Aygün Kazımovaya qarşı terror cəhdi

Aygün Kazımovaya qarşı terror cəhdi
3638 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda və regionlarda terror aksiyalarına cəhdlərin hazırlanması ilə bağlı cinayət işinin 922 saylı dosyesi

Bakı Ağır Cinayətlər Məhkəməsində  “Eurovision-2012” mahnı yarışması ərəfəsində Azərbaycan prezidentinə sui-qəsd hazırlamaqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan Samir Sanıyev və onun rəhbərlik etdiyi 28 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 2-də keçirilib. İyulun 9-da bu cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Samir Sanıyev, Elmir Nurəliyev, Faiq Sultanov və digərləri elan olunan ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Dəstənin ittiham olunduğu 922 saylı cinayət işini əldə etmişik. Cinayət işi ictimai maraq doğurduğundan ittiham olunan şəxslərin ifadələrini ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.

Cinayət işi üzrə təqsirləndirilən Faiq Sultanov bildirib ki, 2011-ci il dekabrın əvvəllərində silahlı birləşmənin üzvü Rauf Əfəndiyev idarə etdiyi “Opel Zafira” markalı avtomaşınında onu Bakı şəhəri “Ukrayna dairəsi” adlanan əraziyə aparıb: “Rauf Əfəndiyev onu orada “Mühəmməd” ləqəbli Elmir Nurəliyev və “Abu-Ubeyda” ləqəbli Samir Sanıyevlə birlikdə Dağıstandan Azərbaycana gələn “Busra” ləqəbli” Vüqar Padarov ilə tanış edib. Həmin vaxt Vüqar Padarov mənim ibadət etdiyimi və dini məsələlərdə onunla həmfikir olduğumu bilib. Vüqar Padarov Dağıstanda Rusiya federal qoşunlarına qarşı döyüşlərdə iştirak etdiyini, Azərbaycanda “əmir” təyin edilərək burada “cihad”ın başlanmasının ona həvalə olunduğunu dedi. Məhz bu məqsədlə dövlət sərhədini keçərək Rusiyadan Azərbaycana gəldiyini bildirib”.

“Vüqar Padarov şiə məscidlərində, ziyarətgahlarda partlayışlar törətməyi planlaşdırırdı”

F.Sultanovun bildirdiyinə görə, V. Padarovla qanunsuz silahlı birləşmə haqqında danışıblar. O deyib ki, danışıqlar zamanı V. Padarov ona Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Baş Prokurorluq, digər dövlət qurumlarının inzibati binalarına basqın etməyi, Azərbaycanda yerləşən müxtəlif ziyarətgahları partlatmağı, 2012-ci ildə Bakı şəhərində təşkil olunan “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində konsert zallarında partlayışların törədilməsi və başqa terrorçuluq aksiyalarını planlaşdırdığını bildirib.

E.Sultanov ifadəsində qeyd edib ki, V. Padarov onunla söhbətlərində Bakı şəhərində olan şiə məscidlərində, ziyarətgahlarda partlayışlar törətməyi planlaşdırdığını tez-tez vurğulayıb: “Bundan başqa, Vüqar Padarov Gəncə şəhərində yerləşən şiə məscidlərinə də hücum etməyi, orada partlayışlar etməyi nəzərdə tutmuşdu. Vüqar Padarov şiə təriqətinə məxsus müsəlmanları “bidətçik” adlandırıb, onları “bütlərə” sitayiş etməkdə, islama yeni qaydalar gətirməkdə təqsirləndirib. Vüqar Padarov möhür ilə namaz qılmağın islama zidd olduğunu göstərərək şiələrin çox olduğu şəhərlərdəki məscidlərdə, yəni əsasən Bakı və Gəncə şəhərində yerləşən məscidlərdə partlayışlar törətməyi planlaşdırıb”.

Vüqar Padarov yəhudi və xristianların ibadət yerlərini də partlatmağı planlaşdırıb

F.Sultanovun sözlərinə görə, V. Padarov ziyarətgahlara getməyi də islama zidd sayaraq belə ziyarətgahları partlatmaq və oraya hücum etmək istəyib: “Vüqar Padarov bu partlayışlar barədə dəqiq tarix deməsə də, “Eurovision” musiqi yarışması zamanı bunları həyata keçirməyi planlaşdırdığını bildirib. Vüqar Padarovun hədəfində təkcə şiə məscidləri, ziyarətgahlar deyil, eyni zamanda, Bakı şəhərində fəaliyyət göstərən Yəhudi kilsəsi (senaqoqunu), katolik, pravoslav kilsələri də olub. Vüqar Padarov yəhudi və xristianların hamısını “kafir” adlandırıb və ona görə də onların bütün kilsələrini partlatmağı planlaşdırıb. Vüqar Padarov həmin yəhudi  və xristian kilsələrinin yerlərini müəyyən edib”.

