"ANS-də hamilə olduğumu bilə-bilə mənə elə əsəb yaşatdılar ki..." - Aytən Səfərova+müsahibə

"ANS-də hamilə olduğumu bilə-bilə mənə elə əsəb yaşatdılar ki..." -  Aytən Səfərova+müsahibə
13553 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Aytən Səfərovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Artıq iki ildir ATV-də fəaliyyətə başlamısınız. Buradakı işləriniz necə gedir? Həyatınızda nələr dəyişdi?

- ATV-də hazırda “Xəbərlər”də, eləcə də 106.3 FM-də “Bumeranq” səhər şousunda aparıcıyam. Bura gələndən həyatımda çox dəyişikliklər oldu. ATV yadıma saldı ki, mən zombi kimi 9 saat işdə çalışan robot deyiləm, anayam. Övladlarım var və onlar mənim üçün hər şeydən əsas olmalıdır. Bir neçə il əvvəl qızım bərk xəstələnmişdi, qızdırması var idi. Qaldım yanında, işə getmədim. Uşaq ağladı ki, “ana, nə yaxşı ki, xəstələndim. Heç olmasa xəstələnəndə səni daha çox görürəm, yanımdasan”. O an içimdə nəsə sındı. Anladım ki, bu həyatda qadın üçün ailə, övlad çox vacibdir. İnsan yıxılanda iş onun əlindən tutmur. Həyatımı israf edirdim... ATV-yə gələndə mənə ilk deyilən söz bu oldu: “Siz ən əvvəl Azərbaycan qadınısınız, vətəndaşısınız... Azərbaycan üçün övlad böyüdən anasınız. Bunu heç vaxt unutmayın”. Bərk təəccüblənmişdim. İndi övladlarıma, valideynlərimə vaxt ayırıram. Tamam başqa bir Aytəni kəşf etmişəm özümdə. Bu, böyük dəyişiklik, müsbət irəliləyişdir.

- Szi hər kəs sözü üzə deyən biri kimi tanıyırdı. Efirdə hər zaman cəsarətli açıqlamalarınızla diqqət çəkirdiniz. İndi sizi bir az sakit, həmin xüsusiyyətinizi atmış kimi görürük...

- Həmin Aytən Səfərovayam. İndi xəbərlər departamentində çalışıram. Xəbər formatı da elədir ki, sırf xəbəri təqdim etməlisən. Öz fikrini bildirmək, nəyə isə reaksiya vermək mümkün deyil. Xəbərin tələbi budur.

“İŞƏ GEC GƏLƏNDƏ ÖVLADIMIN BOZAĞINDAN KƏSMİRLƏR”

- ANS sizə nə öyrətdi, ATV nə?

- Danılmaz faktdır ki, ANS bir çoxu üçün böyük jurnalistika məktəbi olub. O jurnalistlərdən bir çoxu indi dövlət müəssisələrində, digər televiziya və radiolarda, informasiya agentliklərində, hətta xaricdə də çalışırlar. İndiyədək ən güclü xəbər aparıcıları, müxbirləri də məhz burada formalaşıb. Balıq özünü suda hiss etdiyi müddətdə peşəkardı. Bu, sırf peşə nöqteyi-nəzərdən fikrimdi. Təəccüblənməyin... Adətən, hamı öyrəşib, kimsə hansısa iş yerini tərk edəndə, ora haqqında ağır sözlər desin, təhqir etsin. Mən faktlarla danışan jurnalistəm. Sadəcə, jurnalistikada da “əyləc” olmalıdır. ATV də çox işgüzar mühit mövcuddur. Burada insanlar çox gülərüz, mehribandılar. Heç bir otaqda qışqır-bağır səsi gəlmir, saatlarla iclaslara vaxt israf edilmir. 5 dəqiqə gec gələndə sənin əməkhaqqından, nəticə etibarı ilə sənin övladının boğazından kəsilmir. Hər kəs öz işini robot kimi yox, insan kimi görür. Vahid mexanizm kimi çalışır ATV. Bura mənə bir addımı atmazdan, sözü deməzdən öncə əvvəli və sonranı düşünməyi öyrətdi. Yəni, həmin o “əyləc” nədir, onu anlatdı. Jurnalist də haradasa bir mexanizm kimidir. Məsələn, bəzən əyləc tutmur, onda da gedib ya kimisə vurub öldürürsən, ya da özünü harasa çırpıb xəsarət alırsan və ya ölürsən, ətrafa da xələl gətirirsən. Söz də belədir. Vaxtında əyləcə basa bilməsən, fəsadı böyük ola bilər. Jurnalist ağılla iş görməlidir, emosiyalarla yox. Bu, böyük anlamdır.



