"Həkimlər səbəb kimi köhnə avtomobilləri göstərir" 

17 illik terapevt-pulmonoloq (Ağ ciyər və nəfəs yolları) təcrübəsi olan Coşqun Məmmədli Axşam.az-a müsahibə verib. Həkim müsahibəsində bildirib ki, köhnəlmiş avtomobillər insanların səhhəti üçün kifayət qədər təhlükəlidir. 
 
- Coşqun həkim, özünüzlə bağlı oxucularımıza qısa məlumat verərdiniz...

- 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin (ATU) Müalicə və Profilaktika fakültəsini bitirmişəm. 19 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Nə üçün bu ixtisas sahəsində fəaliyyət göstərirsiniz? Bu sahəni maraqlı edən nədir?

- "Həyat nəfəslə başlayır" deyə, bir söz var. Bu cəhətdən həyatın keyfiyyətində ağciyərlərin rolu müstəsnadır. Onların işləməsi insanın bütün orqanlarının fəaliyyətinin əsasını təşkil edir. Buna görə də ixtisasımı sevirəm.

- Tütün və tütün tərkibli məhsulların istifadəçiləri ölkəmizdə durmadan artır. Bir çoxu siqareti tərgitmənin mümkün olmadığını və hətta bunun müəyyən fəsadlarının olduğunu söyləyir. Bu haqda nə deyə bilərsiniz?

- Tütün və tütün məhsulları sağlamlığın, ilk növbədə isə ağciyərlərin ən böyük düşmənidir. 1 siqaretin tərkibində 4000 kimyəvi maddə, 1000 zəhər, 10  xərçəng törədən maddə var. Təəssüf ki, ölkəmizdə son zamanlar xüsusi ilə xanımlar və azyaşlılar arasında siqaret istifadəsi artıb. Gündə 1 qutu siqaret çəkən insanın ağciyər xərçənginə tutulma ehtimalı çəkməyənlərə nisbətdə 20 dəfə artıqdır. Bu məlumat  siqaretin təhlükəliliyi haqda yetərlidir. Məncə, uzun müddət siqaret  çəkənin birdən-birə tərgitməsində yan təsirlər vardır. Amma mərhələli tərgitmək mümkündür. Heç şübhəsiz insan iradəsi burada müstəsna rola malikdir.

- Son zamanlar veypinq və elektron siqaret  kimi alternativ vərdişlər populyarlaşmaqdadır. Bu vərdişlərin sağlamlığa təsiri barədə nə  deyə bilərsiniz?

- Elektron siqaretlər tütün məhsullarının 6 formasından biridir. Burada doza məsələsi çox vacibdir. Normal siqaretlərdə 1-4 mq tütün olursa, elektron siqaretlərdə 12 mq-a qədər tütün ola bilir. Elektron siqaretlərdə dadlandırıcı maddələrin istifadəsi də mümkündür. Elektron siqaretlər tütünə bağlılığı azaltmaq yəni, siqareti tərgitmək üçün istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin insanların bu vərdişdən uzaqlaşmaqda faydalı olduğunu deyir. Lakin nikotinin zərərlərində heç bir azalma olmadığını və əksinə, siqaret qədər, yüksək dozalarda isə ondan daha çox zərər vurduğunu deyir.  Başqa bir məlumatda isə tərkibndəki qliserin və ağır metal duzları insan səhhəti üçün çox ziyanlı təsirlər yaradır. Bu səbəbdən ÜST elektron siqaretlərin siqareti tərgitmək üçün bir vasitə olaraq təbliğat və təşviqatı barədə qadağalar müəyyən edib. Siqareti tərgitmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən metodlardan istifadə edilməlidir.

- Son zamanlar xəstələriniz arasından hansı növ ağ ciyər və nəfəs yolları xəstəliklərinin artımını müşahidə edirsiniz və səbəbləri nələrdir?

