxdur. Səs toplamayıb gedənlər oldu... Şərhləri oxuyanda təəccüblənirdim. Evdə hamısını çəkib saxlamışdılar. 2500-3000 min şərhdən ancaq 6-7-si mənfi idi.

Bu yaxınlarda bir zəng gəldi. 2 min manata toy danışdıq. Sonda qayıtdılar ki, "Maşın" şouda səni gördük bəyəndik. Dedim, mən o toya gələ bilmərəm, işim var. Bu günə qədər məni tanımırdın? 2 mini geri çevirdim.

"BUNUN ÜÇÜN RUSİYA PREZİDENTİNİN İMZASI LAZIMDIR"

- Sərxan Kərəmoğlu son günlər nədənsə veriliş, kino sahəsindən uzaqlaşıb.

- Müasir filmin və ona baxan tamaşaçıların bünövrəsini mən qoydum. "Adam ol"la üç gün Heydər Əliyev Sarayı doldu-daşdı. Türk-Azərbaycan sənətçilərinin işbirliyinin ilkini mən etdim. "Acılar bitməz" filmim yayımlananda reytinqlər partlayırdı. "Youtube"yə yüklədim bir gündə 1 milyon izləndi. Amma düşmənçilik edib sildilər. Mənim adamım yoxdur, qapı-qapı düşüb sponsor axtaran deyiləm. Gedib kiməsə demərəm ki, pul ver.

Bir ssenarim var, ona axmaqlıq edib 15 min vermişəm. Amma maraqlıdır, təsəllim budur. Nə qədər komediya çəkilsə də, bu, partlayış olacaq. Verilişə gəldikdə isə... Əlbəttə istəyərəm, amma gedib qapını döymərəm. Bir layihəm var, bu yaya etmək istəyirəm. Alınsa alınacaq. Normalda kanalın özü aparıcıya müraciət etməlidir. Bizdə gözləyirlər hansı sponsorla, məbləğlə gəlir. Məndə o məbləğ yoxdur.

- Moskvadakı işləriniz necədir? Burada "Grand" mükafatlandırma gecəsi keçiriləcəkdi...

- Moskvaya müalicəyə getmişdim. 3 aylıq getdim, 9 ay qaldım. Valeri Vadim dedi qal, onu edək, bunu edək. Gəldi çıxdı maya qədər. Konsertlər etdim. Çox olmasa da, toylarım da vardı, müalicəmi də aldım. Özümü yaxşı hiss edirəm. Azərbaycanı çox sevirəm. Bircə İstanbulda Bəylik düzü olan yerdə olanda hüzurla yaşayıram. Gec olar ki, bura üçün darıxaram. Evim orada məscidin yanındadır. Səhər alatoranda azanın səsi gəlir, rahatlayıram. 

"Grand" olmalıdır. Elə-belə mükafatlandırma deyil. Kremldə keçiriləcəyi üçün şərtlər ağırdır. Moskvada iş gedir. Bu gün bizim bildiyimiz mükafatlandırmadan deyil. "Grand" beynəlxalq mükafatdır. Kremlin özündə, eyni zamanda da Rusiya Federasiyasının Prezidenti təsdiqləməlidir. Buradan gedən müğənni orada şou göstərəcək, rusiyalı ulduzla duet oxuyacaq. Bunun üçün də xüsusi razılıqlar lazımdır.

- Dediniz, səhhətinizdəki problemlə bağlı Azərbaycandan getdiniz. Nə olmuşdu?

- Pəhrizlə 20 kiloqram arıqladım. Bunu dietoloq məsləhəti ilə yox, özbaşına etdim. Nələrisə düzgün etmədim. Nevroza çevrildi, sonra panik atak oldu. Birdən birə çox arıqladım. Bizdə həkimə getmək yoxdur. Ancaq öləndə gedirik.



- Müasir filmləri bəyənirsiniz?

- Baxmıram... Anonsu elə yığırlar ki... Sonra gedib baxanda deyirsən, heyif bura sərf etdiyim vaxta. Yaxşı filmlərimiz var, super olmasalar da... Türkiyədə istehsal olunan filmləri çox bəyənirik. Filmə gərək pul xərcləyəsən: maşın yanmadı, ev tikilmədi, kirayə götürülüb, içərisi dəyişdirilmədi, yeni geyimlər tikilmədi, aktyorlar qrim olmadısa bu nə filmdir? Bizdə eyni aktyorlar eyni seriallarda çəkilir. Əyinlərində eyni pencək... Olmaz belə bir şey. Film üçün qocalmalı, gəncləşməli, qaşının forması dəyişməlidir, saqqalın uzanmalıdır, kilo almalısan, lazımdırsa, kökəlməlisən. Bizdə o yoxdur. Üzünə bir ton vurur gedir neçəsinə çəkilir. Bunlar film yox, inkubatordu. Bir rejissorla film çəkilir.

