"Zövq etalonu" - Koko Şanel

"Zövq etalonu" - Koko Şanel
3325 dəfə oxunub
  • A-
  • A
  • A+
O, XX əsrin “moda ikonu”, bütün dünyanın “zövq etalonu”dur. 88 il ömür sürüb. Onun hazırladığı libasları Avropanın və Amerikanın birinci xanımları geyiniblər. İlk dəfə 1912-ci ildə “Moda evi”ni açıb. Onun məşhur stili on minlərlə qadın üçün eleqant obrazın etalonuna çevrilmişdi... Şöhrət, pul, ad-san – hər şey vardı onda. Ancaq o nə həyat yoldaşı, nə də ana ola bildi.

Qabriel Koko Şanel (1883-1971) 1954-cü ildə Paris küçələrindən biri olan Kambonda böyük insan kütləsi ilə əhatə olunmuşdu: o, yeni kolleksiyasını təqdim edirdi. Heyranlıqla baxan yüzlərlə göz mağazaya yönələn nərdivanın ən üst pilləsində dayanmış madmazelə dikilmişdi: sadə şlyapa, dəbdə olmayan kostyum və kobud makiyaj... Şəkillərini çəkən fotoqraflar, nəzakətli iltifatlar... Şanel podiuma baxır və fikirləşir: 40 il əvvəl onu aşağı təbəqədən olduğuna görə xor görürdülər. O, köçəri tacir qızı idi, yetimlər evində qanunsuz doğulmuşdu və monastrda tərbiyə almışdı...

Qorxu

Qabrielin atası tacir Alber Şanel, anası isə atasının məşuqəsi Canna Devol idi. O, həmişə nikahdankənar uşaq olduğuna, anasının acından öldüyünə və monastrda böyüdüyünə görə utanırdı. Şanelin daxilində bütün bunları insanların öyrənməsi və bilməsi ilə bağlı daimi qorxu var idi...

Şanel monastrdan ayrıldıqdan sonra bir müddət restoranlarda və kafelərdə oxuyur. Onun sevimli mahnısı isə “Trokaderdə kokonu kim gördü” idi. Bəlkə də, bu mahnının ona sevdirən həm də atasının onu “koko” (fransızca cücə) deyə çağırması idi. Elə bu səbəbdən Qabriel Şanelə dinləyicilər tərəfindən “Koko” ləqəbi verilir...

Şanel keçmişinə və mənşəyinə nifrət edirdi. O, qayğı və sevgi görmədən keçirdiyi uşaqlığını xatırlamaq belə istəmirdi. Elə buna görə Şanelin sevgililəri heç vaxt kasıb təbəqədən biri olmur.

Onun tanışları arasında çoxlu rəssamlar, musiqiçilər, hətta hersoq və knyazlar olub. Yüksəldiyi mərtəbəyə də məhz onların sayəsində çatdığı iddia edilir. Şanelin həyatda ən böyük qorxusu kiminsə məşuqəsi olmaq olub. Lakin onun qorxduğu başına gəlir: 1905-ci ildə aristokrat Etten Balsanla tanış olan Şanel onun məşuqəsinə çevrilir. Bu tanışlıq Şanelə böyük uğur gətirir. Karyerasına məhz Balsanın şayəsində başlayır. Şaneldə şlyapa tikmək ideyasını da məhz Etyen Balsan yaratmışdı. Şanelin hiylələrindən ehtiyat edən və onu sarayından uzaqlaşdırmaq istəyən Etyen Parisdəki kiçik mənzilini onun ixtiyarına verir ki, şlyapalarını bu mənzildə hazırlayıb satsın və ondan uzaqlaşsın.

Şanel 3 il sonra ingilis əsilzadələrindən olan Artur Keypellə tanış olur və Balsandan tamamilə uzaqlaşır.

Azad olunmuş qadın

Şanel ingilis sevgilisinin pulu ilə Dovilledə ilk mağazasını açır. Yay ərzində fransız əsilzadələr məhz həmin kurort şəhərinə toplaşırdılar.

Arturun Kokonun şöhrətinin yayılmasına elə də az köməyi olmayıb. O, Kokoya gördüyü bütün işlərdə ürək-dirək verir, hər yerdə onun haqqında lazımi sözü işlədir, Şanelə yeni mağazalar açması üçün maddi yardım göstərirdi. O hətta Şanelə dəbdəbəli villa da bağışlayır.

