Akademik Musiqili Teatr Gürcüstanda mükafat alıb

Akademik Musiqili Teatr Gürcüstanda mükafat alıb
3017 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görülüb.

Axşam.az xəbər verir ki, Mayın 1-dən 4-ə qədər Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində məşhur gürcü bəstəkarının xatirəsinə həsr edilən vokalçıların “Vaja Çaçava adına III Beynəlxalq Müsabiqə”si keçirilib.

Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib və 2-ci yerlə mükafatlandırılıb.

“Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu
ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də çoxmillətli auditoriya tərəfindən yüksək qarşılandı. Nəticə olaraq rusiyalı həmkarımdan sonra 2-ci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi…

Müsabiqədə iştirakım üçün şərait yaradanlara, başda Akademik Musiqili Teatrın
rəhbərliyi olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm” deyə, G.Məmmədova xoş təəssüratlarını paylaşıb.

Qeyd edək ki, Güllübəyim Məmmədova 2011-2015-ci illərdə Bakı Musiqi
Akademiyasında “Vokal” ixtisası üzrə təhsil alıb, 2015-2017-ci illərdə isə həmin təhsil müəssisəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Ötən ilin oktyabr ayından Akademik Musiqili Teatrda xor artisti vəzifəsində çalışan istedadlı vokalçımız teatrın repertuarında olan “Toya bir gün qalmış”, “Bankir adaxlı”, “Baladadaşın toy hamamı”, “O, olmasın, bu olsun”, “Arşın mal alan”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “Silva”, “Nurididə Ceyhun”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda”, “999-cu gecə”, “Bir dəfə Bağdadda” və başqa tamaşalarda uğurla iştirak edib. İndiyə qədər bir çox konsert və dövlət tədbirlərinin iştirakçısı olub.