Müdafiə Nazirliyinə də hücum olmalıymış...

F.Sultanov bildirib ki, V.Padarov Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirliklərinin, Respublika Prokurorluğunun inzibati binalarına da hücum planlaşdırıb: “Vüqar Padarov Milli Təhlükəsizlik Nazirliyinin əsas inzibati binasının müşahidəsini 2012-ci ilin martında Əmir Muradov və Rauf Əfəndiyevlə birgə apardığını bildirib, hücum planı da hazırlayıb. Vüqar Padarovun sözlərindən mənə məlum oldu ki, nazirliyin müşahidəsini aparıb və müəyyən ediblər ki, nazirliyə girmək üçün yer yoxdur, nazirliyin giriş qapısında yerdən qalxan “turbalar” olduğu üçün nazirliyin həyətinə girmək mümkün deyil. Vüqar Padarov  həmçinin deyib ki, nazirliyə hücum etmək üçün içərisində partlayıcı maddələr olan maşını nazirliyin giriş qapısının ağzında partlatmaq, nazirliyin yanındakı yaşayış binasının damında snayper və avtomat silahlı adamları yerləşdirmək lazımdır ki, binadan çıxan nazirlik işçilərinə atəş açmaqla qətlə yetirsinlər. Vüqar Padarovun planına görə, giriş yolu açıldıqdan sonra ikinci maşın nazirliyin inzibati binasının divarı yanında partladılmalı, partlayışdan sonra Vüqar Padarov və dəstə üzvləri nazirliyin binasına hücum edib əməkdaşlarını öldürməli idilər”.

“Hücuma Dağıstan və Çeçenistandan da kömək gələcəkdi”

Təqsirləndirilən əlavə edib ki, V. Padarov MTN-nin yanındakı yaşayış binasından kirayə mənzil tutaraq, həmin evin pəncərəsindən nazirliyin inzibati binasının həyətinə nəzarət etmək, hücum vaxtı oradan həyətdə və otaqda görünən əməkdaşlara atəş açmaq məsələsini də planlaşdırıb: “Vüqar həmin mənzilin ilkin olaraq müşahidə, hücum vaxtı isə atəş açmaq məqsədilə götürüldüyünü bildirib. Vüqarın deməsinə görə, hücuma Dağıstan və Çeçenistandan da kömək gələcəkdi. Vüqar bunları Zaqatala meşələrində cihad üçün bütün hazırlıqları görüb qurtardıqdan sonra etmək lazım olduğunu bildirib. Vüqar deyirdi ki, Milli Təhlükəsizlik Nazirliyinə hücumdan sonra dərhal geri çəkilmək üçün hazır blindajları, silah-sursat və ərzaq ehtiyatları olmalıdır”.

Güc nazirliklərinə və Baş Prokurorluğa eyni vaxtda hücum olmalıymış...

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əsas inzibati binalarının da müşahidəsini 2012-ci ilin martında aparıb, binaların necə mühafizə edildiyini öyrənib: “Vüqar Padarovun sözlərindən mənə məlum olub ki, Daxili İşlər və Müdafiə nazirlikləri, habelə Baş Prokurorluğun əsas inzibati binalarına da hücum planları hazırlanıb. Vüqar Padarov həmin nazirliklər və Baş Prokurorluğa hücum planının təfərrüatlarını mənə açıqlayıb. Bu barədə soruşduqda isə “mücahidin gələcək planlarından nə qədər az adam bilsə, mücahid bir o qədər rahat yata bilər” deyə cavabını verib. Bununla belə Vüqar Padarov Milli Təhlükəsizlik, Daxili İşlər və Müdafiə nazirliklərinin, habelə Baş Prokurorluğun əsas inzibati binalarına hücumun eyni vaxtda edilməsinin zəruriliyini bildirib. Vüqar Padarovun planları barədə söhbətlərdə Əmir Muradov da iştirak edib. Vüqar konkret olaraq nazirliklərə və respublika prokurorluğuna hücum vaxtını mənə deməyib. Amma sözlərindən bilmişəm ki, Rauf Əfəndiyev evini satıb pulu Vüqar Padarova verən kimi silahlı hücum, cihad barədə hazırlığı təcili başa çatdıracaq və bundan sonra həmin hücumlar həyata keçiriləcək. Vüqar Padarovun məqsədi Azərbaycanda cihada başlamaq olub. Cihada başlamaq üçün isə Vüqar Padarov dəstə üzvlərinə meşədə blindajlar qazıb, silah-sursat və ərzaq ehtiyatları hazırlamaq tapşırıb. Vüqar Padarov özü Zaqatala rayonunun meşələrində yer də seçib. Lakin hazırlıq başa çatmadığı üçün dəstə üzvləri meşəyə qalxmayıb”.