“ANS-də HAMİLƏ OLDUĞUMU BİLƏ-BİLƏ MƏNƏ ELƏ ƏSƏB YAŞATDILAR Kİ...”

- Bəlkə də bir az gecikmiş sual olacaq. Niyə ANS-lə yollarınızı ayırdınız? Heç kim sizin həmin kanaldan gedəcəyinizi ağlına belə gətirməzdi...

- Bu günə kimi bu haqda rəsmi açıqlama verməmişəm. Düzü, mən xoşlamıram bunu xatırlamağı, çünki  böyük bir stress yaşamışam, həm də hansısa addımı atarkən bunu aləmə car çəkməyi xoşlamıram. Həmkarım Mətanət Əliverdiyeva Azadlıq prospektində ev yanan zaman efirdə açıqlama vermişdi. Özümdə də olub ki, efirdə istəmədiyim sözü demişəm, ya hansısa fikri düzgün interpretasiya etməmişəm, ya da dediyimi tamaşaçı başqa cür başa düşüb. ANS də həmkarım Ləman Əliəşrəfqızının hazırladığı hər kəsə məlum olan reportajı vermişdi. Mənə tapşırdılar ki, bunu sən də səhər efirə verib, “lazım olan sözlər”i deməlisən. Açığı reportaja baxmamışdım, dedim yaxşı. Səhər layihəsinin rəhbəri idim, gəlib efirdən əvvəl reportaja baxdım və yayımlanmasına izn vermədim. Heç kəs səhvdən sığortalanmayıb həyatda. Bir qadına qarşı belə addım atmaq zənnimcə düzgün deyildi. Bu, qərəz idi. Jurnalistika və jurnalist həmrəyliyi deyildi bu. Verilişdən sonra mənə elə bir əsəb gərginliyi yaşatdılar ki, hamilə ikən həkimə müraciət etmək məcburiyyətində qaldım. Elə həmin an qərar verdim ki, daha ANS-də çalışmayacağam. Çünki içimdə insan ölür, öldürülür...

“XƏZƏR TV”DƏN TƏKLİF GƏLDİ...”

- Ordan ayrılan ili də ATV-dən təklif gəldi...

- Əmək kitabçamı hələ verməmişdilər. Artıq onda ATV-nin əsl peşəkar “head hunter” olduğunun canlı şahidinə çevrildim. Adətən “head hunter”lər başqa yerlərdən “kəllə” adlandırılan, savadlı və peşəkar insanları öz sıralarına cəlb edən profillərə, peşəkar menecerlərə deyirlər. Təvazökarlıqdan uzaq olsa da, mənə də bu təklif gəldi. Bu təklifi də böyük məmnuniyyətlə qəbul etdim. Bir il analıq məzuniyyətində oldum. Bu bir il ərzində ATV mənə böyük dəstək oldu. Yeni mövsümə yaxın isə 2016-cı ilin avqustunda mənə “Space”dən, bir regional kanaldan, “Xəzər TV”dən və AzTV-dən təklif gəldi. Hamısına, etimada görə dərin təşəkkürümü bildirmək istəyirəm. ATV hamıdan cəld tərpənmişdi. Bilirsiniz, indi anlayıram, həyatda bəzən elə hadisələr baş verir ki, həmin anlarda, həmin günlərdə onların səbəbini başa düşmürsən. Lakin vaxt keçdikcə hər şey öz yerini tutur və bütün sualların cavabları insan üçün açıq olur. Bu kainatda ən kamil varlıq Allahdır. Allaha şükür edirəm ki, mən indi "Azad Azərbaycan"da vətənə bir jurnalist kimi xidmət edirəm, eyni zamanda övlad böyüdürəm və valideynlərimə də vaxt ayıra bilirəm. Bu, böyük xoşbəxtlikdir.