"İLHAMƏ QULİYEVA MƏNİ MÜFLİS ETDİ"

- Bir dəfə açıqlama verdiniz ki, İlhamə Quliyeva sizin evlərinizi, maşınlarınızı satdırıb. Nə məsələ idi?

- Bu, geniş bir məsələdir. Onu bu gözəl söhbətdən sonra xatırlamaq istəmirəm. Allah rəhmət eləsin, o biri dünyadadır. Çox böyük yanlışlıqlar etdi.

- Bir vaxtlar yaxın dost idiniz?

- Mən də elə bilirdim. Heç vaxt uzağında olan, pislik gözlədiyin birinin sənə ziyan vurmasından qorxma. Bilməyəcəyin, yanındakı, bir süfrədə əyləşdiyinin pisliyindən qorx.

- Yəni sizin müflis olmanızı İlhamə Quliyeva edib? Oğulluğu Orxan Nadirovla dostsunuz...

- Dostam, bu münasibət qalacaq da. Bilir ki, məsələ nədir. Bəli, məni müflis edən o oldu. Allah var, insanı darda qoymur.



- Oğullarınızın sizin sahədə çalışmasına imkan verərsiniz?

- Uşaqlarım bu sahəni gözəl bilir. Böyük oğlum montajı, televiziya işini bilir. Türkiyədə oxudu, sonra sahəsini dəyişdi. Balaca isə mənim yanımda olduğu üçün başı çıxırdı. Azərbaycanda mənim 21 yaşlı kiçik oğlum qədər şou-biznesi, prodüserin, köməkçinin işini bilən üçüncü adam yoxdur. Amma həyatda o işi etməzlər. Tibbdə oxuyurlar. Onlar uşaqlıqda Nəsibə Zeynalova, Zeynəb Xanlarova görüblər.

Şouda olduğum vaxt uşaqlarım bir həftəlik bura gəldilər. Bu da mənə baha başa gəldi. İmtahanları var. Əlavə müəllimlər tutub, onları imtahana hazırlaşdırdım.

- Böyükdürlər, heç sizə irad bildirirlər?

- Ən böyük iradları "niyə veriliş açmırsan?". Onlar qorxurlar ki, məndə ruh düşkünlüyü olar. Açıram efiri ki, mənim apardığım verilişləri aparırlar. Bir verilişdə bir məqsəd olar. Burada məqsəd musiqi, teatr təbliğidi, maarifləndirmək, biabır etmək, yoxsa sosial problemdirmi? Bizdə bir verilişdə mahnı da oxuyur, sosial yardım da edir, toyxana da, yasxana da təşkil edir. Bu nədir? Mən nə edim bu efir məkanında? Demokratik bir ölkədə sosial verilişlər də yayımlanmalıdır. Hər şey gözəl təqdim edilə bilməz. Bizimkilər musiqili əyləncəli verilişdə də sosial problem qabardırlar. Əyləncənin işində göz yaşı leysan getdi. Burada da aparıcı gülür. Bir verilişi neçə səmtə fırlatmaq olar?

Nə Malaxov, nə Urqant, nə də Bəyaz ola bilirsiniz. Niyə onlar olmalısınız? Səba var gülən qız. Niyə ona oxşadırsınız özünüzü? Mənə bunlar çatmır. Urqantla eyni kursa gedirdim, Svetlana Sarokina müəllimimi idi. Bütün günü küncdə yatırdı, müəllimə əsəbindən ayaqqabısın ona atırdı. İstedadı, siması onu məşhur etdi. Bədbəxtçilik budur ki, hamı bir-birinə bənzəyir.

- Baxıma üstünlük verirsiniz?

- Əvvəl manikür, pedikürə çox önəm verirdim. İndi etmirəm. Son 2 ildir üz baxımına önəm verirəm. Dəri baxımını yerində edirəm. İynədən qorxuram, əməliyyat etdirəsi, dartdırası, kəsdirəsi, doldurtdurası deyiləm. Ona görə maskalar etmək lazımdır. 

- Əlavə biznesiniz var?

- Biznesim yoxdur. Toylara gedirəm, oradan qazanıram.

Zəhra ƏHMƏDOVA

Foto: Qulu İBRAHİMOV