Bu nə virusdur? - Nazirlikdən əhaliyə xəbərdarlıq

Bu nə virusdur? - Nazirlikdən əhaliyə xəbərdarlıq
6086 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhiyyə Nazirliyi Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Axşam.az nazirliyin saytına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb.

Belə ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.

Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir: Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq; Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra; Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək; Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.