“ANS-DƏN GETMƏYİMƏ ƏSLA PEŞMAN OLMADIM”

- Heç həmin hadisəyə qədər keçmiş iş yerinizdən narazılığınız olmamışdı?

- Olurdu... Amma Ostrovskinin əsərində deyildiyi kimi, polad vurula-vurula, döyülə-döyülə bərkiyər. Bir xırda problem olan kimi, onu şişirtmək yox, nəticə çıxarıb üzərində çalışmaq lazımdır. Yalnız öz üzərində çalışan insan nəyəsə nail, adı əzbər olur, hörmət qazanır.

- ANS-dən getməyinizə peşman olduğunuz an olubmu?

- Əsla... İnsan getmək barədə qərarı bir dəfə verməlidir. Belə qərar qəbul edilibsə, narazılıq, peşmanlıq olmamalıdır. Mən də qərarı bir dəfə vermişəm. Arxaya da baxmamışam. Təəssüf etdim ki, ATV-yə niyə vaxtında gəlməmişdim.

“ELƏ İNSANLARA HÖRMƏT ETMİRƏM”

- Belə çıxır ki, əvvəl də ATV-dən təklif almısınız...

- Təklif olmuşdu, amma mən kanal-kanal gəzməyi xoşlamıram. Tamaşaçı var ki, bu gün burada, sabah başqa kanalda, birisigün də digərində oturur. Bu aparıcıya "səndən yoxdur" deyir, sabah başqasına yaxınlaşıb öpür, eyni sözləri söyləyir. Aparıcılar da həmçinin. Elə insanlara hörmət etmirəm. İnsanın bir siması olmalıdır. Əgər səni qovmurlarsa, şərait yaradırlarsa, əməyini qiymətləndirirlərsə, getməməlisən. Ora üçün var gücünlə çalışmalısan. Güclü komandada var gücünlə əməyini sərgiləməlisən. Cüzi bir şey olan kimi “teatr” qurub getmək, zənnimcə, zəiflərin xüsusiyyətidir.

- ANS-lə yollarınızı ayırdıqdan sonra rəhbərliklə heç üz-üzə gəlmisiniz?

- Bir yox, bir neçə dəfə geri çağırıldım. Mən addımımı artıq atmışdım, ATV-də çalışmağa qərar vermişdim. Əgər bir addımı atıramsa, geri qayıtmağı xoşlamıram.

- Eşitdik ki, geri qayıtmağınız üçün sizə hətta yüksək qonorar da təklif edilib.

- Him-cimlər etdilər: ora sənin yerin deyil və sair... Amma mən qərarımdan dönmədim. 

- Və bir müddət sonra ANS bağlandı. Həmin an nə hisslər keçirdiniz?

- İstəmirəm ANS haqda çox danışım...
 
- Bu sualı Mətanət Əliverdiyevaya ünvanlayanda o, dedi ki, Allah hamıya yerini vaxtında göstərir. 18 ilinizi keçirdiyiniz və böyük stresslə ayrıldığınız bir iş yerinin bağlanmasını siz də belə sevincək qarşıladınızmı?

- Mətanətin şəxsi fikridir. Mən onun dediklərini şərh etmək istəməzdim. Mətanətə ağır zərbə vuruldu. Mən böyük stress yaşadım, səhhətimə və körpəmə xələl gəldi. Amma eşidəndə, təəssüf hissi keçirdim. Təsəvvür edin ki, uzun illər yaşadığınız, xeyir və şəri bölüşdüyünüz qonşular, bir ailə kimi yaxın olan insanlar sizdən üz döndərir. Halbu ki, siz cinayət törətməmisiniz, vicdanınızdan irəli gələn bir addımı atmısınız. Siz oradan köçürsünüz. Bir gün gəlib o həyətlərin yerinə soyuq göydələnlər qaldırırlar. Hamı ayrılır, pərəm-pərəm düşür. Əlbəttə, insana təsir edir. Yəqin ki, bunun da səbəbi var. Sadəcə, indi anlamırıq.

