Afaq polkovnik ərinə xəyanət edib? - “Xəcalət çəkirəm”

Afaq polkovnik ərinə xəyanət edib? - “Xəcalət çəkirəm”
20999 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur modelyer, “A Glamour” moda evinin rəhbəri Afaq İsmayılzadənin dünən polkovnik həyat yoldaşı tərəfindən şiddətə məruz qalması və boşanması barədə Axşam.az saytının yaydığı xəbərə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlama verərək ittihamlara aydınlıq gətirib. A. İsmayılzadə, əvvəlcə keçmiş moda evinin qarşısında baş verən davadan söz açıb:

“Heç bilmirdim ki, bu qədər məşhuram. İnsanlar maraqlanırlar! Dünəndən xəbərləri göndərirlər. Biz bir il əvvəl ayrılmışıq. Hər bir ailədə yaşanan problemlər bizdə də olub. Lakin sonda belə qərara gəldik ki, ayrılaq. Yazıldığı kimi heç bir şiddətə məruz qalmamışam. Bunların hamısı şayiədir. Köhnə moda evimin qarşısında mənə xəsarət yetirilməyib. Həyat yoldaşımın obyektimin mühafizəçisi ilə problem olub. Yoldan keçən tanımadığım bir şəxs onlar arasında yaranan narazılığa müdaxilə edib və böyük söz-söhbət yaranıb. Həmin şəxs 102-yə zəng vurub. Dava kameralarda da əks olunub. Yəni həmin hadisənin mənimlə bağlılığı yoxdur”.

Bundan əlavə, modelyer açıqlamasında həyat yoldaşından ayrılıq səbəbinə də toxunub:

 “Üç övladım var. Heç bir xanım günü yaxşıdırsa, hər şey qaydasındadırsa, həyat yoldaşından ayrılmaz. Bu yaşda belə addım atmışamsa, deməli, səbəbləri var. Ayrılığın konkret səbəbini demirəm. Çünki bu, yoldaşımla aramda olan məsələdir. Bu işə 15 il əvvəl başlamışam. Həmin dövrdə eyni problemləri yaşamışdıq. Həyat yoldaşım onu bağışlamağım üçün işimdə mənə dəstək oldu. Bu işi mənə o, qurub, buna etirazım yoxdur. Övladlarımız var. Onun ailəsi və özüylə təmasdayam. Qızım xaricdə təhsil alır və ona aid olan atalıq borcunu özü yerinə yetirir. 23 il müddətində belə hallar çox olub.  Fasilələrlə ayrı yaşamışıq. Amma bu barədə danışmaq istəməmişəm. Sonunda isə belə bir qərara gəldik. Amma bilmək olmaz, bəlkə, yenidən barışdıq və bir evdə yaşadıq”.
 
Afaq İsmayılzadə ötən ilin oktyabrında boşandığını söyləyib:

“Rəsmi qaydada ötən il oktyabrın 1-də boşanmışıq. Onun tərəfindən bir neçə dəfə proses uzadılıb. Çünki qarşı tərəf ayrılmağımızı istəmirdi. Bəlkə də, bu gün ayrılmağımızı qəbul etmir.  Həyat yoldaşım hər zaman qısqanc insan olub. Onun xasiyyəti belədir, biz onu elə qəbul etmişdik. Onun istədiyi kimi addım atırdıq. Hər zaman sözünü eşidirdim və əsəbiləşdirəcək bir şey etmirdim. Təbii ki, hər kəsin xanımı gözəl və iş fəaliyyətində olsa, yəqin ki, yoldaşları onu qısqanar. Ətrafımda yalnız onun inandığı, güvəndiyi insanlar olub. Amma istəmirəm ki, ağlasığmayan şayiələr yayılsın. Buna heç vaxt icazə verməmişəm, verməyəcəm də. Ailəm mənə aiddir. Hansısa bir şayiələrin ucbatından istəmirəm ki, ailəmdə problemlər yaransın.
İllər əvvəl avtomobillə insan vurmuşdum. Saytlar nələr yazdı! Halbuki həmin şəxs xəsarət almamışdı, ona lazım olan bütün diqqəti göstərmişdim. Lakin media yanlış yaymışdı, hətta səhv başqa maşın şəkli paylaşmışdılar. İndi də vəziyyət belədir. Dərc edilən məlumatların 99 faizi yalan, 1 faizi doğrudur. Sadəcə bir həqiqət var ki, boşanmışıq”.

O, uşaqlarının ayrılıq dönəmində stress yaşadığını qeyd edib:

“Uşaqlar bu söhbətdə çox stress keçirdilər. Ataları onların gözündə idealdır. İndi də övladlarımla münasibətləri çox yaxşıdır. Demək olar ki, hər gün danışırlar. Uşaqlar məndə qalır. Amma oğlum həm atasının, həm də mənim yanımda olur. Bizim problemlər uşaqlara təsir etməməlidir”.

A.İsmayılzadə həyat yoldaşı tərəfindən evinin, maşının, geyim və zinət əşyalarının əlindən alınması barədə yayılan məlumatlara da münasibət bildirib:

“Adam vurmuşdum, ona görə sükan arxasında əyləşmirəm. İndi sürücü var, məni istədiyim yerə aparır. Övladlarımla yoldaşımın aldığı, təmir etdirdiyi evdə yaşayıram. Zinət əşyalarım və paltarlarım yerindədir”.

Modelyer alfons gənclə həyat yoldaşına xəyanət etməsi iddialarına reaksiya verib:

“Bu suala belə cavab verəcəm ki, həqiqətən də xəcalət çəkirəm. Bunu deyən insanların özü, təbiəti və daxili o qədər çirkli olmalıdır ki, kiminsə haqqında belə sözlər desin. Məni tanıyan insanlar bilir. Siz özünüz belə mənə bu sualı verərkən xəcalət çəkdiniz”.

Sonda o, məlumatı bir il sonra ortaya atanlara səslənib:

“Bu qədər şişirdilməyin, şayiələrin yayılmasının mənası yoxdur. Hər kəs bilir ki, biz necə insanıq. Sözün açığı vaxtım yoxdur ki, bu məsələrlə maraqlanım.  Bilirsiz ki, səhhətimdə problemlər var, onunla məşğul oluram. Həmçinin öz işimi böyütmüşəm, başım ora qarışıqdır. Mən belə deyərdim ki, məlumat mənim fanatım olan xanımların təsirindən yayıla bilər. Çünki dəfələrlə mənim yoldaşımla əlaqədə olan, həyatımı yaşamaq istəyən xanımlar olub.  Ancaq alınmayıb. Bəlkə də, onlar belə şayiə yayırlar. Düşünmürəm ki, düşmənim var. Çünki mən qadınlara ancaq gözəllik və xoşbəxtlik bəxş edirəm”.