Koko dəb dünyasına çox sürətlə daxil olur. O, qadınlar üçün bir çox yenilik edir: idman üslubunda kostyumlar, çimərlik üçün matroska, düz ətəklər tikir. Şanel sadə, praktik və eleqant geyimlərə üstünlük verirdi.

Karyerasında xırda təsadüflər belə, Şanelin xeyrinə olurdu. Belə ki, tanınmış baronessa Rotşild öz dərzisi, əsrin əvvəlində fransız modasının yeganə “hakim”i Polem Puare ilə dalaşır və bu səbəbdən artıq Şanelin mağazasına baş çəkməyə başlayır. Belə görüşlərin birində Şanel tanınmış xanıma korset olmadan da libasın onu gözəl göstərəcəyini sübut etmək üçün öz paltarını qaldırır və korsetsiz geyimini baronessaya göstərir. Baronessa bundan bərk təəccüblənir. Lakin Şanel öz müştərisini “Korsetsiz siz daha maraqlı olacaqsınız, xanım” deyərək inandırmağa çalışır. Məhz Şanelin ideyası Rotşildin azad – özünü havada hiss edirmiş kimi olmaq arzusunu gerçəkləşdirir. Bu həm də o dövrdə korsetlə gəzən bütün qadınların istəyi idi. Geyimin yeni stili xanımların ürəyincə olur. Şanel öz kolleksiyasında bədənin incə xətlərini üzə çıxaran geyimlərə daha çox üstünlük verirdi.

Baronessa Rotşild öz adlı-sanlı rəfiqələrini də Şanellə tanış etmək qərarına gəlir. Düzdür, başlanğıcda Şanelin istifadə etdiyi parçalar yüksək zümrənin xanımlarını utandırırdı: trikotin, flanel. Lakin bu parçalardan tikilmiş düz ətəklər rahat və cəlbedici idi.

Şanel matəmdə

Qabriel 1919-cu ildə Milad ərəfəsində gecəyarısı gözlənilməz xəbər alır:

“Artur Keypell avtomobil qəzasında həlak olub”. Qabriel soyuqqanlı şəkildə əynini geyinir, avtomobilinə əyləşir və sevgilisi ilə vidalaşmaq üçün 19 saat yol gedir.

Lakin o, Arturun dəfninə gecikir. Eyni zamanda, Qabriel Şanel Arturun rəsmi nikahda olduğu xanımı ilə rastlaşmamaq üçün qəbiristana – onun məzarını ziyarətə getmir. O, Keypellin ona bağışladığı villasına yollanır, otağının pəncərələrini qara pərdə ilə örtür və bir gün o otaqdan çölə çıxmır...

“Mənim həyatım dağıldı. Sevdiyim insan dünyasını dəyişdi. Artur yeganə adam idi ki, mən onun digərləri kimi varlı bir qadınla evlənməsini ona bağışladım. Lakin əmin idim ki, vaxt gələcək yüksək çinli aristokratların hamısı qarşımda diz çökəcəklər” – Koko Şanel xatirələrində yazır.

Lakin Arturun ölümü də Şanelə dəb dünyasında yenilik yaratmağa səbəb verir. Belə ki, o moda aləmində qara rəngi dəbə gətirir. Deyilənə görə, Şanel bunu bilərəkdən etmişdi ki, bütün fransız qadınları qara parçadan hazırlanmış libasları geyinməklə onun həlak olan sevgilisinə yas saxlasınlar. Çünki Şanel özü bunu edə bilmirdi. Arturla evli olmadığına görə, qanunla onun yas saxlamaq hüququ yox idi.

Hersoqlar diz üstə

Şanel çoxdankı arzusuna fransız cəmiyyətinin elitasının da toplaşdığı Paris balında çatır. Hər kəsə gülümsəyərək baş əyən Şanelin əli qəfildən mirvari boyunbağısına ilişir və mirvarilər yerə tökülür. Bu zaman hər biri ayrılıqda taxt-taca namizədlik irəli sürmək kimi bir hüquqa malik olan hersoqlar diz üstə çökərək Qabrielin mirvarilərini axtarmağa başlayırlar. Qabriel bütün mirvarilərini ovcuna yığdıqdan sonra özününkündən əlavə əlində 12 əsl mirvarinin olduğunu görür. Məhz aristokratlar bu məşhur moda bilicisini razı salmaqdan ötrü mirvarilərin hamısını tapmayacaqlarından ehtiyat edərək öz qalstuklarındakı sancağın həqiqi mirvarilərini açıb onun mirvariləri ilə birlikdə Şanelə vermişdilər.