- 18 ilini efirdə keçirən insanın bir il ekrandan uzaq qalması çətin deyildi?

- Allah sizə övlad qismət etsin, onda bilərsiniz ki, evdə olmaq nədir (gülür). Övladlarıma vaxt ayırdım. Körpə uşağım olsa da, işə gəlib-gedirdim. Yoldaşım sağ olsun, xasiyyəti tünd olsa da, dəstək olurdu.

- Bir ara eşitdik ki, prodüser Təranə Səmədova ilə layihə hazırlayırsınız. Həmin verilişin aqibəti nə oldu?

- Təranə mənə zəng vurmuşdu. Həmin ərəfədə ATV-də başqa planlar var idi. Eyni zamanda da yeni ana olmuşdum. Dedim ki, düşünürəm. Elə  də qaldı.



“ANA ÖVLADINI KİŞİYƏ NECƏ QURBAN VERƏ BİLƏR”

- Sizi nə ağlada bilər?

- Uşaqlara, canlılara qarşı zorakılıq, ədalətsizlik... Şəhidimizin meyiti hələ də, düşmən tərəfdədir. Bir çox neftçimizin cəsədi tapılmayıb. Hər dəfə bunları deyəndə məni ağlamaq tutur. Özümü güclə saxlayıram. Hər bir azərbaycanlı kimi bu, mənə də təsirsiz ötüşmür. Bəzən elə xəbərlər eşidirəm ki, şoka düşürəm. Ana öz övladını necə ata bilər? Tanıdığım bir həmkarım var. İkinci dəfə ailə qurub, ilk evliliyindən bir qızı doğulub. İndi də bir övladı dünyaya gəlib. Bu yaxınlarda məclislərdən birində ondan qızını soruşanda qəribə reaksiya verdi. Xəlvətcə qayıtdı ki, “qızımı soruşma, ikinci həyat yoldaşım deyib ki, onu evimizə gətirmə, ailəsi də bilmir mənim ondan əvvəl qızım olub”. Uşağa qadının valideynləri baxır, onları ana-ata bilir. Şokda idim. Dedim, “sən çox vicdansız qadınsan, kişiyə görə övladını necə qurban verə bilirsən ki? Bu vicdanla necə gedib xoşbəxt yaşaya bilirsən?”. Sən nə anasan ki, kişiyə görə övladını atırsan? Bu, mənə təsir edir. Bu gün övladını atan sabah vətənini də ata bilər. Belə insanlar mənəviyyatsızdır.

- Hazırda sizi sırf xəbərlərdə görürük. Əvvəl şou sahəsində də verilişləriniz olub. Yenidən şou xarakterli layihə gözlənilmir?

- Əslində mənim xəmirim xəbərlərdə yoğrulub. Eyni zamanda uzun müddət aparıcı, redaktor çalışmışam. Jurnalist hərtərəfli olmalıdır. Hara atsalar, necə deyərlər, oradan baş çıxaran adamam. İstənilən səpgidə veriliş apara bilərəm, amma təkcə iqtisadiyyatdan başım çıxmır. Çıxsaydı, qənaətcil olardım.

- Aytən Səfərova deyəndə ağla ilk olaraq “Kökaltı” verilişi gəlir. Hələ də danışılan bir proqram idi. Yenidən belə bir layihə etməyi düşünmürsünüz?

- Çox insan bu verilişi yenidən etməyi təklif edir. Əlbəttə, belə təklif olsa, öhdəsindən gələrəm. Amma hələ ki, xəbərlər barədə düşünürəm.
  
“BİR SÖZÜMLƏ ONU NOKAUTA GÖNDƏRMİŞƏM”

- Zamanla verilişdə atmacalarınıza görə sənət adamları ilə də qalmaqal yaşayırdınız. Küsülü olduğunuz məşhur var?

