Bu gün IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Ümumi sahəsi 1,4 hektar olan həyət Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, 3A, 5/13, 5B, 5V, 5A/15 və Süleyman Sani Axundov küçəsi 15/1 ünvanlarında 2650 nəfər sakinin yaşadığı beşmərtəbəli yeddi binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt Bakıda həyətlərin ekoloji cəhətdən təmiz saxlanılması və abadlaşdırılması, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol və basketbol meydançaları, müxtəlif idman qurğuları və uşaqlar üçün 3 oyun meydançası salınıb.

 
 
 
 
 
 


                 

Digər