“Vüqar dedi ki, “Saleh Qubdenski” Azərbaycanda cihada başlamaq əmri verib”

F.Sultanov bildirib ki, V. Padarov Zaqatala rayonunda cihadı elan edərək mübarizə aparmağa hazırlaşıb: “Vüqar məni və silahlı dəstənin digər üzvlərini ürəkləndirərək Dağıstan və Çeçenistandan da mücahidlərin bu cihada qoşulacağını və dəstək verəcəyini bildirib. Vüqar bildirib ki, dağıstanlı əmir “Saleh Qubdenski” onu Azərbaycana əmir təyin edib və Azərbaycanda cihada başlamaq əmri verib”.

Yol Polisi işçilərinə qurulan plan...

F.Sultanov deyib ki, silahlı birləşmənin üzvü Ağasadıq Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşlarının izlənilməsi üçün Vüqar Padarovun tapşırığı ilə “Azercell” telefon şirkətinin abunəçilərinə aid məlumat bazası və Dövlət Yol Polisinin avtomaşınlarının sahibləri barədə məlumatları əldə edib, həmin məlumatları Vüqar Padarova verib.

Aygün Kazımovanı da öldürəcəkmişlər...

Təqsirləndirilən şəxs bildirib ki, 2012-ci il martın ortalarında Vüqar Padarovun tapşırığı ilə Zaqatala şəhərinə gedərək Əmir Muradov ilə Vüqar Padarovun yanında qalıb: “Həmin vaxt qruplaşmanın üzvü olan Məcid Aşurov Vüqar Padarov tərəfindən Gəncə şəhərinə göndərilib. Məcid Aşurov həmin şəhərdə mənim, Vüqar Padarov və Əmir Muradovun gizlənməyi üçün kirayə üç otaqlı ev götürüb. Bundan sonra biz də Gəncəyə gəldik. Həmin ərəfədə Vüqar televizorda əsasən “Xəbərlər” proqramını izləyib. 2012-ci il martın sonları və aprelin əvvəllərində Vüqar müğənni Aygün Kazımovanın Gəncədəki Heydər Əliyev adına parkında konsert verəcəyini eşidib. Bundan sonra Vüqar  həmin konsertdə iştirak edəcəyini deyib. Vüqar və Əmir  ilə birlikdə əvvəlcədən parkın yerini də müəyyənləşdirmişik”.

“Atışmada bir nəfər MTN əməkdaşı öldürüldü”

F.Sultanovun sözlərinə görə, 2012-ci il aprelin 6-da gecə saat təxminən 4 radələrində kirayə yaşadıqları mənzilin giriş qapısının sındırılması səsinə yuxudan oyanıb: “Otağa üç nəfər silahlı şəxs daxil oldu və mənə “tərpənmə”, “əllərini göstər” əmrini verdi. Nə baş verdiyini anlamadan yataqdan durdum. Silahlı şəxslərdən biri mənə zərbə vuraraq əllərimi qandalladı. Həmin vaxt Vüqar Padarovun olduğu otaq istiqamətində tapançadan atəş səsi gəldi. Bir nəfər MTN əməkdaşının qışqırtısını eşitdim. Bu zaman atışma başladı, bir nəfər MTN əməkdaşı mənə yaxınlaşaraq Vüqarın otağında neçə nəfərin olduğunu soruşdu. Otaqda Vüqarın tək olduğunu deyəndə həmin əməkdaş “onun nə qədər patronu var ki, bu qədər atəş açır” deyib məndən aralandı və balkon tərəfdən mətbəx istiqamətinə getdi. Daha sonra üzbəüz otaq arasında olan dəhlizə əl qumbarası atıldı. Qumbaranı kimin atdığını görməmişəm. Lakin atıldığı yerə görə aydın idi ki, qumbaranı MTN əməkdaşlarına tərəf  Vüqar atıb. Güclü partlayış baş verdi. MTN əməkdaşlarından bir çoxu yaralanmışdı. Atəş səsləri səngimədiyi səbəbindən həmin vaxt bir nəfər MTN əməkdaşı məni pilləkənin meydançasına çıxartdı. Orada bir nəfər MTN əməkdaşının qan içində yerdə oturduğunu gördüm. Binadan çölə çıxan zaman mənzilin balkon hissəsindən atəş səslərini və “Allahu Əkbər” sözlərini eşitdim. Atəşdən qorunmaq üçün MTN əməkdaşları məni yaxınlıqda olan “Hunday” markalı avtomaşının arxasına çəkdi. Daha sonra atışma nəticəsində bir nəfər MTN əməkdaşının öldürüldüyünü və bir neçəsinin yaralandığını eşitdim. Bundan sonra həbs edilib, Bakı şəhərinə gətirilmişəm”.

“Gündəlik Teleqraf” qəzeti