-  Hava kirliliyi ilə bağlı olaraq bronxial astma və xroniki bronxitli xəstələrin artması müşahidə edilir. Buna səbəb tikinti sahələrinin, qapalı məkanlarda tütün dumanın, mövsümi bitki tozları miqdarının və xüsusilə də avtomobillərdən çıxan qazların artımıdır.

- Avtomobilin zərərli olduğunu xüsusi qeyd edirsiniz. Axı müasir həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Fikrinizcə, avtomobil sağlamlığa nə qədər zərər vurur?

- Bu faktorların içərisində avtomobillərin, xüsusilə köhnəlmiş avtomobillərin rolu müstəsna dərəcədə çoxdur. Əvvəlcə nəzərə almalısınız ki, köhnəlmiş avtomobillərin sayı çoxdur, hər gün daha da çoxalır və onlar davamlı fəaliyyət göstərirlər. Mətbuatdan oxuduğuma görə, Azərbaycanda avtomobil sayı 1 milyondan artıqdır və onların yarısından çoxunun yaşı 20 ildən artıqdır. Təsəvvür edin ki, keçən əsrin 60-ci illərinin texnologiyası ilə istehsal olunmuş 100 minlərlə avtomobil hələ də ölkəmizdə sürülməkdədir. Çox təəssüf ki, ölkə avtoparkının əksər hissəsi Bakı şəhərində toplanıb. Bu isə paytaxtda olan hava kirliliyinin səviyyəsi barədə təssəvvürün yaranması üçün kifayətdir. Köhnəlmiş avtomobillərin fəaliyyəti  havanın çirklənməsinə və bronxial xəstəlikərin artmasına gətirib çıxarır. Çirklənmiş hava bronxların qıcıqlanmasını artırır, ağ ciyərlərin elastikliyini (tam açılmasını) azaldır və zərərli maddələr ağ ciyərlərdə toplanaraq çöküntü əmələ gətirirlər. Bunun nəticəsi olaraq insanlarda davamlı öskürək və boğulmalar (tənginəfəslik) müşahidə olunur. Deyilənlər daha sonra isə ürək çatışmamazlığına gətirib çıxarır.

Havada avtomobil qazlarının artması xroniki qan azlığının yaranmasının başlıca səbəblərindəndir. Köhnəlmiş avtomobillər insanların səhhəti üçün kifayət qədər təhlükəlidir. Heç təsadüfi deyil ki, London, Ştutqart, Paris, Barselona və Münxen kimi əksər Avropa meqapolislərində yeni ekoloji normalara cavab verməyən avtomobillərin şəhər mərkəzlərinə girişi məhdudlaşdırılmışdır. Ümumiyyətlə isə Avropa ölkələri yeni normalara cavab verməyən köhnə avtomobilləri planlı şəkildə sıxışdırıb çıxarırlar.

- Sağlamlıq üçün profilaktik tədbirlər çox vacibdir. Ağ ciyər xəstəliklərinin profilaktikası üçün oxucularımıza hansı tədbirləri görməyi məsləhət görürsünüz?

- Bu fərdi profilaktika ilə tam həll ediləcək mövzu deyil. Bu mövzuda əlaqəli qurumlar və vətəndaşların birgə həssas yanaşması çox vacibdir. Aidiyyəti qurumlar aparılan tikintilərin hava kirliliyini artırmaması üçün tədbirləri gücləndirməlidirlər. Hava kirliliyinin əsas səbəbkarı olan köhnə avtomobillərlə bağlı isə kompleks tədbirlərə ehtiyac var. Bu avtomobillərin ölkəyə gəlməsinin və istismarının qarşısı alınmalıdır. Ölkədəki köhnə avtoparkın yenisi ilə əvəz olunması üçün tədbirlər görülməlidir. Fərdi qaydada isə insanlar açıq havada daha çox vaxt keçirməlidirlər və unutmamalıdırlar ki, həyat nəfəslə başlayır.



                 

Digər