Prezident və xanımı açılış mərasimində - Fotolar

Prezident və xanımı açılış mərasimində -  Fotolar
3884 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.

Axşam.az xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbir olub. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər.

Gecədə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətiriblər. Daha sonra bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başlayıb.

İlham Əliyev, Mehriban Əliyeva idmançıları salamlayıblar. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib.