Novxanıda cənnət kimi ev - Karolun bağı+Fotolar

Novxanıda cənnət kimi ev - Karolun bağı+Fotolar
17507 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəşad Məcid "Karolun bağına gəl, səni gözləyirik" deyəndə, çox sorğu-sual etmədən yola çıxmışdım. Fikirləşmişdim ki, hər halda "Karolun bağı" restoran adıdır, Novxanı dairəsinə gedib, sağa dönən kimi tapa biləcəm.

Sahilə qədər gəldim, sağa-sola baxdım, gözümə otellərdən və çimərlikdən başqa nəsə dəymədi. Hardan biləydim ki, dənizin qucağında belə yaşıl cənnət gizlənib?! Gözümüz o qədər sementə, betona, mərmər döşəmələrə, süni ot örtüklərinə alışıb ki, Bakıda bu cür yerlərin ola biləcəyinə bir növ yadırğamışıq. Deməli, bütün hallarda önyarğılı davranmaq lazım deyilmiş. Əsrarəngiz bağın girişi yolun kənarından başlayır. Ağacların arası ilə sağa, üzü qapıya doğru addımlayırsan. Bir də baxırsan, bənövşə, alisiya, nilufər, yasəmən, lilya, zanbaq, jasmin, qızılgül, tülpan, günəbaxan və adını yaddaşımda saxlamağa çətinlik çəkdiyim onlarla ekzotik çiçəklərin arasındasan. Hər tərəf yaşıllıqdır. Sevinc içərisində balaca uşaq kimi gah o ağacın üstünə qaçırsan, gah bu çiçəyin ləçəyinə əyilirsən, bir tərəfdə gülü sığallayırsan, o biri yanda ilk dəfə gördüyün Amerika pamlemosunu, Çinin kinkanını, evrika limonunu maraqla seyr edirsən.

Bura əslən Masallıdan olan Rauf Rəhimovun ya da ləqəbi ilə desək, Karolun Novxanı sahilində yerləşən bağıdır. İxtisasca əczaçıdır və biri biologiya olmaqla iki təhsil alıb. Özünün dediyinə görə, şəxsi aptekində 30 il əczaçılıqla məşğul olub. Bitkilərdən müxtəlif dərmanlar hazırlayıb: "Dərman hazırlamağın şərtləri çox ağırdır. Onun xüsusi vaxtlarda yığırsan - bəzisi səhər, bəzisi günorta, bir çoxu da axşam yığılır. Təbii ki, burada hava şəraitinin necə olmağı da şərtdir. Xüsusi saxlama qutularında quruduram. Bir dərman əldə eləmək böyük əziyyətə və məbləğə başa gəlir. Ona görə də məcbursan ki, baha qiymətə satasan. Amma həmin qiymətə onu kimdir alan? Sərfəli olmur deyə, dərman hazırlayanda daha çox tozlardan, süni məhlullardan istifadə edirlər".

 

Karol deyir ki, 28 ildir bu bağı qurub yaratmaqla məşğuldur və bu hələ də davam edir: "Buranı 1990-cı ildə gördüm. Gördüyünüz bu ərazi zibilxana idi. Yanından keçmək mümkün deyildi. Adamın nəfəsi kəsilirdi. Hətta o vaxtkı bələdiyyə sədri buradan keçəndə hirslənirdi. Çünki buranı yığıb-yığışdırmaq olmurdu. Dövlət rüsumunu ödəyib bu ərazini aldım. Sonra başladım əkib becərməyə. Bundan əvvəl Masallıda belə bağ salmışdım. O vaxt hamı mənə deyirdi ki, elə səfalı yerdə belə gözəllik yaratmağa nə var ki?! Rayonun təmiz havası, münbit şəraiti, əlverişli imkanları var. Bu mənə toxundu. Gəldim Abşeronun bağrında ondan daha da gözəlini yaratdım. Mən mümkün olmayanı mümkün eləmişəm. Bir gün bələdiyyə sədri buradan keçəndə gördüyü mənzərədən donub qalmışdı. O dönəmlərdə quşlar burada köç edirdi. Bir də görürdün ki, nə qədər quş uçub gəlir".

