Ölkə prezidenti cənab İlham Əliyevə məni Xalq artisti fəxri adına layiq gördüyünə görə özüm, ailəm adımdan dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox minnətdaram ki, məni də diqqətdən kənarda qoymadı və bu əziz, əlamətdar günlərdə - Respublika Günü və Ramazan bayramı ərəfəsində məni, ailəmi, sənətimi sevənləri ürəkdən sevindirdi. Çox sağ olsun, Allah dönə-dönə razı olsun.

Axşam.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu tanınmış sənətkar, Xalq artisti Cavan (Cavanşir) Zeynallı bildirib.

"Düzünü desəm, bundan xəbərim olmamışdı, yəni, adımın xalq artistliyinə təqdim olunmasından xəbərim yox idi. Hətta, bu gün zəng edib deyəndə, soruşanda da bundan xəbərim olmadığını bildirdim. Bu, mənim ailəm üçün həm gözlənilməz, həm də sürpriz oldu, ailəmin sevincini ikiqat artırdı. Ailəlikcə həyatımız necə deyərlər, bir daha gözəlləşdi bu xəbərlə"  deyən Xalq artisti təbrik zənglərinin hələ də davam etdiyini bildirib.

"Demək olar ki, günortadan telefonlarımız susmayıb. Hamı təbrik edir, sevinir, mənimlə, ailəmlə birgə sevincini bölüşür. Onlara da təşəkkürümü, minnətdarlığımı bildirirəm. Qeyri-təvazökarlıq kimi səslənməsin, artıq 50 ildən çoxdur  səhnədəyəm, sənətdəyəm. Hər zaman da sənətimlə, yaradıcılığımla xalqıma, dövlətimə, mədəniyyətimizin inkişafına xidmət etməyə, azacıq da olsa töhfə verməyə çalışmışmışam. Gecə-gündüz bilmədən öz işimlə, öz yaradıcılığımla məşğul olmuşam, bu gün də oluram. Hər zaman belə bir dəyişməz şüarım, iş prinsipim olub: inkişaf, inkişaf, inkişaf. Yəni, daha yeni, daha gözəl əsərlər, yaradıcılıq nümunələri ortaya qoymaq lazımdır, durmaq, dayanmaq olmaz.

Daim irəliyə baxmaq lazımdır. Adım Cavandır, bundan sonra bir daha bu adı doğruldacağam, daha çox cavan qalacağam, daha da cavanlaşacağam, sənətə, dövlətimə, xalqıma dayanmadan xidmət edəcəyəm. Son olaraq, bir daha fəxri ada layiq görülməyimlə bağlı dövlətimə, ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlığımı, təşəkkürlərimi ifadə edirəm. Ümumiyyətlə, bu məsələdə əməyi, rolu olan hər bir kəsə, o cümlədən, mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlıq edirəm"deyə, o, vurğulayıb.

 



loading...


                 

Digər