- Heç kimlə problemim yoxdu, bəlkə onların mənimlə problemi var, bilmirəm, lakin elə bir şey hiss eləmirəm. Hamı ilə mehribanam. Arxada danışmağı sevmirəm. Mən arxada qeybət edib, görəndə üzünə “Ay sənə qurban olum” deyə bilmərəm. Mən də xalqın arasında olan bir insanam. Adi bir müəllim ilə fəhlə qızıyam. Qlamur biri də deyiləm ki, büzülə-büzülə danışım, sözümün əvvəli ilə axrı bilinməsin. Deyirlər, sən iynəli suallar verirsən. Bəzi insanlar o qədər şirin yalana öyrəşiblər ki, həqiqət onlara acı gəlir. Adi sualı “iynəli” adlandırırlar. Kimsə desə “səndən xoşum gəlmir” ona böyük hörmətlə yanaşaram ki, sözü üzə deyir. Bizim cəmiyyətin ən böyük problemi budur - riyakarlıq. Kişilər dura-dura qadınların it kimi bir-birinə çəmkirməsindən uzaq olmuşam. Kimsə mənə nələrsə deyib, heç vaxt əl-qol atmamışam. Sadəcə, sonda elə cavab vermişəm ki, bir sözümlə onu “nokauta” göndərmişəm. Mən küsəndə barışıq üçün yer qoyuram. Kiməsə iradım olsa, özünə deyirəm.
 
“AYGÜN KAZIMOVA MƏNDƏN KÜSÜB”

Hə... Yadıma düşdü. Emil Bədəlov adlı müğənni var. Əvvəl ona böyük hörmət edirdim. Adı orda-burda hallanmayan müğənnilərdəndir. “Maşın” şouya baxanda Mehriban Xanlarovanın üstünə elə şığıdı ki, şoka düşdüm... Qadına hörmət etməlisən. Onun qadının üstünə bağırması o insanı gözümdən saldı. Bunu efirdə də demişdim. İndi “salam”laşmırıq. Belə də ki, heç əvvəl də salam-sağolumuz yox idi. Bir də Aygün Kazımova məni ötən il ad gününə dəvət eləmişdi. Aygünü çox sevirəm. Çox səmimidir və özünəməxsus şirinliyi var. Bircə təbəssümü nəyə desən dəyər. Mənsə təzə ana olmuşdum, gedə bilmədim. Məndən küsüb.

- Bəyəndiyiniz və xoşlamadığınız aparıcılar kimlərdir?

- Efirdə cümləsinin əvvəli ilə sonu bilinməyən, pafoslu danışan aparıcıları sevmirəm. Bir az pulu var, avtobus boyda maşın sürür, elə bilir bundan yoxdur. Onlar sadəcə şişirdilmiş sabun köpüyüdürlər. Efirdə ləhcə ilə danışırlar. Titrlərdə səhvlər gedir. Əksər verilişlərə baxmıram, inandığım aparıcı da azdır. Kostyum geyinib efirdə oturub, internetdən tərcümə edilmiş məlumatı və ya şərhi deməklə aparıcı ağıllı və ya inandırıcı olmur. Turan İbrahimov, Ceyhun Səfəri bəyənirəm. Zaur Baxşəliyevi xoşlayıram. Hətta ANS-də çalışanda bir dəfə müsahibədə onun adını çəkmişdim ki, yaxşı şoumendir. Mənə irad bildirilmişdi ki, niyə onun adını çəkirsən? Hərdən “Space”də “Planet parni iz Baku”ya baxıram. Bir ara “səviyyə” idilər, yəqin tükənmişdilər. Amma son vaxtlar onların Sabirsayağı satirası mənə ləzzət edir. Bir də Yusif Ağayevi universitetdə oxuyandan bəyənirəm, onu hələ “106 House”dan xatırlayıram. Bir də xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan tamaşaçısı doktor Əli Nağıyevin apardığı “3-cü göz” kimi səviyyəli proqrama acdır. Çox lazımlı, intellekt və düşüncə tələb edən verilişdir. Televiziya məkanında analoqu doğrudan da yoxdur.