...Şanelin kolleksiyası arasında rus izinin görünməsinin də maraqlı tarixçəsi var. Belə ki, çar II Nikolayın əmisi oğlu, knyaz Dmitri Pavloviç Rasputinin ölümündə iştirak etdiyinə görə sürgün olunduğu Fransada dəb dünyasının məşhur simasına çevrilmiş Qabriellə tanış olur. Bu tanışlıq hətta onlar arasında sevgi münasibətlərinin də yaranmasına gətirib çıxarır. Həmin dövrdə fransız mətbuatında “Rusiyanın qürurlu aristokratı Şanelin arxasınca qaçır” başlığı ilə yazılara tez-tez rast gəlmək olurdu.

Rus sevgilisinin Şanelin kolleksiyasına da təsiri az olmur. Belə ki, o, artıq ənənəvi rus köynəkləri, boyarlar üçün xəz paltolar, zərli, künbəzşəkilli baş geyimləri hazırlayır.

Şanel məhz Dmitrinin köməyi ilə məşhur “Chanel №5” ətrini buraxır. Şaneldə qeyri-adi ətir hazırlamaq ideyası yarananda rus sevgilisi onu məşhur kimyaçı-ətriyyatçı Ernest Bo ilə tanış edir. Bir neçə ay sonra Şanel öz ətrinin bir neçə variantını hazırlayır və yalnız beşinci flakondakı qoxunu bəyənir. Beləliklə də, Qabriel “Chanel №5” ətrini yaradır. Tərkibində 80 inqridient olan bu ətri Şanel “Qadın qoxusu verən qadın ətri” adlandırırdı.

Jaklin Kennedi, Merilin Monro kimi tanınmışlar “Chanel №5”in məşhur alıcıları olublar. Bu ətir elə bir rezonans doğurmuşdu ki, bir neçə gün içində milyonlarla flakon satılmışdı. Bu ətir Şanelə 15 milyon dollardan çox gəlir gətirmişdi. Bu vaxt Dmitri Romanov Şanelə evlilik təklifi edir. Lakin dəb aləminin ulduzu ya moda, ya da ailə seçimi qarşısında qalır və o, modanı seçir. Bir faktı qeyd edək ki, Şanel məşhur ətrinin əldə olunmasına və tanınmasına görə Dmitrinin qarşısında borclu qalmır. O, sevgilisinə İsveçrə bankında hesab açır və bu ətrin satışından əldə olunan gəlirin müəyyən məbləğini onun adına yaradılmış hesaba köçürür...

Şanel 1928-ci ildə Parisin mərkəzində “Şanel evi” adlı möhtəşəm moda evinin açılışını edir.

Şöhrətini əlindən alan müharibələr

Hər nə qədər sevgililəri sayəsində karyerasında addım-addım irəliləsə də, başlayan müharibələr Şanelin yaradıcılığına təsirsiz ötüşmür. Onun şöhrətinə zərbə vuran hadisələrdən biri də Birinci Dünya müharibəsi olur. O, Parisdəki evində artıq ordu üçün çalışır, cəbhəyə əlcəklər, yun şal, cannəvəzlər göndərir. Şanel hətta geyimlərlə təmin etmək üçün onun payına düşən bölüyün əsgərlərinin ailələrinə də yardım edir, onlara paltarlar göndərir. O, müharibəqabağı sonuncu kolleksiyasını qırmızı-ağ-mavi qammalı vətənpərvər mövzulu geyimlərdən hazırlamışdı. Müharibənin başlanması Qabrielin ürəyincə deyildi. O, hər dəfə deyirdi ki, “Bu müharibə elə bil, mənim məşhur olmağıma maneə yaratmaq üçün qəsdən törədilib”.