Bağın ərsəyə gəlməyinin ən başlıca səbəbi daşa dəyən məhəbbət olub: "Çox sevdiyim bir qız var idi. Həmişə istəyirdim ki, ona qeyri-adi güllər verim. Ancaq həmin dönəmlərdə bu cür gülləri tapmaq asan deyildi. Buna görə də qərara gəldim ki, həmin qız üçün özüm öz əllərimlə gül əkim ki, zəhmətimlə, alın tərimlə hazırlanan gül-çiçək olsun. Bax, gördüyünüz güllü-çiçəkli, qeyri-adi bağımın tarixçəsi belə başlayıb. Əczaçıydım, sevdiyim qız məni gülçü elədi. Bilirsiniz, adam aşiq olanda yarından ötrü canından da keçməyə hazır olur. Fərhad Şirindən ötrü o boyda Bisütun dağını yardı, mən də bu bağı becərdim. Fərhadın çiyninə böyük yük düşmüşdü, mənimki ona baxanda asandır, gül əkib-becərirəm.

Güllərdə heç kimin becərmədiyi, görmədiyi, hətta xəyalına gətirmədiyi rəng almaq istəyirdim. Buna isə əməlli-başlı zaman lazım olurdu. Bir qızılgülün rəngini dəyişmək üçün 7 il vaxt lazımdır ki, sən bu vaxt ərzində yeni bir gül alasan... Mən bu bağı hazırlayıb qurtaranda həmin qız artıq mənim yarım deyildi. Onu başqasına ərə verdilər. Bu hadisə ürəyimə çox toxundu.

Yarım var idi, gülüm yox,
Gül bəslədim, yarım yox.

Sonra bunu qəbul etdim ki, mənim yarım ancaq bağımda əkdiyim əsrarəngiz güllər ola bilər. Mən o xanımdan otrü bu cənnəti qazanmışam. İndi artıq yaradanla bitkinin arasında vasitəçiyəm. Doğrudur, güllərin də ömrü az olur. Ancaq nəticədə 5 gün yaşasa da, gül kimi yaşayır. İnsan öləndə onu dəfn etdikdən sonra oğul, qız, digər doğmaları hamısı qayıdıb evə gəlir. Qəbir üstə kim qalır? Güllər, çiçəklər qalır. Bu baxımdan güllər insanlardan sədaqətlidir".

 

Karol deyir ki, cənnətdən fərqlənməyən bu bağın elə cənnət kimi də qonaqları olub. Ramiz Rövşən, Musa Yaqub kimi... Onlar arasında xaricdən gələn tanınmış şəxslər də az olmayıb: "Mənim üçün fərqi yoxdur, bu adam generaldır və ya sıravi vətəndaş. Əgər gülü-çiçəyi sevirlərsə, mənə görə xüsusi adamlardır. Amerikanın Azərbaycandakı səfiri, Oksford Unversitetinin direktoru Flipp burada olublar. Direktor bu bağa gələndə mən onu tanımırdım. Bağ onu özünə yaman çəkmişdi, heç cür təsəvvür edə bilmirdi ki, belə bir cənnəti necə yaratmışam. Hansısa amerikalıya, ya ingilisə mən heç cür başa sala bilməzdim ki, bura mənim ürəyimdəki sevginin cənnətidir.

Bu bağla bağlı o qədər insanları tanımışam - akademiklər, professorlar, şairlər, yazıçılar. Hətta heç unutmuram, Flippə sual verdilər ki, bağa nə qiymət verirsən? Dedi, mən şokdayam, bu insan landşaft ilə arxitekturanı o qədər gözəlləşdirib ki, bağın hansı guşəsinə qədəm basırsansa, həmin guşə səni düşünməyə vadar edir. Sonra özünə gəlib, daha aydın münasibət bildirəcəyini demişdi. Sonra bildirmişdi ki, bu cür gözəlliyi yaratmağın üç əsas şərti var: hövsələ, bilik, məhəbbət. Flipp doğru deyirdi".

Rauf Rəhimov tikdiyi evin içi-çölü mərcanlardan ibarətdir. Dediyinə görə, noyabr ayında Dənizin sahilində dayanır, dalğa mərcanları vurub qumsala atanda onu toplayır. Bütün mərcanları bu cür yığıb gətirdiyini deyir. Gördüyü bütün işlərin sevgidən yarandığını, bunu dillə deyil, əməllə göstərməyin lazım olduğunu söyləyir.

Karolun dediyində böyük həqiqət var - sevgini dillə deyil, əməllə göstərmək lazımdır.

Türkan Turan,
"525-ci qəzet"