“İNDİ İSLAMA QAYITMIŞAM”

- Sosial şəbəkələrdə yazılan şərhlərdə sizə tez-tez sual ünvanlanır: niyə arıqlamırsınız? Heç pəhriz saxlayırsınız?

- Əvvəl bu haqda düşünürdüm. İki il özüm internetdən yoqa öyrənmişəm. Heç həmin vaxtlar bizdə yoqa məktəbləri yox idi. Vegetarian olmuşam. Budizmlə maraqlanmışam. İndi müsəlmanam, dərk edərək islama qayıtmışam. Pəhrizə bir neçə dəfə cəhd etmişəm. Amma ömür boyu arıq qalan, arıq bədən quruluşlu insanlar gömüşəm ki, ağızlarını açanda xəcalət təri tökmüşəm. Pəhriz və idman sağlamlıqdır, indi də düşünürəm ki, idmanla məşğul olum. Amma mənim bir nömrəli düşmənim şokolad və şirniyyatdır. Narkotik kimi onlardan istifadə edirəm. Digər tərəfdən kök insanları təhqir edənləri mən istənilən cəmiyyətin xorası, xərçəngi hesab edirəm. Son vaxtlar insanlar zahiri görünüşə çox üstünlük verirlər. Başlıca bəla da budur. Görünüşlə qarşılayıb görünüşlə də yola salırlar. İnsan insanlığının üzərində işləməlidir. Mən başımın üstündə işləyirəm. Bura gözəl bədən formalı 20 jurnalist gətirin, hamısını bir cümləmlə, yəqin ki, kölgədə qoyaram. Əlbəttə, istəyərəm ideal bədən quruluşuna sahib olum. Amma bu, narkomana narkotikdən istifadə etmə, siqaret çəkənə “ziyandır, çəkmə” demək kimi bir şeydir. Amerikada telekanallarda kök aparıcılar işləyir. Onlar üçün əsas odur ki, peşəkardılar, istedadları var, amerikalılar onlara inanır. Onlar bədən quruluşuna yox, ağıla baxırlar. Bizimkilərin fikri budur: bu bir az kökdür, pisdir. Bu arıqdır, demək, əla aparıcıdır. Bu, kökündən səhv düşüncədir. Onda gərək Nəcibə Məlikova, Nəsibə Zeynalova, Monserrat Kobalyeni, Opra Uinfrini ekrana qoymayaydılar. Həm də toppuş xanımları efirə buraxmamaq, artıq çəkisi olan insanları təhqir etmək kimi bir şeydir. Əsas insanın yararlı olmasıdır. Kök həkimlər, müəllimlər, valideynlərimiz, qohumlarımız, ömürboyu borclu olacağımız insanlar arasında nə qədər kök insanlar var. İnsanlıq kilo ilə ölçülmür. Onun ölçü dəyəri başqadır.

- Tamaşaçı hər zaman düşünür ki, efirə çıxan xanımlar ev işləri görə bilmirlər.

- Bəzi aparıcıları görəndə mən də düşünürəm ki, bu adam, deyəsən, evdə olmur. Mən iş də görürəm, yemək də hazırlamağı bacarıram. Hətta yayda anamgilin bağında paxla, pomidor, badımcan, göyərti də əkirəm. Bu yaxınlarda isə nərgiz, qızıl güllər, tülpan əkmişəm.

- Övladınızı dayəyə etibar edirsiniz?

- Atama, anama təşəkkür edirəm ki, övladlarıma baxmaqda mənə böyük kömək olurlar. Anam həm də müəllimədir. İndidən qızıma ədəbiyyatı öyrədir.

- Tənqidçiniz kimdir?

- Ən böyük tənqidçim özüməm, bir də anam. Hər gün evə gedəndə anamın mimikasını birtəhər görən kimi başa düşürəm nəsə iradı var. Başlayır ki, niyə pencəyin belə idi, efirdə çaşdın, saçın səliqəsiz görünürdü. Ən çox irad isə -  niyə ayağını isti geyinmirsən?

"GÜNLƏRLƏ EVİMİZDƏ ÇÖRƏK OLMURDU”

- Bəzən məşhurlar etiraf edir ki, tanınmağıma ailəm narazı idi. Sizin ailədə aparıcı olmağınıza etiraz edən oldu?