İkinci Dünya müharibəsi isə Şanelə daha böyük zərbəni vurur. Şanel müharibə zamanı 47 yaşlı alman diplomat Hanson fon Dinklaqeyə vurulur. Lakin fransızlar onun düşmən tərəfdən olan biri ilə münasibətini qəbul etmirlər və Paris azad olunduqdan sonra Qabrieli işğalçı ilə münasibətinə görə həbsə salırlar. Elə həmin günün axşamı həbsdən azad edilən Şanelin Fransadan sürgün olunmağını tələb edirlər. Deyilənə görə, Şanelin həbsdən belə tez buraxılmasında U.Çörçillin böyük rolu olub. Belə ki, Şanel ingilis hersoqu ilə bərabər olarkən Çörçillin evinə tez-tez gedib-gələrmiş.

Şanel “günahını yumaq üçün” hər cür yola əl atır. Faşist kəşfiyyatının rəhbəri Şellenberqin özü ilə şəxsən danışaraq müharibəyə son qoymaq qərarına gəlir. Ağır 1943-cü il başa çatırdı. Şanel Berlinə yola düşən avtomobilin pəncərəsindən çölə baxır. Qəflətən bombardman başlayır və Şanel bu alovun içindən güclə çıxır. Şellenberq Qabrieli böyük məmnuniyyətlə qəbul edir. Kəşfiyyat rəhbərini Şanelin eleqant və cəzbedici görünüşü cəlb etmişdi. Moda bilicisi özü də başa düşürdü ki, donuq baxışlı, gözəl üzlü və tərbiyəli bu gənc alman onun qadın zərifliyindən çox təsirlənib. Şanelin fikrincə, bu elə bəs edirdi ki, Şellenberq onun məsləhətlərinə qulaq assın və birtərəfli sülh müqaviləsini imzalasın. Görüşün nə ilə qurtardığını isə yalnız Şanel və Şellenberq özü bildi. Şellenberq həbsxanaya salınarkən belə, orada o, Şaneldən bayram təbrikləri yazılmış məktublar alırdı.

Lakin Şanelin bütün bu cəhdləri heç bir nəticə vermir. Sürgün tələbindən sonra o, moda dünyasını və Parisi tərk edərək İsveçrəyə gedir. Koko 1953-cü ilədək İsveçrədə yaşayır. Artıq vətəni Fransada Şanelin şan-şöhrəti yerlə-yeksan olmuşdu.

Bundan başqa, 1940-cı illərdən sonra Kristian Dior adlı modelyerin moda aləminə gəlməsi Şanelin şöhrətinə daha bir zərbə oldu. Moda dünyası da bu zərbədən öz nəsibini aldı. Belə ki, yenidən sıxıcı, maraqsız geyimlər dəbə düşməyə başladı. Şanelin klassik sadə üslubu – qara libaslar, kostyumlar, hamar lifli parçalar, düz ətəklər, deyəsən, artıq tarixə qovuşmuşdu.

Şanel dəb dünyasına atılan həmkarlarını “plebeylər” (qullar – A.N.) adlandırırdı. 

Ancaq o, “plebeylər”dən öz qisasını ala bilir. Uğur bu dəfə Nyu-Yorkdan gəldi. Amerikalılar onun kolleksiyalarına və ətirlərinə heyran qalmışdılar. Şanelin məşhur müştəriləri meydana çıxmışdı – İnqrid Berqman, Romi Şnayder, Janna Moro. Onun geyimlərini Avropanın və Amerikanın birinci xanımları geyinməyə başladı. Ağ fonda çarpaz formada iki qara “C” hərfi Şanel markasının brend nişanına çevrildi və bu günədək də qüsursuz zövqün etalonu kimi qalır.

Şanel 1953-cü ildən sonra Parisə qayıdır. Lakin onun Parisdəki yeni kolleksiyası gözlənilən əks-sədanı doğurmur. Şanelin əvvəlki imicini qaytarması üçün ona düz bir il vaxt lazım olur...

Şanel 88 yaşında Parisdəki evində tənhalıq içində dünyadan köçür. O, dünyasını dəyişərkən yanında yalnız qulluqçusu olur. Vəsiyyətinə əsasən Şaneli vətəni Fransada yox, İsveçrədə dəfn edirlər.

Nuranə ABBASOVA