Nazir Nəsimi ilə bağlı konfransa gələn qonaqlarla görüşdü – Fotolar

Nazir Nəsimi ilə bağlı konfransa gələn qonaqlarla görüşdü – Fotolar
288 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 2-də Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.

Axşam.az xəbər verir ki, nazir qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.

Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir. Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, bu təşəbbüsün artıq qlobal platformaya çevrildiyini vurğulayıb.

Sovet dönəmində mədəniyyət siyasətinin xüsusiyyətlərinə toxunan nazir müasir dövrdə oxşar çətinliklərlə üzləşən post-sovet ölkələrinin qloballaşmanın diktə etdiyi rəqəmsal transformasiyaya uyğunlaşmalı olduğunu və kreativ sənayelərə daha çox diqqət ayırmaqla yeni konseptual yanaşmaların tətbiqinə ehtiyac yarandığını bildirib. O, ölkəmizdə bu istiqamətə həyata keçirilən layihələr haqqında məlumat verib.

Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.

Sonda Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev qonaqlar adından səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.