- Kasıb ailədə böyümüşəm. Günlərlə evimizdə çörək olmurdu, qonşular qənd gətirəndə sevinirdik. Mağazanın yanından keçəndə çörəyin iyi gəlirdi, ağlayırdıq. Qışda məktəbə rezin ayaqqabıda gedirdim. Bəzi qohumlar var idi ki, bunu görəndə göz yumurdular. Bir dəfə evə gələndə qapımız aralı idi. Atam çox güclü və qəddar kişidir. Gördüm atamın səsi gəlir, çox kədərli idi. Deyirdi ki, uşaqlarım məktəbə ac gedir, onlara yemək ala, geyindirə bilmirəm. Anam da sakitləşdirirdi... Atam qayıtdı ki, kaş oğlum futbolçu olsun, qızım da efirdə çalışsın. Uzanım divanda onlara baxım. Həmin günə qədər deyirdim ki, kosmonavt olacam, Moskvaya gedəcəm. O gün qarşıma məqsəd qoydum ki, televiziyada çalışacam. Getdim telekanala, məni “stajor” kimi götürdülər, 1 ay təcrübə keçməli idim. Amma bir həftədən sonra işə götürüldüm. İlk maaşımla evimizə kreditlə televizor aldım, anamın dərmanlarını ala bildim. Mən həmişə üzərimdə çalışırdım, kitablar oxuyurdum. Rusiyada böyüyən idim, amma Azərbaycan dilində təmiz yazırdım. Yayda qızlar gəzməyə gedəndə mən evdə Aleksandr Puşkin, Fyodor Dostoyevski, Mirzə Fətəli Axundovun əsərlərini, Mikayıl Müşfiqin şeirlərini oxuyurdum. Hər dəfə yay tətilindən məktəbə qayıdanda dərsdən sonra evə ağlaya-ağlaya gəlirdim. Tanrıya şikayət edirdim ki, bu nədi, hamı istirahət şəkilləri gətirir, mənim isə nə geyinməyə paltarım, nə dincəlməyə getməyə pulum var. İndi deyirəm ki, Allahım, sənə çox şükür. Deməli, belə lazım imiş. Xeyirlisi bu idi.

- Bəs qardaşınız futbolçu oldu?

- Məhlədə bir-iki dəfə oynadı, gördü ondan futbolçu olmaz, getdi evləndi.

- Sizi dəvətlərdə də tez-tez görmək olmur. Toylara aparıcı kimi çağrılırsınız?

- Hərdən dəvətlərə gedirəm. Əgər həmin  günü övladımla bir keçirməyi planlaşdırmışamsa, heç yerə getmirəm. Dəbdəbəli və pafoslu yerləri sevmirəm, oralarda bəzən sünilik görürəm. Toy dəvəti də gəlir, amma razılaşmıram. Bir dəfə aparmışam, o da çoxdan olub. Tələbə yoldaşıma söz vermişdim deyə.



“YÜKƏK QONORAR VERSƏLƏR DƏ, ÇƏKİLMƏDİM”

- Heç filmə, seriala dəvət alırsınız?

- Dəvət almışam, lakin getməmişəm. Hətta bu yaxınlarda bir tikinti şirkətinin reklamına çəkilmək dəvəti almışdım. Qarşılığında böyük məbləğdə qonorar verilirdi, razılaşmadım. Süd məhsulları firması, hansını ki, övladıma rəva bilmirəm. Təklif gəldi çəkilməyə, ondan da imtina etdim. Yaxınlarım mənə təəccüblə baxırdılar ki, bu boyda puldan necə imtina etmək olar, dəlisən? Mən tamaşaçının inamını itirmək istəmirəm.
 
- Efirdən getsəniz, nə ilə məşğul olarsınız?

- Məktəb yaradıb, danışıq, nitq mədəniyyətini öyrədib, tələbələr yetişdirərəm. Hətta əvvəl çalışdığım kanalda da mən bəzi həmkarlarımın nitqini  “düzəldirdim”. Onlara necə danışmağı, xəbəri necə oxumağı, müsahibə alınmayanda müsahibi necə danışdırmağı öyrədirdim. Mənim də əgər belə demək olarsa, yetişdirdiklərimin bəzisi indi məmur, bəzisi hansısa qurumda mətbuat xidmətinin rəhbəri, bəzisi isə hansısa kanalda redaktordur.

“ŞƏXSİ HƏYATIMI SƏRGİLƏMƏYİ XOŞLAMIRAM”

- Deyirlər yaradıcı xanımların həyatında mütləq sevgi olmalıdır ki, ilham alsınlar. Aytən Səfərova sevib, sevilir?

- Əlbəttə. Ən əvvəl valideynlərimdən bu sevgini görürəm. Balalarım mənə işdən sonra gələndə sarılırlar. Bu mənim üçün bir aləmdir. Allah hamısını qorusun. Sözsüz ki, sevdiyim insan da var. Sadəcə, mən bir çox qadın aparıcı və ya tanınmışlardan fərqli olaraq, şəxsi həyatımı sərgiləməyi xoşlamıram. Şəxsidirsə, deməli, şəxslər üçündür. İctimai həyat adlandırılsaydı, cəmiyyət üçün açıq olardı.

- Hətta ətrafda söz gəzir ki, ikinci dəfə ailə qurmusunuz...

- 8 il əvvəl də anamı tanımayan biri demişdi ki, Aytən Səfərovanın 3 uşağı var. Cəmiyyətdə xoşlayırlar kimisə boşatdırıb, evləndirməyi...

“ƏGƏR KİŞİ QADINI QISQANMIRSA...”

- Ailədə qısqanclıqlar olur?

- Əlbəttə olur. Əgər kişi qadınını qısqanmırsa, bu, böyük bir həyəcan siqnalıdır. Qısqanırsa, demək hər şey normaldır. Amma bunu da dərəcəsində yaşamalısan. Qısqanclıqdan qadına zərbə gəlməməlidir.

- Efir xanımlarını baxımlı görməyə alışmışıq. Özünüzə qulluq edirsiniz?

- Vaxt tapanda sözsüz ki, qulluq edirəm. Deyirlər, “çirkin qadın yoxdur, baxımsız qadın var”. Çalışıram baxımlı olum.

- Qızınıza nə qadağalar qoyursunuz? Aparıcı olmaq istəsə, icazə verərsiniz?

- Qızıma deyirəm ki, canlılara işgəncə vermə. Davakar olma, köbud sözlər işlətmə və unutma ki, azərbaycanlısan. Onu vaxtaşırı muzeylərə aparıram, tariximiz haqqında danışıram. Mən ona boğazdanyuxarı vətənpərvər olmağı yox, öz ölkəsini ürəkdən sevməyi öyrədirəm. Deyirəm, ölkənə hörmət elə, hər yerdə də fəxrlə de ki, mən azərbaycanlıyam. İnsan özünə, millətinə hörmət eləməsə, ona heç kim hörmət etməyəcək. Qızım Ayza aparıcı olmaq istəmir. Deyir, “mən heyvanları müalicə edəcəm”. Bir dəfə gözümüzün qabağında iti maşın vurmuşdu, yerdə çabalayırdı. Qışqırırdı ki, ana, təcili yardım çağır. İt ölür. Niyə itlər və pişiklər üçün həkim gəlmir?  Uşaq şokda idi. Ondan sonra israrlıdır ki, heyvanları müalicə edəcək və onlar üçün təcili yardım açacaq.

- Ən zəif nöqtəniz nədir?

- Güclü olmağım... Qadında ən böyük zəiflik özünü güclü göstərməyə çalışmasıdır. Qadın o qədər zərbələr alır ki, başlayır özünü güclü göstərməyə. Bu, zərbələrdən qorunmağın üsuludur. Bütün dünyada ən çox dayağa ehtiyacı olan qadın güclü qadındır. Özünü güclü göstərənlər dünyanın ən zəif qadınlarıdır əslində.

Zəhra ƏHMƏDOVA

Foto: RAMİN ASLANOV